Kriminal

16 yaşlı məktəblinin dəhşətli qətli

17-10-2015, 12:40
Zaqatalada məktəblinin qətlə yetirilməsinin bəzi detalları məlum olub. APA TV-nin məlumatına görə, hadisə oktyabrın 14-ü axşam saat 20 radələrində Zaqatala şəhəri, Vidadi küçəsində yerləşən ikimərtəbəli yaşayış binasının qarşısında baş verib. Həmin binada anası ilə kirayədə yaşayan, 1999-cu il təvəllüdlü İbrahim Ramin oğlu Əsədzadə ilə Zaqatala şəhəri M.Ə. Rəsulzadə küçəsi 65 ünvanında yaşayan 2001-ci il təvəllüdlü Murad Möhsüm oğlu Məmmədov arasında dava olub. Dava zamanı 14 yaşlı Murad Məmmədov üzərində gəzdirdiyi bıçaqla 16 yaşlı İbrahim Əsədzadəyə çoxsaylı bıçaq xəsarəti yetirib. İbrahim Əsədzadə aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qətlə yetirilən yeniyetmənin babası Əli Əsədovun sözlərinə görə, qətli törədən məktəbli binanın girişində gizlənibmiş: “Hökumət evidir. Girişdə gizlənib, gələndə arxadan sol tərəfə - ürəyinə vurub. Bundan sonra keçinib. Görün, nə qədər amansız adamdır ki, keçinəndən sonra da 10 bıçaq zərbəsi vurub. Öləndən sonra da bıçaqlayıb"

Zaqatala rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Murad Məmmədov tutularaq istintaqa təhvil verilib.

Zaqatala rayon prokuroru Əli Abdullayevin sözlərinə görə, hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi güman edilir: "Tərəfimizdən Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə cinayət işi başlanılaraq, istintaq davam etdirilir. İstintaqın ilkin mərhələsində cinayəti törətməkdə şübhəli bilinən Məmmədov Murad Möhsüm oğlu şübhəli şəxs qismində saxlanılıb. İlkin istintaq hərəkətləri zamanı istintaqa məlum olan budur ki, cinayətə iki şəxs arasında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə səbəb olub"

Faktla bağlı Zaqatala rayon prokurorluğunda cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, qətlə yetirilən İbrahim Əsədzadə Zaqatala şəhər 3 saylı məktəbinin 11-ci sinif şagirdi olub. İbrahimin atası anasından ayrılıb və hazırda Rusiyada yaşayır. Onun sənədlərində problem olduğu üçün oğlunun yas mərasiminə gələ bilmir. Bu səbəbdən yas mərasimi İbrahimin həm ata babası, həm də ana babası tərəfindən ayrı-ayrılıqda keçirilir.

Qətli törədən Murad Məmmədov isə Zaqatala şəhəri 2 saylı rus bölməli məktəbin şagirdidir.
bizimyol.info

Administratorla əlaqə

077 611-55-22

[email protected]