Əsas Səhifə / Mədəniyyət

Beyləqanda “mədəni korrupsiya”: - Şöbə müdiri ilə və baş mühasibin maxinasiyaları

25-12-2015, 11:32
Mədəniyyət və Turizm Nazirliyinin yerli şöbələrinin bir çoxunun fəaliyyəti qənaətbəxş deyil. Bu sahədə yaşanan problemlər Beyləqan Rayon Mədəniyyət və Turizm Şöbəsində də öz aktuallığını qoruyub saxlayır. Şöbə müdiri Nazim Mirzəyevin fəaliyyətindəki qanunsuzluqlar, eləcə də qeydə alınan maliyyə itkiləri barədə redaksiyamıza şok məlumatlar daxil olub: "Beyləqan rayon Mədəniyyət və Turizm Şöbəsində ciddi yeyinti faktları var. Şöbə müdiri Nazim Mirzəyev və şöbənin baş müsahibi Məhəmməd Həsənovla dövlətin küllü miqdarda vəsaitini müxtəlif işlərin görülməsi adı altında mənimsəyirlər”. Bu cumhuriyyet.az-a daxil olmuş məlumatdandır. Həmin məlumatda iddia edilir ki, Nazim Mirzəyev Mədəniyyət və Turizm şöbəsinin baş mühasibi Məhəmməd Həsənova məxsus "Elmir-Murad” MMC vasitəsilə olduqca maralı maliyyə maxinasiyalarına imza atır. Belə ki, adıçəkilən MMC vasitəsilə kənd klublarının, mədəniyyət evlərinin, kitabxana binalarının cari təmiri üçün vəsait ayrılır, sonradan isə həmin vəsaitin əhəmiyyətli hissəsi Nazim Mirzəyev və Məhəmməd Həsənov tərəfindən mənimsənilir.
Beyləqan rayon Mədəniyyət və Turizm Şöbəsinin nəzdində 1 rayon, Mədəniyyət Mərkəzi, 16 kənd mədəniyyət evi, 18 kənd klubu, 1 Mərkəz, 1 şəhər, 37 kənd kitabxana filialı, 1 yeddiillik uşaq musiqi məktəbi, 1 rayon Tarix-diyarşünaslıq muzeyi, 1 Heydər Əliyev Mərkəzi və 1 Mədəniyyət və istirahət parkı fəaliyyət göstərir. Rayon ərazisində 1 dünya əhəmiyyətli arxeoloji abidə, 8 ölkə və 1 yerli əhəmiyyətli daşınmaz və tarixi abidə qeydə alınmışdır ki, bu abidələr 3 abidə mühafizəçisi tərəfindən mühafizə olunur. Cumhuriyyet.az-a daxil olan məlumatlarda deyilir ki, son illər nazirliyin xətti ilə şöbəyə ayrılan büdcə vəsaitlərinin yetərli hissəsi təyinatı üzrə xərclənməyib. Deyilənə görə, şöbə müdiri Nazim Mirzəyev baş mühasib Məhəmməd Həsənovla birlikdə ciddi qanun pozuntularına imza atıb: "Şöbə müdiri kənd klublarının, mədəniyyət evlərinin, kitabxana binalarının cari təmiri işlərini baş mühasibə məxsus "Elmir-Murad” MMC-yə həvalə edir. Heç bir tender filan keçirmədən. Məsələn, bir müddət əvvəl rayon mədəniyyət və turizm şöbəsinə 120 min manat vəsait ayrılmışdı. Bu vəsait dərhal "Elmir-Murad” MMC-yə yönləndirildi. Ayrılan vəsaitlər isə həmişəki kimi Təzəkənd, Bolsulu, Milabad, Kəbirli, Dünyamallar, Əlnəzərli, Qəhrəmanlı və digər kəndlərdə yerləşən kitabxanaların, mədəniyyət evlərinin, klubların "cari təmiri”nə, həmçinin digər avadanlıqların alınmasına "xərclənib”. Ancaq təmirdən söhbət belə gedə bilməz. Rayondakı mədəniyyət evlərinin və klubların əksəriyyəti baxımsızlıqdan yaman günə düşüb”. Beyləqandakı musiqi məktəbində işləyən müəllimlərin adına yazılan artıq dərs saatlarının pulunun məlum ünvana getdiyini deyən mənbə qeyd etdi ki, müdir bu kimi işlərdən hər ay böyük miqdarda qazanc götürür: "Bundan başqa, Beyləqan Mədəniyyət və Turizm Şöbəsində bir neçə adı olub özü olmayan işçi var. Onların adına əməkhaqqı kartları açılıb və dövlət hər ay bu "işçi”lərə maaş verir. Bu pulların kimlərin cibinə getdiyi də məlumdur. Buna baxmayaraq, heç bir tədbir görən yoxdur”.
Redaksiyamıza daxil olan məlumatda həmçinin göstərilir ki, kəndlərdəki klubların sadəcə adı var. Mənbənin iddasına görə, Yeni Mil, Milabad, Qəhrəmanlı, Təzəkənd, Bolsulu, Aran, Aşıqlı, Qarallar, İmamverdilər, Eyvazallar, Binnətli, Talıbxanlı, Şərq və digər kəndlərdəki klublar demək olar ki, yox vəziyyətindədirlər. Həmin klublar ya çayxana ya da mağaza kimi fəaliyyət göstərir: "Təbii ki, Nazim Mirzəyev kommersiya obyektinə çevirdiyi bu "mədəniyyət evləri və klublardan” heç də az qazanmır. Həmçinin rayonun bütün kənd kitabxanalarının da ya çayxanaya, ya da dükana çevrildiyi qeyd olunur. Yalnız rayon mərkəzi, Dünyamallar kənd, Şahsevən kənd və Kəbirli kənd kitabxanaları fəaliyyət göstərir ki, bu kitabxanaların bazası da sovet dönəmindən qalmadır. Yerdə qalan 32 kitabxana isə Nazim Mirzəyevin sənədlərində fəaliyyət göstərir”. Bu, şöbə müdirinin işində yol verdiyi nöqsanların sadəcə bir hissəsidir. İnanırıq ki, nazir Əbülfəs Qarayev, maliyyə naziri Samir Şərifov, Hesablama Palatası və Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəhbərliyi şöbədə qeydə alınan nöqsanlarla bağlı araşdırmalara başlayacaq və müdirlə bağlı zəruri tədbirlər həyata keçirəcəklər.

Administratorla əlaqə

077 611-55-22

[email protected]