Siyasət
AŞ PA-dan Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mühüm mövqe
11-10-2016, 13:04
Qurum Azərbaycanda keçirilən referendumun nəticələrini də rəsmən təsdiqlədi; Elxan Süleymanov: "Ölkəmizin tarixində yeni və ümidverici bir fəslə zəmin yaratmış olduq”
Oktyabrın 10-da Strasburqda AŞ PA-nın payız sessiyası öz işinə başlayıb. Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvləri qurumun payız sessiyasında iştirak etmək üçün oktyabrın 9-dan Strasburqdadırlar.
Açılışda çıxış edən AŞ PA sədri Pedro Aqramunt Avropa Şurası məkanındakı münaqişələrdən də danışıb və "bütün münaqişələr dövlətlərin ərazi bütövlüyü çərçivəsində həll edilməlidir” deyib: "Ukraynada baş verən münaqişə, Krımın ilhaq olunması, eyni zamanda Gürcüstan, Moldova və Azərbaycandakı münaqişə qəbuledilməzdir. Avropalı olaraq, biz yaşadığımız ümumi məkanımızda baş verən münaqişələri həll etməliyik və burada parlament diplomatiyası siyasi danışıqları ruhlandırmaq istiqamətində adekvat vasitədir. Biz bizi ayıran fərqli fikirləri müzakirə edərək, bunu burada qarşı-qarşıya oturub çəkinmədən etməli, birlikdə çıxış yolları tapmalıyıq”.
AŞ PA Azərbaycanda keçirilən referendumun nəticələrini də rəsmən təsdiqləyib.
"AŞ PA Bürosu bazar ertəsi, 10 oktyabr 2016-cı ildə Fransada, Strasburqda Makedoniyanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri və 26 sentyabr 2016-cı ildə Konstitusiya islahatlarına dair referendumla bağlı Azərbaycan üzrə AŞ PA qiymətləndirmə missiyasının rəhbəri, deputat cənab Aleksandar Nikoloskinin memorandumunu yekdilliklə təsdiqlədi”.
Bu sözlər AŞ PA nümayəndə heyətinin üzvü, millət vəkili Elxan Süleymanovun Strasburqdan göndərdiyi açıqlamadan götürülüb. AŞ PA-nın sessiyasında iştirak edən E.Süleymanov açıqlamasında daha sonra qeyd edir: "AŞ PA Ad-hok komitəsi 24-27 sentyabr 2016-cı ildə səsvermə gününü izləmək, eləcə də referendum kampaniyasını qiymətləndirmək mandatı çərçivəsində referendumu dəyərləndirmək məqsədilə Azərbaycana səfər edib: ”Azərbaycanla bağlı bütün digər müvafiq məsələlər Avropa Şurası ilə Azərbaycan arasında monitorinq dialoqunun bir hissəsidir və Ad-hok komitə hakimiyyəti Monitorinq Komitəsi ilə əməkdaşlığı davam etdirməyə və Avropa Şurası Parlament Assambleyasının nəticə və tövsiyələrini yerinə yetirməyə dəvət edir".
AŞ PA missiyası belə qənaətə gəlir: "Referendum ölkə qanunvericiliyinə və Azərbaycan Konstitusiyasına uyğun təşkil edilib, qanunidir və legitimdir. Missiya qeyd etmişdir ki, seçki günü ərzində səsvermə prosesi yaxşı təşkil edilmişdi və şəffaf, səmərəli və dinc keçdi və olduğumuz məntəqələrdə səslərin sayılmasında son nəticələrə təsir edə biləcək pozuntular müşahidə etmədik. AŞ PA missiyası eyni zamanda bildirmişdir ki, konstitusiyaya dəyişikliklərin qəbul edilməsinin lehinə olaraq, referendumun nəticələri ölkənin təhlükəsiz, sabit və davamlı inkişafı istiqamətində irəliyə doğru addım kimi, Azərbaycan xalqının iradəsini ifadə edir və demokratik və iqtisadi çağırışlara cavab olaraq, daha səmərəli idarəçilik sistemi qurmağa və ölkə üçün zəruri olan daha məzmunlu islahatlar aparmağa yönəlib”.
AŞ PA Bürosunun üzvləri oktyabrın 10-da səhər saatlarında Strasburqda bu memorandumu nəzərdən keçirib, yekdilliklə qəbul edərək, referendumun rəsmi müşahidə prosesini müsbət qaydada tamamlayıb. Bu islahatlar insan hüquqları, iqtisadiyyat və institutlar sahəsində Azərbaycan Respublikası Konstitusiyasını gücləndirdiyindən, ölkəmizin tarixində yeni və ümidverici bir fəslə zəmin yaratmış olduq".
Millət vəkili Qənirə Paşayeva isə AŞ PA Liberallar Qrupunun toplantısında Avropa Məhkəməsinin "Çıraqov və başqaları Ermənistana qarşı” adlı şikayət ərizəsi üzrə çıxardığı qərarın bu günə qədər yerinə yetirilməməsi məsələsini qaldırıb. Xanım deputat facebook statusunda yazıb: "Vurğuladım ki, həmin qərar artıq yekun qüvvəyə minib və onun icrasına nəzarət AŞ Nazirlər Komitəsinin səlahiyyətlərinə aiddir. Çıxışım zamanı bildirdim ki xeyli zaman keçməsinə baxmayaraq bu günə qədər Ermənistan Avropa Məhkəməsi qərarının yerinə yetirilməsi istiqamətində heç bir addım atmayıb və AŞ PA-nı buna biganə yanaşmamağa çağırdıq”. Q.Paşayeva Türkiyədə baş vermiş və 18 insanın ölümünə, çoxlu sayda insanın yaralanmasına səbəb olan terror hadisəsindən də danışıb, Lideral Qrupu, AŞ PA-nı bu terroru kəskin pisləməyə və terrorla mübarizədə Türkiyəyə daha çox dəstək verməyə çağırıb. Çıxışa reaksiya verən Liberallar qrupunun rəhbəri Jordi Xucla Türkiyədə baş verən terror aktını kəskin pislədiyini açıqlayıb və "harada baş verməsindən asılı olmayaraq hər zaman terroru pisləyirik” deyib.