Bakı Meriyası qərənfillərə xərclədiyi məbləği niyə açıqlamır?
Hər ilin 20 yanvar tarixində minlərlə ziyarətçi dövlət müstəqilliyi uğrunda şəhid olmuş azərbaycanlıların dəfn edildiyi Şəhidlər Xiyabanına gedir. Bu ziyarət zamanı kütlə, Şəhidlər Xiyabanına gül-çiçək dəstələti, əklillər gətirir. Eyni zamanda, Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun təşəbbüsü ilə xiyaban 20 yanvar qurbanlarının anımına hazırlanır. Xiyabanın girişində ağ və qırmızı qərənfillərdən ibarət xüsusi ekspozisiya qurulur.
Bakı meriyasının həmin güllərə sərf etdiyi məbləğin miqdarı nə qədərdir? Kütləvi ziyarətdən sonra gül-çiçəyin aqibəti necə olur? Bu suallarla Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova müraciət etsək də, o, bizi mətbuat xidmətinə yönləndirdi.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nailə MəmmədovaModern.az saytına bildirdi ki, hər il olduğu kimi, bu il də 20 yanvar günü Şəhidlər Xiyabanın bəzədilməsi meriyanın daxili imkanları hesabına təmin olunub:
«Xiyabanın bəzədilməsi üçün istifadə edilən qərənfillər Türkiyə və İrandan gətirilib. Həmçinin Bakıda əkilən güllərdən istifadə olunub».
N.Məmmədova eyni zamanda deyib ki, istifadə edilən güllərin dəqiq sayı bilinmir:
«Orada saysız-hesabsız güllərdən istifadə edilib. Sərf olunan məbləğ daxili imkanlar hesabına reallaşdığından o da bilinmir».
Qurum rəsmisi deyib ki, xarab olan güllər tullanır: «Xarab olmayan güllər isə uşaq bağçalarına verilir». (TIA)