Siyasət

Azərbaycanda Fətullah Gülən FIRTINASI başlayır

18-08-2016, 03:33
Azərbaycanda Fətullah Gülən FIRTINASI başlayır
Azərbaycanda FƏTÖ araşdırması - Adlar çəkilir

Baş Prokurorluğun Fətullah Gülənin tərəfdarlarının Azərbaycandakı fəaliyyətinin  araşdırılması ilə bağlı başladığı cinayət işi yerli və xarici mediada xüsusi diqqət çəkdi.

Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Lent.az-a açıqlamasında bildirib ki, cinayət işi Azərbaycanda Gülən tərəfdarlarının qanunsuz hərəkətlərinin qarşısının alınması məqsədini güdür. İstintaq sirri olduğu üçün hələ ki, cinayət işi ilə bağlı geniş məlumat verilmir.
 
Baş Prokurorluq cinayət işinin qaldırıldığı maddələri və istintaq hərəkətləri aparılan şəxslərin dairəsini açıqlamır. 
 
Özəl mənbələrdən əldə etdiyimiz məlumata görə, bu istiqamətdə artıq bir çox işlər görülüb, zəruri istintaq tədbirlərinə başlanılıb. Məlumata görə,
araşdırmalar çox geniş və əhatəlidir.
 
Baş Prokurorluqda cinayət işinin açılması ilə bağlı xəbər yayılmağa başlayandan isə artıq bəzi adlar çəkilir. Xüsusilə sosial şəbəkələrdə və online mediada "Gülən tərəfdarı" kimi bəzi şəxslərin adları hallandırılır. Hazırda Tiflisdə yaşayan müxalifətçi Daşqın Ağalarlı öz "facebook" səhifəsində bu barədə yazıb. O qeyd edib ki, AXC Nəsimi rayon şöbəsindən silahdaşı olan İslam Səmədov vasitəsilə Gülən camaatını hələ 1989-cu ildən tanımağa başlayıb. 1990-cı illərdən sonra isə o vaxt AXCP üzvü olan Becan Fərzəliyevin Yasamal rayonunda olan mənzilində camaatın təmsilçiləri ilə geniş söhbətin iştirakçılarından biri olub. AXCP-nin Fətullah Gülənlə əlaqəsi olduğunu vurğulayan D. Ağalarlı hətta eks-prezident Əbülfəz Elçibəyə Fətullah Güləndən məktub gətirdiyini də qeyd edib. Onun iddiasına görə, 1995-ci ildən sonra AXCP strukturlarından hazırkı millət vəkili Fazil Mustafa camaatın etibarını təmsil edib.
 
Fazil Mustafa isə lent.az-a açıqlamasında Azərbaycanda gülənçilərin şəbəkəsi olduğunu qeyd edib: "Onlar ölkədə geniş təhsil sistemi qura biliblər. Onu da qeyd edək ki, bu sistem uzun müddət Türkiyə rəhbərliyi tərəfindən də himayə olunub. Son proseslərdən sonra bu şəbəkənin ABŞ tərəfindən idarə edilməsi barədə iddialar ortaya çıxır. Bu şəbəkənin dövlət çevrilişinə cəhddə əli olmasına dair artıq bəzi sübutlar var. Ona görə də Türkiyədə bu məsələlərin üzərinə bu qədər sərt gedilməsi anlaşılandır".
 
F. Mustafa hesab edir ki, hazırkı məqamda Azərbaycan Türkiyənin çağırışına cavab verməlidir:"Bunun üçün də Türkiyə hakimiyyət orqanları bizdə fəaliyyət göstərən, 15 iyul hadisələrinə qarışmış gülənçilərin adlarını bizə təqdim etməlidirlər. Bizim hakimiyyət də onların zərərsizləşdirilməsi istiqamətində qəti addım atmalıdır. Bu məsələlərdə çox həssas davranmaq lazımdır. Azərbaycan hökuməti çox ağıllı bir addım atdı. Şəbəkənin adı ilə hallanan Qafqaz Universitetinin fəaliyyəti dayandırıldı və bazası Bakı Ali Neft Məktəbinə verildi".
 
Millət vəkili qeyd edib ki, Azərbaycan dövləti kifayət qədər güclü olduğundan, belə bir təhlükə varsa, onu asanlıqla darmadağın edə bilər.
 
"Türkiyə dövlətçiliyini narahat edən məsələlərdə Azərbaycan tam dəstək verməlidir və verir də" deyə, F. Mustafa qeyd edib.
 
Fazil Mustafa barəsində səslənən iddialara da cavab verib: "Din fəlsəfəsi üzrə mütəxəssis olduğuma görə bütün cərəyanlarla bağlı özümün mülahizəmə malikəm. İslamın əsas mahiyyətindən kənar, vəhhabilik, nurçuluq və digər cərəyanlara qarşı həmişə mümkün qədər mübarizə aparıram. Xalqı maarifləndirməyə çalışıram. Məsələyə həmişə Azərbaycan maraqlarından yanaşırıq. Buna görə də biz rahatıq. Bu cinayət işində əməlində kriminal olan insanlar mütləq məsuliyyətə cəlb edilməlidir və bu olduqca vacibdir. Hüquq-mühafizə orqanları kimin hansı istiqamətdə fəaliyyət göstərdiyini yaxşı bilirlər".
 
haqqın.az saytının baş redaktoru Eynulla Fətullayev isə Fətullah Gülənin Azərbaycanda AXCP sədri Əli Kərimli ilə əlaqəsinin olmasını qeyd edən yazı ilə çıxış edib.
 
Məqalədə Əli Kərimlinin ən yaxın tərəfdaşlarından olan jurnalist Qənimət Zahidin "Azərbaycan saatı” adlı verilişinin Türkiyənin "Barış TV” kanalının tezliyindən yayımlandığı, bu kanalın isə Gülənə məxsus olduğu qeyd edilib.
 
E. Fətullayevin yazdığına görə, Türkiyədə aparılmış araşdırmalara əsasən Əli Kərimlinin fətullahçı dərgi "Kurultay”ın baş redaktoru Aydın Taşla da xüsusi əlaqələri var: "Dərgi Əli Kərimliyə də tez-tez tribuna verirdi. Və onun çıxışlarında da Azərbaycanda hakimiyyətin devrilməsinə çağırışlar yer alırdı".
 
Ə. Kərimli isə öz "facebook" səhifəsində yazıya istinad etmədən özünün "gülənçi" adlandırılmasına etirazını bildirib. Lakin o, məqalədə səsləndirilən fikirlərin heç birinə münasibət bildirməyib.    
 
Hüquqsünas Əkrəm Həsənov isə "Gülən camaatı"nın Azərbaycanda da çevriliş etmək cəhdini istisna etməyib.
 
"Azərbaycanda sadə vətəndaşın kimin gülənçi olub-olmamasını müəyyən etməsi çox çətindir. Bir rəsmi təşkilat yoxdur ki, deyək onun üzvləridir. Çünki onlar heç vaxt etiraf etmirlər ki, gülənçidilər Lakin gülənçilərin Azərbaycanda mövcud olduqlarını da danmaq mümkün deyil".
 
Ə. Həsənov hesab edir ki, məsələnin istintaq tərəfindən araşdırılması bir çox mətləbləri ortaya çıxara bilər: "Artıq bəzi siyasi qurumlara və şəxslərə qarşı ittihamlar səslənir. Bu ittihamların doğru olması tamamilə mümkündür. Lakin bu o demək deyil ki, həmin təşkilat bütünlüklə gülənçilərdən ibarətdir. Təbii ki, istintaq orqanlarının əlində bir çox imkanlar var ki, gülənçiləri müəyyən etsinlər".
 
Hüquqşünasın fikrincə, Gülən tərəfdarlarının Azərbaycanda da qanunsuz əməllər törətməsi mümkündür: "Bu baxımdan da dövlət orqanlarımız araşdırmalara başlamaqla düzgün edirlər. Bütün bununla bağlı, əməlində konkret cinayət tərkibi olan insanlar məsuliyyətə cəlb edilməlidir. Hesab edirəm ki, Baş Prokurorluq konkret günahkar insanları müəyyənləşdirib cəzalandıracaq".
 
Qeyd edək ki, Türkiyədə bu il iyulun 15-də hərbi çevriliş cəhdi baş verib. Türkiyə rəsmiləri və hüquq-mühafizə orqanları dövlət çevrilişinə cəhdin hazırda ABŞ-da yaşayan Fətullah Gülən və tərəfdarları tərəfindən hazırlandığını elan edib, bununla bağlı təkzibolunmaz faktlar olduğunu qeyd ediblər.
 
Türkiyə ABŞ-dan Fətullah Gülənin ölkəsinə təhvil verilməsini tələb edib.
 
Hərbi çevriliş cəhdinin qarşısının alınmasından sonra Türkiyədə on minlərlə şəxs işdən çıxarılıb, onlarla qəzet, televiziya, agentlik və jurnal, QHT, şirkət Fətulah Gülənlə əlaqəsinə, ona maliyyə və informasiya dəstəyi verdiyinə görə qapadılıb.
 
Azərbaycanda isə ANS Televiziyasının fəaliyyəti Milli Televiziya və Radio Şurasının (MTRŞ) qərarı ilə dayandırılıb. MTRŞ qərarını ANS-in "Azərbaycan və Türkiyə xalqları arasında qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin ruhuna zidd mövqe tutması, Türkiyə dövlətinin və hakimiyyətinin əleyhinə təbliğat aparıb, bu ölkədə terrorçu təşkilat kimi tanınan, çoxsaylı insan ölümünə səbəb olmuş qanlı hadisələri təşkil edən Fətullah Gülənə və onun tərəfdarlarına dəstək verməsi" ilə əsaslandırıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]