Elm
Qafqaz Universitetinin yeni rektoru kimdir? - DOSYE
1-09-2016, 19:35
Xəbər verdiyimiz kimi, Qafqaz Universitetinə yeni rektor təyin edilib. Bundan sonra ali təhsil ocağına indiyədək Azərbaycan Texniki Universitetinin rektoru olan Havar Məmmədov başçılıq edəcək. Qaynarinfo.Az Havar Məmmədovun deyesini təqdim edir.
Məmmədov Havar Əmir oğlu 1 iyul 1945-ci ildə İmişli rayonunda anadan olub. İxtisaslaşdırılmış D02.031 dissertasiya şurasının sədri, texnika elmləri doktoru və professordur. "Şöhrət" ordeni laureatı, Azərbaycan Respublikasının əməkdar elm xadimidir.
Texnika elmlər doktoru, professor Havar Məmmədov 1968-ci ildə Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunun "Avtomatika və hesablama texnikası” fakultəsini fərqlənmə diplomu ilə bitirib və "Avtomatika və telemexanika” ixtisasına yiyələnib.
1968-1970-ci illərdə o, AzPİ-nin "Avtomatika və telemexanika” kafedrasında assistent vəzifəsində çalışıb, 1970-1974-ci illərdə həmin institutun əyani şöbəsinin aspirantı olub. 1970-1971-ci illərdə ordu sıralarında hərbi xidmətini başa vurduqdan sonra o, aspiranturada təhsilini davam etdirib.
1974-1984-cü illərdə AzPİ-nin "İstehsalat proseslərinin avtomatlaşdırılması və hesablama texnikası” kafedrasında assistent, baş müəllim, dosent vəzifələrində çalışıb.
Havar Məmmədov 1989-1991-ci illərdə AzPİ-nin axşam və qiyabi təhsil üzrə prorektoru, 1991-1993-cü illərdə tədris işləri üzrə prorektoru, 1993-1996-cı illərdə AzTU-nun "Elektron hesablama aparatlarının istehsalı və konstruksiyaları” kafedrasının, 1997-2000-ci illərdə "Telemexanika və nəqliyyatın avtomatlaşdırılması” kafedrasının, 2000-ci ildən bu günə qədər "Avtomatika və idarəetmə” kafedrasının müdiri vəzifələrində çalışır.
Havar Məmmədov 1983-cü ildə "Paylanmış parametrli dövrələrdə kommutasiyaların ardıcıl qapadılmasında keçid prosesləri” mövzusunda namizədlik, 1998-ci ildə isə "Paylanmış parametrli mürəkkəb elektrik dövrələrində kommutasiya proseslərinin analiz metodları” mövzusunda doktorluq dissertasiyaları müdafiə edib.
Havar Məmmədov 2000-ci ildən 2016-cı ilə qədər Azərbaycan Texniki Universitetinin rektoru vəzifəsində çalışıb. O, 205 elmi məqalənin, 3 monoqrafiyanın, 22 dərslik və dərs vəsaitinin, 9 patentin müəllifidir.
2011-ci ildə Rusiya ilə Azərbaycan arasında nəqliyyat sahəsində ikitərəfli münasibətlərin inkişafına görə "Rusiya nəqliyyatının yaradılmasının 200 illiyi” yubiley döş nişanı ilə, həmin ildə respublikada mühəndis kadrların hazırlanması, texniki elmlərin və təhsilin inkişafındakı xidmətlərinə görə isə yüksək dövlət mükafatı - "Şöhrət” ordeni ilə təltif olunub.
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 9 sentyabr 2015-ci ildə ona əməkdar elm xadimi fəxri adı verilib.