Ölkə

Bakı Şəhər Prokurorluğunun əməkdaşı sahibkara qarşı dələduzluq edib

14-10-2016, 18:33
Ülviyyə Abdalova: «Bizdən ümumilikdə 120 min mənimsənildikdən sonra Samir Nəsirov başımıza oyun açıb» Onunla əlbir olanlar arasında hüquq-mühafizə orqanlarının yetkili şəxsləri, iş adamları, biznesmenlər, hətta millət vəkillərindən birinin də adı çəkilir Bu günlərdə Gündəlik-Bakı-ya şikayət ərizəsilə müraciət edən Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 35, ev 15-də yaşayan Ülviyyə İlyas qızı Abdalova bir qrup şəxs tərəfindən başına açılan olaylardan, onun və həyat yoldaşı Murad Firad oğlu Rəhimovun külli miqdarda vəsaitinin müxtəlif vəzifələrdə çalışan, eyni zamanda biznes fəaliyyətilə məşğul olan şəxslər tərəfindən dəluduzluq yolu ilə mənimsənilməsindən danışıb. Məlumat üçün bildirək ki, 1986-cı il təvəllüdlü Ülviyyə Abdalova valideynlərini 1990-cı il 20 Yanvar hadisələrində itirib. O, 2004-2008-ci illərdə Səbail rayon 20 Yanvar cəmiyyətinin sədri olub. Uzun müddət cəmiyyət vasitəsilə 20 Yanvar əlillərinə, ailə üzvlərini itirmiş insanlara yardım edib. Beləliklə, ixtisasca hüquqşünas olan, bir müddət Bakı Şəhər Prokurorluğunda çalışan, hazırda isə sahibkarlıq fəaliyyətilə məşğul olduğunu qeyd edən Ülviyyə Abdalova Gündəlik-Bakı-ya ünvanladığı müraciətdə deyir ki, son zamanlar bir qrup şəxs tərəfindən ona və ailəsinə hədə-qorxu gəlinir. Şikayətçinin sözlərinə görə, onun və həyat yoldaşının sahib olduğu firma 2006-cı ildən ilk lisenziyalı şirkətlərdən biri olub və sırf havalandırma işi ilə məşğul olurlar. Lakin buna baxmayaraq, bir qrup şəxs tərəfindən ona və həyat yoldaşına qarşı dələduzluq edilir və nəticədə külli miqdarda vəsaitləri mənimsənilir: «Mən və yoldaşım banklardan götürdüyümüz kreditlər və şəxsi vəsaitlərimiz hesabına rəhbərlik etdiyimiz tikinti firmaları tərəfindən obyektlər tikirdik. Məsələn, «Venetsiya» tikinti firması «Venetsiya» çay evini, «Günəş BB» tikinti firması «Delfin» və «Palma» çay evlərini, «Regional inşaat və Kommersiya» tikinti firması «Yaşıl ada» və «Mirvari» çay evlərini, «Regional inşaat və Biznes» tikinti firması isə «Günəş» çay evini tikib. Mən və yoldaşım bu obyektlərin əlimizdən getdiyi barədə şikayət etmişik. Bizdən ümumilikdə 120 min mənimsənildikdən sonra şəhər prokurorluğundan polisə nəzarətin işçisi Samir Nəsirov (Bakı Şəhər Prokurorluğunun idarə prokuroru Samir Nəsirovu nəzərdə tutur-red.) başımıza oyun açıb. Və ərimin 225 min, mənim isə 250 min pulumu mənimsəyir. Bu barədə mən Baş Prokurorluğa şikayət edirəm və məni prokuorluğa çağırırlar». Ülviyyə Abdalova iddia edir ki, Bakı Şəhər Prokurorluğunun idarə prokuroru Samir Nəsirovla əlbir olan bir qrup şəxs onun şikayətinin obyektiv şəkildə araşdırmasına mane olur və sahibkara, eyni zamanda həyat yoldaşına qarşı təzyiq göstərməyə başlayırlar. «Mənə deyirlər ki, əgər sən ondan şikayət etsən, o zaman problemlə üzləşəcəksən» deyən Ülviyyə Abdalova bildirir ki, o, Rəşad adlı keçmiş sürücüsü tərəfindən döyüldükdən, qolu sındırıldıqdan sonra məcbur edilir ki, Samir Nəsirovdan şikayətinin olmamasına dair prokurorluq orqanlarında çalışan məsul şəxslərdən birinin ünvanına teleqram göndərsin. Şikayətçi iddia edir ki, o, həmin teleqramın surətini whatsapp vasitəsilə Samir Nəsirovla əlbir olan şəxslərə göndərib. Beləliklə, Ülviyyə Abdalovanın Gündəlik-Bakı-ya ünvanladığı müraciətində qeyd olunur ki, Bakı Şəhər Prokurorluğunun idarə prokuroru Samir Nəsirovla əlbir olanlar ölkədə sözü keçən adamlardır. Şikayətçi iddia edir ki, məhz onların vasitəsilə Samir Nəsirov onun həyat yoldaşı Murad Rəhimovu dələduzluq yolu ilə tutdurub: «Hansı ki, onlar özləri aldıqları pulları yoldaşımın üstünə atıblar. Əlimdə bir neçə zəruri sənədlər var, o cümlədən Samir Nəsirovun mənə yazdıqlarını da saxlamışam. Samir Nəsirov hazırda həbsdədir. O mənə və digər şəxslərə qarşı etdiyi dələduzluğa görə həbsdədir». Məhz bu yerdə nəzərinizə çatdırmaq istərdik ki, bu ilin iyul ayının 30-da Baş Prokurorluqda keçirilən geniş əməliyyat müşavirəsi zamanı qeyd olunub ki, xidməti və icra intizamını, eləcə də Baş Prokurorluq üzrə müvafiq əmrlərin tələblərini kobud şəkildə pozduğuna görə Bakı Şəhər Prokurorluğunun idarə prokuroru Samir Nəsirov prokurorluq orqanlarından xaric edilməklə xidməti araşdırma materialları üzrə cinayət işi başlanıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bildirilir ki, bu cinayət işi üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində zəruri istintaq tədbirləri davam etdirilir. Xülasə, başına açılan olaylarla bağlı ölkə başçısına, digər müvafiq qurumlara müraciət edən Ülviyyə Abdalova onlardan üzləşdiyi problemin həllində yardımçı olmalarını xahiş edir: «Çünki bu şəxslər mənin, ailəmin başına olmazın müsibətlər gətirib. Xahişim odur ki, məndən alınan pulların geri qaytarılmasında köməklik göstərilsin. Eyni zamanda, mənə və həyat yoldaşıma qarşı qanunsuz hərəkətlər edən, bizə təzyiq göstərən şəxslər barəsində qanuni tədbir görülməsini xahiş edirəm. Ölkəmiz sahibsiz deyil. Şükür Allaha ki, İlham Əliyev kimi prezidentimiz, Mehriban Əliyeva kimi ölkənin birinci xanımı var. Ümid edirəm ki, onların yardımları ilə üzləşdiyim problemlər öz həllini tapacaq». Nəzərinizə çatdıraq ki, Ülviyyə Abdalova Gündəlik-Bakı-ya ünvanladığı müraciətində Bakı Şəhər Prokurorluğunun sabiq idarə prokuroru Samir Nəsirovla əlbir olan şəxslər barəsində də kifayət qədər dolğun məlumat verib. Qeyd edək ki, onlar arasında hüquq-mühafizə orqanlarının yetkili şəxsləri, iş adamları, biznesmenlər, hətta millət vəkillərindən birinin də adı çəkilir. Odur ki, növbəti saylarımızda bu barədə geniş informasiya verəcəyik. Bir daha xatırladaq ki, Ülviyyə Abdalovanın bu yaxınlarda əkiz uşaqları dünyaya gəlib. Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. P.S. Növbəti saylarımızda biləcəksiniz, Orxan Babayev, Xanlar Qasımov, Namiq Tumasov, "Dədə Qorqud" firmasının rəhbəri Heydər Əliyev, Namiq Həsənov kimdir.

 

Administratorla əlaqə

077 611-55-22

[email protected]