Dünya

Möhsin Yazıcıoğlu cinayəti yenidən istintaqa qayıdır

19-08-2016, 00:55
Böyük Birlik Partiyası sədrinin ölümü ilə nəticələnmiş vertolyot qəzası ilə bağlı cinayət işi yenidən yenilənib, şübhəlilər arasında 15 iyul qiyamçıları var... 

Türkiyədə 15 iyul qiyamından sonra Gülən camaatı ilə bağlı başladılan istintaq işlərindən biri də Böyük Birlik Partiyasının sədri Möhsin Yazıcıoğlunun qətli hadisəsi ilə bağlı cinayət işidir. Avqustun əvvəlində 7 ildən sonra M.Yazıcıoğluna sui-qəsdlə bağlı yenidən cinayət işi açılıb və 3 "FETO üzvü” barəsində istintaq başladılıb.  

Qeyd edək ki. M.Yazıcıoğlu 2009-cu ilin martın 27-də seçki kampaniyası çərçivəsində etdiyi səfərlərin birində müəmmalı vertolyot qəzası baş verib. Qəza nəticəsində M.Yazıcıoğlu və daha 5 nəfər, o cümlədən İHA müxbiri İsmayıl Günəş dünyasını dəyişib. İlk vaxtlarda olayın "hava şəraiti nəticəsində baş vermiş qəza” olduğu elan olunsa da, sonrakı illərdə müxtəlif şəxslər tərəfindən sui-qəsd iddiaları irəli sürüldü. 

15 iyul qiyamından sonra başladılan cinayət işi çərçivəsində həbs olunanlar arasında M.Yazıcıoğlu cinayətində adı şübhəlilər sırasında keçən polkovnik-leytenant Davud Uçum, gizir Aydın Özsıcak və polis rəisi Dursun Özmen də var. 

Maraqlıdır ki, 15 iyul qiyam gecəsi prezident Ərdoğanın qaldığı otelə basqın edən SAT komandolarının içərisində adları M.Yazıcıoğlu sui-qəsdində hallanan şəxslər də olub. Həmin şəxslərin 2009-cu ildə məlum vertolyot qəzası zamanı xilasedici kimi çalışdığı və qəza yerinə ilk olaraq gəldikləri məlum olub. Aviasiya texniki olan baş gizir Aydın Özsıcak iddialara görə, ilk dəfə qəza yerinə gəlib və bu zaman vertolyotda olan radar ölçmə cihazını sökərək aparıb. Bundan başqa Marmarisə basqında iştirak edən 3 vertolyot pilotunun da sözügedən qəza zamanı xilasedici vertolyotda xidmət ediblər. 

İstintaq materiallarına əsasən M.Yazıcıoğlunun həlak olduğu vertolyot qəzası zamanı ilk saatlarda bir neçə şəxs sağ olub. Bundan başqa GSM siqnalları gəlsə də, qəzaya uğramış vertolyot yanlış ərazidə axtarılıb və bu səbəbdən də qəza yerinə 48 saatdan sonra, hər kəs öldükdən sonra gəlib çatıblar. Həmin vaxt açılmış cinayət işində 132 nəfərin adı keçsə də, sonradan Baş Prokurorluqda başladılan cinayət işi "dəlil yetərsizliyi” səbəbi ilə bağlanıb. 
İndi isə 15 iyul qiyamından sonra çevriliş cəhdində iştirak edən zabitlərinin bir çoxunun adları gizli sui-qəsd və müəmmalı qətllərdə hallandığı üçün hökumət vaxtilə qapadılmış cinayət işlərini yenidən açıb. Bu sırada M.Yazıcıoğlu cinayəti də var. Üstəlik, M.Yazıcıoğlu cinayətində şübhəli bilinən şəxslərin qiyamda iştirak etməsi bu hadisənin sifarişli olması ilə bağlı iddiaları gücləndirir. 

M.Yazıcıoğlunun yaxınları ona qarşı sui-qəsdin arxasında F.Gülən qrupunu ittiham etməsi də cinayət işində "camaat” olması iddialarını gücləndirir. Bir qədər əvvəl yazar Mehmet Koçak mətbuata verdiyi açıqlamada F.Gülən və M.Yazıcıoğlu arasında çox əvvəldən münaqişə olduğunu iddia edib. Koçaka görə, Yazıcıoğlunun Gülən və Turqut Özalın birgə partiya qurmasına qarşı çıxması, Böyük Birlik Partiyasına "camaat” üzvlərini qəbul etməməsi və üzr istəməməsi iki şəxs arasında münasibətlərin pisləşməsinə səbəb olub. Koçak iddia edib ki, ölümündən əvvəl Gülənin adamları Möhsin Yazıcıoğlu ilə görüşmək istəyib. Görüşün əsas səbəbi isə Gülən və Özalın partiya qurmaq istədiyi və Yazıcıoğlunun da bu partiyaya qatılıb Anadoluda dəstək verməsini istəyiblər. Bundan başqa ayrı-ayrı vaxtlarda BBP-yə üzv olmaq istəyən yüksək təhsilli "camaat” kadrlarının qarşısını alması onlar arasında soyuqluğa düşmənçiliyə səbəb olub. 

Qeyd edək ki, M.Yazcıoğlunun həlak olduğu qəzadan sonra şübhələr olsa da, onun məhz kimlər tərəfindən, hansı səbəbdən qətlə yetirildiyi açıqlanmamışdı. Milliyyətçi və dindar camiədə böyük nüfuza sahib olan Möhsin Yazıcıoğlu sağlığında bir neçə dəfə sui-qəsdə məruz qalmış, avtoqəzalardan sağ qurtulmuşdu. 

Ancaq onun həqiqətən Gülən tərəfindən sui-qəsdə məruz qalması hələlik yalnız yaxınlarının iddialarıdır. İstintaq hazırda qəza və sonra baş verən olaylardakı şübhələri, eləcə də, Yazıcoğlunun qəzadan sonra sağ qalması və məhz sui-qəsdçilər tərəfindən qətlə yetirilməsi sübut olunsa, o zaman "camaatın” siyasi qəsdlərdə əlinin olması iddiaları ciddiləşəcək. Hələliksə, ortada yalnız iddialar və yenidən açılmış cinayət işi var.

Administratorla əlaqə

077 611-55-22

[email protected]