Gündəm

120 nəfərə xəbərdarlıq

27-07-2016, 15:28

«Qeydə alınmış cinayətlərin 99,6 faizi, o cümlədən bütün ağır və xüsusilə ağır cinayətlərin açılması təmin olunub».

«Əvvəlki hesabat dövrü ilə müqayisədə 2016-cı ilin birinci yarısında qeydə alınmış bütövlükdə hərbi xidmət əleyhinə cinayətlər, o cümlədən konkret olaraq tabelik qaydası əleyhinə, hərbi xidmətdən yayınma, həmçinin hərbi hissəni və xidmət yerini özbaşına tərk etmə, odlu silah, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə, xüsusilə qəsdən adam öldürmə və özünü öldürmə həddinə çatdırma cinayətlərinin sayı əhəmiyyətli dərəcədə azalıb».

Xeberman.com-a daxil olan məlumata görə, bu barədə Hərbi Prokurorluqda 2016-cı ilin birinci yarısında görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında hərbi prokuror Xanlar Vəliyev məlumat verib. Onun sözlərinə görə, hərbi hissəni və ya xidmət yerini müharibə vaxtı və ya döyüş şəraitində özbaşına tərketmə faktları ümumiyyətlə törədilməyib: «Qeydə alınmış cinayətlərin 99,6 faizi, o cümlədən bütün ağır və xüsusilə ağır cinayətlərin açılması təmin olunub. Bununla yanaşı, qanunvericilikdə nəzərdə tutulmuş silahlı birləşmələrdə bir sıra cinayətlərin cüzi artımı qeydə alınıb.

Silahlı Qüvvələrdə törədilən cinayətlərin qarşısının alınması məqsədilə Müdafiə Nazirliyi və digər qurumlarla birlikdə tədbirlər planları hazırlanaraq təsdiq edilmiş və icrası təmin olunub. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Respublikanın hərbi prokurorluq orqanları tərəfindən 2016-cı ilin birinci yarımilində korrupsiya hallarına qarşı mübarizə sahəsində müvafiq işlər görərək bu xarakterli faktlar üzrə 76 şəxs barəsində 61 cinayət işinin istintaqı tamamlanaraq aidiyyəti üzrə baxılması üçün məhkəmələrə göndərilib.

2016-cı ilin birinci yarımilində hərbi prokurorluq orqanları tərəfindən bir çox ağır, mürəkkəb və çoxepizodlu cinayət hadisələri aşkarlanaraq qeydə alınmış və bu qəbildən olan bir sıra işlərin istintaqı tamamlanıb. İbtidai istintaqın keyfiyyətinin yaxşılaşdırılması, qüvvədə olan cinayət-prosessual qanunvericiliyin tələblərinə dəqiq əməl edilməsi üzərində nəzarət gücləndirilmişdir. Hesabat dövründə dövlət əmlakının külli miqdarda mənimsənilməsi ilə bağlı bir sıra cinayət işləri üzrə istintaq yekunlaşaraq günahkar şəxslər cinayət məsuliyyətinə cəlb ediliblər. Törədilmiş cinayətlər nəticəsində hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın 83,2 faizinin istintaq zamanı ödənilməsi təmin olunub.

Cari ilin altı ayında hərbi prokurorluq orqanları tərəfindən əməliyyat-axtarış tədbirlərinin yerinə yetirilməsi üzərində prokuror nəzarətinin gücləndirilməsi nəticəsində axtarışda olanlardan 25 nəfər tutularaq istintaqa cəlb edilib.

Təhqiqat orqanlarının fəaliyyətində qanunların icrasına dair 72 yoxlama keçirilib, nəticədə 935 qanun pozuntusu aşkar edilib. Qanun pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılması üçün 105 təqdimat göndərilib, 120 nəfərə xəbərdarlıq edilib, 11 cinayət işi başlanılıb, təhqiqat orqanlarının icraatında olan işlər üzrə 72 yazılı göstəriş verilib. Prokurorun təqdimatlarının baxılması nəticəsində 207 nəfər intizam məsuliyyətinə cəlb edilib».

X. Vəliyev qeyd edib ki, dövlət ittihamının müdafiəsi şöbəsi tərəfindən birinci instansiya məhkəmələrinin hökm və qərarlarından verilmiş apelyasiya protestlərinin 46,7 faizi təmin olunub: «Cinayətkarlığın profilaktikası üçün məhkəmə qərar və hökmlərinin rolunun artırılması, məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə səyyar qaydada 95 məhkəmə prosesi keçirilib.

Hərbi prokurorluq orqanlarının hərbi qulluqçularının sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülüb. Hərbi Prokurorluğun vəzifə borclarını layiqincə yerinə yetirən 13 işçisinə respublika hərbi prokurorunun əmrinə əsasən məharət dərəcələri verilib. Xidməti fəaliyyətlərində fərqlənmiş 19 əməkdaş baş prokurorun, 27 əməkdaş isə hərbi prokurorun əmri ilə həvəsləndirilib. Hərbi prokurorun əmri ilə 5 işçi vəzifəsində irəli çəkilmiş, 3 işçi intizam məsuliyyətinə cəlb olunub. Hərbi Prokurorluğun 34 əməkdaşı isə müxtəlif medallarla təltif edilib».

Administratorla əlaqə

077 611-55-22

[email protected]