Ölkə

Tərtərdə mədəni talan – Tender oyunları

13-08-2016, 20:59
İcra başçısı Müstəqim Məmmədov şöbə müdiri Gündüz Mürsəlovla birlikdə yüz minlərlə vəsaiti göyə sovurmaqda ittiham olunur Əbülfəs Qarayev rayonun mədəniyyət və turizm şöbəsinin fəaliyyətini nə vaxt yoxlatdıracaq? «Maliyyə Nazirliyi tərəfindən yerlərdə aparılan yoxlamalar onu göstərir ki, bizim yerlərdəki müəssisələrdə, idarələrdə korrupsiya problemi tam həll olunmayıb». Bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev nazirliyin ötən kollegiya iclaslarından birində deyib. Nazir bildirib ki, Mədəniyyət və Turizm Nazirliyinin daxili strukturunda korrupsiya yoxdur: "Hər bir korrupsiya faktına çox ciddi reaksiya verməlidirlər. 2-3 nəfər şöbə müdirini işdən çıxarmışıq. Bir necə musiqi məktəbinin direktorunun, kitabxana rəhbərinin işdən azad olunmasına qərar vermişik. Artıq keçən ilin mənzərəsinə baxsaq, görərik ki, bu proses əvvəlki illərə nisbətən daha mükəmməl, daha ciddi həyata keçirilib. Heç bir müəssisə rəhbərliyi, şöbə müdiri, hər hansı bir işçi düşünməsin ki, onun nailiyyətləri olub, gözəl təcrübə toplayıb və bu, ona bəraət qazandırır. İyirmi il yaxşı çalışmısansa, halal xoşun olsun. Amma buraxdığın səhvə görə işdən çıxmalısan. Biz hüquq-mühafizə orqanları ilə də əməkdaşlıq edirik. Lazım gəldikdə onların da müdaxiləsini həyata keçirəcəyik». Əbülfəs müəllim nazirliyin daxili strukturunda korrupsiya hallarının olmadığını deyir. Lakin nazirliyin yerli şöbələri haqda bu fikri səsləndirmək heyf ki, mümkün deyil. Çünki bəzi rayonların mədəniyyət və turizm şöbələrində ciddi korrupsiya halları mövcuddur. Daxil olan məlumatlara görə, dövlət büdcəsindən Tərtər rayon Mədəniyyət və Turizm Şöbəsinə ayrılan vəsaitlər məqsədyönlü şəkildə istifadə olunmur. Elə bu səbəbdəndir ki, şöbənin tabeliyində olan kitabxana, mədəniyyət evləri və kənd klublarının bir çoxu bərbad vəziyyətdədir. Etibarlı mənbənin sözlərinə görə, rayonun mədəniyyət və turizm şöbəsinin müdiri Gündüz Mürsəlov özbaşına işlərə imza atmaqla Tərtərdə bu sahənin inkişafına maneçilik törədir: «O bu işləri təkbaşına həyata keçirmir. Əksinə, o, elan edilmiş tenderləri əvvəllər keçmiş icra başçısı Ceyhun Cəfərovun yaxın adamlarının əliylə yoluna qoyurdu. Yeni icra başçısı gəldikdən sonra isə onunla da bu şərtlər daxilində işini davam etdirir. Tərtər rayon Mədəniyyət və Turizm Şöbəsi ötən il «Digər maşın və avadanlıqların satın alınması» məqsədi ilə 36500 manatı "Divanlı-SC” MMC-yə ayırıb. Bundan əlavə şöbə 22600 manatlıq «Avadanlıqların satın alınması» prosesini "Odlu Ürək” MMC-yə həvalə edib. 44 min manatlıq «Bərk inventarların satın alınması» prosesi "Nur Yolu-A” MMC-yə, 7800 manatlıq Soba (odun) yanacağının satın alınması "Zərrə-FM” MMC-yə, 8800 manatlıq yumşaq inventarların satın alınması yenə "Zərrə-FM” MMC-yə verilib. «Zərrə-FM» MMC təkcə bu işləri deyil, həmçinin şöbə üçün digər avadanlıqların alınması prosesini də həyata keçirib. Məsələn, 9400 manatlıq «İdarənin digər xərcləri maddəsi üzrə malların (işlərin və xidmətlərin) satın alınması»nı bu şirkət reallaşdırıb. Dəftərxana ləvazimatları və təsərrüfat mallarının satın alınmasını da həyata keçirən "Zərrə-FM” MMC bunun müqabilində 12 min manata sahib olub. Bir sözlə, Gündüz Mürsəlov və icra başçısı Müstəqim Məmmədov maraqlı tender oyunları həyata keçiriblər. Nəticədə qazanan bu məmurlar, itirən isə dövlət büdcəsidir. Maraqlıdır ki, şöbədə cərəyan edən qanun pozuntuları barədə Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinə dəfələrlə şikayət edilib. Buna baxmayaraq, Əbülfəs Qarayev dövlət büdcəsini mənimsəməkdə ittiham olunan Gündüz Mürsəlovun barəsində heç bir ölçü götürməyib». Amma biz inanmaq istərdik ki, cənab nazir Tərtər rayon Mədəniyyət və Turizm Şöbəsinə tezliklə komissiya göndərib müdirin fəaliyyətini yoxlatdıracaq. Hesab edirik ki, şəffaf yoxlama aparılsa, Müstəqim Məmmədov belə Gündüz Mürsəlovu müdafiə edə bilməyəcək. Yazı ilə bağlı qarşı tərəflərin də cavab haqqını tanıyırıq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]