Media

Ümid Partiyasının sədri İqbal Ağazadə ANS Televiziyasının müdafiəsinə qalxdı

23-01-2016, 03:35

ANS hamımızındır - doğruları, yanlışları ilə...”

Ümid Partiyasının sədri İqbal Ağazadə ANS Televiziyasının müdafiəsinə qalxdı: Bu barədə partiya sədri öz "facebook” səhifəsində yazıb. Partiya sədrinin statusunu olduğu kimi oxuculara təqdim edirik.

"ANS bir ilk olub Azərbaycan teleməkanı üçün-müstəqil telekompaniya olaraq... Çətin, ağır sınaqlar görüb, gah maliyyə sıxıntısı ilə üzləşib, gah bağlanmaq təhlükəsi ilə... Amma dözüb... Bəlkə çox manevrlər edib, bəlkə həmişə istədiyimiz obyektivliyi görməmişik, bəlkə daha çox ummuşuq... İncimişik, üzərinə getmişik, başqa telekanallardan yox, məhz ondan doğrunu eşitməyəndə əsəbləşib düyməni basıb söndürmüşük... Amma hey ondan nəsə gözləmişik, hey doğruları ondan eşitməyi arzulamışıq... Bu gün ANS yenə çətinliklərlə üz-üzədir, bağlanması üçün yollar aranır, kimlərsə tamaşaçının bir gün məhz ANS-dən həqiqətləri eşidəcəyindən əndişələnir... ANS müstəqilliyimizlə yaşıddır, mübarizəmizlə əkizdir, bunlardan vaz keçmədiksə, ANS-dən də vaz kecməyək... Müdafiə edək, yanında olaq, qoruyaq... Qoruyaq ki, həqiqətləri deməyə özündə bir də güc tapsın, yıxılmasın... P.S. Hamının hirs və hikkəsini anlayıram, başa düşürəm. Amma bunu da kimsə unutmasın - demək özümüzə ən yaxın bildiyimiz tək bu kanaldır ki, ondan ummuşuq. Bizim olandan asanca vaz keçməyək... ANS hamımızındır - doğruları, yanlışları ilə...”

Qeyd edək ki, MTRŞ dünənki iclasında "ANS” televiziyasının efirində yayımlanan "Hesabat” analitik-informasiya proqramının 27 dekabr 2015-ci il və 17 yanvar 2016-cı il tarixli buraxılışlarında televiziya yayımının əsas prinsiplərinin və proqrama verilən tələblərin pozulması - proqramlarda informasiyanın tərəfsizliyi, qərəzsizliyi, əhatəliliyi, tam və doğru-dürüstlüyü prinsiplərinə əməl olunmadığını, işgüzar nüfuzun ləkələnməsinə yol verildiyini, faktlar və hadisələrin ədalətli şərh olunmadığını, birtərəfliliyə yol verildiyini nəzərə alınaraq, "Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə uyğun olaraq "ANS” televiziyasının efirində "Hesabat” analitik-informasiya proqramının yayımının 24 yanvar 2016-cı il tarixdən etibarən 1 (bir) ay müddətinə dayandırılması ilə bağlı qərar verilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]