Ölkə
275 saylı orta məktəbdə «zavoç»-müəllim işbirliyi…
25-06-2016, 19:10
Arzu Əliyeva Rahib Köçərlinin vasitəsilə məktəb direktoru olacaq? Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən Ə.A.Eyvazov adına 275 saylı orta məktəbin fəaliyyəti həm şagirdlər, həm də onların valideynlərinin ciddi narazılığına səbəb olur. Belə ki, sözügedən təhsil müəssisəsinin əsasının 1986-cı ildə qoyulduğunu vurğulayan şikayətçilərin paylaşdığı informasiyada deyilir ki, Elmira Əli qızı İsmayılovanın direktoru olduğu məktəbdə əsas söz sahiblərindən birinə çevrilən şəxslər – direktorun təlim-tərbiyə işləri üzrə müavini («zavoç») Arzu Lətif qızı Əliyeva və cəbr, həndəsə, riyaziyyat, o cümlədən həyati bacarıqlar fənni üzrə müəllim Rahib Süleyman oğlu Köçərli əlbir olub çox ciddi nöqsanlara yol verirlər. Rahib Köçərlinin 1990-ci ildən 2009-cu ilədək Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsindəki 285 saylı orta məktəbin direktoru vəzifəsində çalışdığını qeyd edən şagird və valideynlərin sözlərinə görə, o adıçəkilən təhsil müəssisəsində yaranmış attestat qalmaqalı səbəbindən işdən azad edilib: «Rahib Köçərli 1990-cı ildən 285 saylı orta məktəbin direktoru olub. Yəni həmin məktəbin ilk direktoru məhz o olub. Lakin təxminən, 1995-1996-cı illərdə o, vəzifəsindən kənarlaşdırılıb və sadə müəllim kimi fəaliyyətini davam etdirib. Lakin bir müddət sonra Rahib Köçərli yenidən 285 saylı orta məktəbə rəhbərliyə gətirilib. Ancaq 2009-cu ildə məktəbdə yaranmış attestat qalmaqalı səbəbindən işdən azad edilib. İndi isə o, Yeni Günəşlidə yerləşən digər təhsil müəssisəsində, 275 saylı orta məktəbdə çalışır. Biz valideynlər Rahib Köçərlini çox yaxşı tanıyırıq. Ümumiyyətlə, qəsəbəmizdə demək olar ki, hamı bir-birini tanıyır və əməllərindən məlumatlıdır. Rahib Köçərli uzun müddət Bakı meri Hacıbala Abutalıbovun adından istifadə edərək toxunulmazlığını təmin edib. O, həm 285, həm də 275 saylı orta məktəblərdə demək olar ki, eyni üsullarla fəaliyyətini davam etdirib. Bu adam üçün şəxsi maraqları hər şeydən öndə gəlir». 275 saylı orta məktəbin direktorunun təlim-tərbiyə işləri üzrə müavini ilə bağlı məsələyə gəlincə, şagird və valideynlər iddia edirlər ki, Arzu Əliyeva Rahib Köçərli ilə birləşərək məktəbdə daxili nizam-intizamı dəyişməyə, rəhbərliyi öz əllərinə almağa can atırlar: «Deyilənlərə görə, hazırda onların işi hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. O da bildirilir ki, Rahib Köçərli ilə Arzu Əliyeva arasında əldə olunan razılaşmaya əsasən direktor müavini Rahib Köçərlinin vasitəsilə orta məktəblərdən birinin direktoru olacaq. Yeri gəlmişkən, nəzərinizə çatdıraq ki, Arzu Əliyeva qanunsuz olaraq 11 e sinif rəhbəri vəzifəsini də icra edir. Rəsmi sənəddə isə sinif rəhbəri kimi Ənvər müəllimin adı gedir. O da kartla pulu alıb Arzu müəlliməyə verir. Direktor müavini Arzu Əliyeva hər yerdə deyir ki, təhsil idarəsinin müdiri Məhəbbət Vəliyeva mənim yaxın rəfiqəmdir, vaxtilə ona qarşı haqsızlıq olubmuş, attestasiya işində dolaşıbmış, mənim ona çox köməyim dəyib. O, mənə heç nə deyə bilməz. Deyilənlərə görə. Bu və digər məsələlər bağlı işi Suraxanı Rayon Prokurorluğu nəzarətə götürüb. Məlumata görə, yuxarıda vurğulanan faktları araşdıran prokurorluq əməkdaşları adları çəkilən şəxsləri dindiriblər. Məhz elə bu səbəbdən də həm Rahib Köçərlinin, həm də Arzu Əliyevanın işi xeyli çətinə düşə, hətta onlar məsuliyyətə cəlb oluna bilərlər». Qeyd edək ki, səsləndirilən fikirlərlə bağlı orta məktəbin direktoru Elmira İsmayılovaya suallarımızı ünvanlasaq da, o, bu gün son zəng olduğundan sabah cavab verə biləcəyini vurğuladı. Ümid edirik ki, o, verdiyi sözün üstündə duracaq. Məlumat üçün bildirək ki, qeyd olunan məqamlarla bağlı Arzu Əliyevanın 051-957-57-97 nömrəli mobil telefonuna zəng etsək də o, açıqlama vermək istəmədi. Sonda bir məqamı da bildirmək istərdik ki, şagird və valideynlərin sözlərinə görə, 275 saylı orta məktəbin direktorunun təlim-tərbiyə işləri üzrə müavini Arzu Əliyeva bir müddət öncə polis əməkdaşının işdən azad olunmasına səbəb olub. Bu və digər bir sıra önəmli məsələlərlə bağlı növbəti sayımızda oxuya bilərsiniz. Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.