Siyasət

Beynəlxalq agentlikdən sensasion iddia: “Azərbaycanda gizli müxalifət...”

28-09-2016, 11:28

İqbal Ağazadə: "Azərbaycan üçün real deyil”; Fəzail Ağamalı: "Artıq gizli müxalifəti formalaşdırıblar”

 

"Global Risk İnsight"  analitik agentliyi Azərbaycanda sentyabrın 26-da keçirilən referendumla bağlı geniş yazı dərc edib. Məqalədə diqqət çəkən iki əsas məqam var. Yazıda qeyd olunur ki, "dəyişikliklərdən sonra cəmiyyətdəki narazılıqların daha artıq boğulacağı şübhəsizdir, ona görə də gələcəkdə gizli müxalifət hərəkatlarının koalisiyasının şahidi ola bilərik”.


Beynəlxalq agentliyin sensasion məqaləsi ölkəmizdə ciddi müzakirələrə səbəb olub və mövqelər heç də birmənalı deyil.

Ümid Partiyasının sədri İqbal Ağazadə məqalədə qeyd olunan fikirlərlə razı deyil: "Azərbaycanda siyasi təşkilatlar konstitusiyadakı ”Siyasi partiyalar haqqında" Qanuna uyğun şəkildə fəaliyyət göstərirlər. İnanmıram ki, Azərbaycan müxalifətinin hansısa bir qolu, yaxud hansısa bir təşkilat zorakılığı məqsədə çatmaq üçün vasitə hesab etsin. Çünki biz demokratik cəmiyyət quruculuğunun tərəfdarıyıq. Bu siyasət birmənalı şəkildə zorakı üsulları qəbul etmir. Bundan sonra da fəaliyyətimizi bu şəkildə quracağıq. Ola bilər ki, bu məqalədə bəzi dini qruplaşmaları nəzərdə tutsunlar. Amma hesab edirəm ki, bu da bugünkü Azərbaycan üçün real deyil. Elə bir dini qruplaşma da Azərbaycanda fəaliyyət göstərmir və kütləni arxasınca aparmaq gücündə deyil. Kimlərsə lokal şəkildə toplaşa bilərlər, amma bunu da real hesab etmirəm. Siyasi repressiyalara gəldikdə isə əvvəl də siyasi partiya fəallarına qarşı hakimiyyətin münasibəti bəlli idi. Bunun sonra da dəyişəcəyini güman etmirəm. Amma iqtisadi vəziyyətin çətinləşməsindən dolayı təbii ki, narazılıqlar arta bilər. Güman etmirəm ki, bu narazılıqlar zorakılığa söykənən narazılıqlar olsun".

Image result for Fəzail Ağamalı

Ana Vətən Partiyasının sədri, iqtidaryönlü deputat Fəzail Ağamalı bildirdi ki, bu, şantaj xarakteri daşıyan, dövlətçiliyimizi təhdid edən məqalədir: "Azərbaycan xalqı öz iradəsini referendumda heç bir təzyiq olmadan ortaya qoydu,  səs verdi, konstitusiyaya əlavə və dəyişikliklər xalqımızın iradəsi ilə reallaşdı. Azərbaycanı istəməyən qüvvələr nəyin hesabına olursa-olsun, bütün vasitələrdən istifadə etməyə çalışaraq, ölkəmizdə qarşıdurma yaratmağa səy göstərirlər. Bu bütün parametrlərdə özünü göstərməkdədir. Referendum ərəfəsində Venesiya Komissiyasının anormal rəyi, BMT-nın Azərbaycanda olan nümayəndəsinin heç bir əsası olmayan yersiz bəyanatı və digər bunun kimi addımlar qalsın bir tərəfə, indi də bu cür bəyanatlarla çıxış etmələri bir daha onların mahiyyətini ortaya qoyur. Bu o deməkdir ki, həmin təşkilatlar və arxalarında olan güclər Azərbaycanda artıq gizli müxalifəti formalaşdırıblar. Bu gizli müxalifətdə olanlar Azərbaycan dövlətçiliyinə qənim kəsilən, pulla ələ alınan şəxslər ola bilərlər. Bundan sonra son dərəcə ehtiyatlı olmalıyıq. Gizli müxalifət de-şifrə olunmalıdır. Bütün bunların hamısına aydınlıq gətirilməli, heç bir gizli məqam qalmamalıdır. Bunların arxasında duran qüvvələr  də ifşa olunmalıdır. Ümid edirəm ki, hüquq-mühafizə orqanlarımız qısa zaman kəsimində öz peşəkarlıqlarını ortaya qoyub, bu məsələni araşdırıb üzə çıxaracaqlar. Cəmiyyət bununla bağlı məlumatlandırılmalıdır. Bu gün xalqımız  dövlətçiliyin yanındadır. Müstəqilliyimizi istəyən bütün qüvvələr dövlətçiliyin ətrafında daha sıx birləşməlidir ki, bu təhdidlərə qarşı müqavimət göstərək və iradəmizi ortaya qoyaraq, bu təhlükənin reallaşmasına imkan verməyək”.

Image result for Mehman Əliyev

"Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev bundan əvvəl də Azərbaycanı yaxından tanıyan xarici politoloqun bu tipli açıqlama verdiyini  söylədi: "Onlar Azərbaycanı bizdən yaxşı tanıyırlar. Bu tipli ehtimallar Qərb institutları tərəfindən səsləndirilir. Demək, problem var ki, belə ehtimallar səslənir. Bu gün müxalifətə qarşı Azərbaycanda nəsə bir siyasət aparmaq mənasızdır. Böhranın qarşısını almaq vasitəsi deyil. Bugünkü problem iqtidar-müxalifət arasında deyil, hakimiyyətlə-cəmiyyət arasındadır. Çünki bu böhrandan bütün vətəndaşlar əziyyət çəkirlər. Böhrandan çıxış yolunu hələ ki görmürük. İslahatların necə olacağı, hansı formada aparılacağı məlum deyil. İslahatların gedişindən çox şey asılı olacaq. Hakimiyyət yaxşı başa düşür ki, islahatlar aparmalıdır. Çevik islahatlar çox vacibdir, bunlar olmazsa, ciddi problemlərin üzə çıxması qaçılmaz olacaq”.

Cavanşir ABBASLI

Administratorla əlaqə

077 611-55-22

[email protected]