Siyasət

Şeyxin qudasının qırmızı yalanında prezidentə təxribat

15-09-2016, 15:40
27 dəfə Həccə getmiş keçmiş millət vəkili xalqı qıcıqlandıran ağ yalan danışıb... 

Qafqazın şeyxi hacı Allahşükür Paşazadənin qudası hacı Qalib Salahzadə ayaq basdığı müqəddəs torpaqlardan qaıydandan sonra həqiqəti yalnız deməlidir. 

Amma keçmiş deputat elə bir yalan danışıb ki nə Tanrı dərgahında, nə məzlum xalqın gözü qarşısında bağışlanandır. Hacı Qalib ölkədə hamının güzəranın yaxşı olduğunu və heç bir çətinli yaşanmadığını söyləyib. 

Politika.Az məsələyə keçməzdən qabaq hacı olan sabiq deputatdan sitat təqdim edir: "Ölkədə heç bir çətinlik yoxdur. Kimlər ki, deyir, ölkədə problemlər var, dedikləri boş şeydir”. 

Belə bir çıxışla nə hakim partiya funskioneri, nə hansısa məddah adam çıxış edib. Hətta yeri gələndə hökumət rəsmiləri, YAP yetkililəri etiraf edib ki işsizlik də var, yoxsulluq da, ehtiyacı olan aztəminatlı ailələr də. 

Hacı Qalib isə qırmızı-qırmızı bunların hamısını inkar edərək ümumiyyətlə ölkədə firavanlıq olduğunu iddia edib. Əslində, referendum ərəfəsində onun bu çıxışı prezidentə və hakimiyyətə qarşı təxribatdır. Çünki Şeyxin qudasının ağ yalan danışması əhalidə aqressiya yaradır. 

Hökumət də gözəl bilir ki, iqtisadi böhran ölkənin bütün sahələrinə təsir edib, işsizlər ordusu yaranıb, bahalaşma gedir, əhali kreditlərini ödəməkdə çətinlik çəkir, artan qiymətlərə adekvat olaraq maaşlar artırılmır və günbəgün vəziyyət mürəkkəbləşir. 

Bunu SOCAR, Maliyyə Nazirliyi də etiraf edir ki böhran var və insanların dolanışığına ciddi təsir edib. Lakin Hacı Qalib xalqın narazı və qəzəbli vaxtında qırmızı yalanla əhalini qıcıqlandırıb və dolayısı ilə hakimiyyətin üstünə qaldırıb. 

Politika.Az xəbər verir ki, Hacı Qalib absurd çıxışını davam etdirib və "qızıl xırdalayaraq” əməlli-başlı "gül vurub”. Onun sözlərinə görə, təkcə yaşadığı Bilgəh kəndində 200 adama, qaçqına, şəhid ailəsinə qurban payı verilib: 

"Bu, hələ siyahı ilə verilən paylardır. İmkan olmasa, bunu necə vermək olar? Maştağa kəndində isə deputat Eldar Quliyev 800-ə yaxın adama qurban əti paylayıb. Mən hələ bildiklərimi deyirəm, Nardarandan xəbərim yoxdur”.

Hörmətli keçmiş deputat, qanunverici orqanda işləmiş sabiq millət vəkili öz-özünü təkzib edib. Hacı Qalibin yuxarıda dediyi qırmızı yalan növbəti çıxışında alt-üst olub. 

Şeyxin qudası özü də bilmədən etiraf edib ki, təkcə Maştağada 800 adam və şəhid ailələri, köçkünlər qurban payı alıb. 

Bu birbaşa həmin adamların yoxsul yaşadığını, ət almağa imkanı olmadığını üzə çıxarır. Əgər həmin adamların imkanı olsaydı qurban payı üçün gəlməzdi. 

Maddi imkanı normal olan şəxs qurbanı payı üçün getmir, əksinə qurban kəsir. Ölkədə heç bir çətinliyin olmadığını deyən Q.Salahzadə özünü faş edib. Ardınca qeyd edir ki, deputat Eldar Quliyev 800-ə yaxın adama qurban əti paylayıb. Bu fakt bir kənddə 800 ailənin nə vəziyyətdə yaşadığını əks etdirir. Üstəlik, Nardaran, Bilgəh, Buzovna, Zaqulba, Pirşağı, Balaxanı və digər kəndlərdə neçə yüz adamın qurban payı aldığını qeyd etmək olar. 

Hacı Qalib görünür ki hər şeyi öz arşını ilə ölçür, ətrafa yuxarıdan aşağı baxır, necə deyərlər toxun acdan xəbəri yoxdur. Təbii ki 27 dəfə Həccə getməyə maliyyə imkanı olan bir şəxsə görə ölkədə hamı yağ-bal içində yaşayır. 

Ancaq unudur ki ölkədə milyonlarla kasıb yaşayır. Əgər Hacı Qalib eynəyini çıxarıb ölkəyə daha aydın nəzərlərlə baxsa insanların güzəranı ilə yaxşı tanış olar. 

Politika.Az xəbər portalı da keçmiş deputata minlərlə yoxsul ailəni, ehtiyac və borc içində yaşayan, həftələrlə dilinə ət dəyməyən insanları göstərməkdə köməklik edə bilər. 

Bunun üçün Bakı və ətrafına, o cümlədən rayonlara, kəndlərə səfər etmək kifayətdir. Məmur özbaşınalığından, dövlət büdcəsinin talanından və neft pullarının oliqarxlar tərəfindən mənimsənilməsindən aclıq-səfalət, işsizlik məngənəsində boğulan xalqın 27 dəfə Həccə getmiş keçmiş millət vəkili yalnız bunu deyə bilərmiş.

Hacı Qalib deputat olduğu zamanda xalqın dərd-sərini bölüşməli, parlamentdə qaldırmalıydı. Ancaq görünür ki, xalqın vəziyyətindən ya xəbərsizdir, ya da ağ yalan danışır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]