Əsas Səhifə / Gündəm

Bakı Baytarlıq İdarəsinin müdiri Aslan Aslanov, dövlət tərəfindən verilən vaksinləri özünə məxsus aptekdə satdırır

7-07-2014, 14:13
Bakı Baytarlıq İdarəsinin müdiri Aslan Aslanov, dövlət tərəfindən verilən vaksinləri özünə məxsus aptekdə satdırır
Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Dövlət Baytarlıq Xidmətində (DBX) baş verən qanunazidd əməllər barədə ətraflı məlumat vermişdik. Həmin yazılarda DBX-yə daxil olan Bakı Şəhər Baytarlıq İdarəsindəki qanunsuzluqlardan söhbət açmışdıq.

"Bakı Şəhər Baytarlıq İdarəsinin müalicəxana müəssisəsinin müdiri və Bakı şəhər Baytarlıq idarəsinin rəisi Aslan Aslanov vəzifədən öz bildikləri kimi istifadə edirlər. Belə ki, paytaxt üzrə ət kəsimi məntəqələrində heyvanların sağlamlığına nəzarət edən, xəstə heyvanların müalicəsinə cavabdeh olan şəxslər bunların heç birini istənilən şəkildə görmür. Heyvanlar kəsilməmişdən qabaq idarə sağlamlıq kağızı verməlidir ki, müdir bunu kağız müqabilində verir", deyə qeyd olunmuşdu. DBX rəisi Siyalə Rüstəmova isə idarə müdirinə nəyəsə görə güzəştə gedir və törətdiyi fəsadlara sanki göz yumur.

Dünən isə DBX-də və Bakı Şəhər Baytarlıq İdarəsində cərəyan edən ilginc hadisələrlə bağlı yeni məlumatlar əldə etmişik. İdarədəki mənbələrdən redaksiyamıza verilən məlumata görə, Xalqxeber.Az-da dərc olunan yazıdan sonra Bakı şəhər Baytarlıq İdarəsində təcili olaraq iclas keçirilib. Aslan Aslanovun sədrliyi ilə keçirilən iclasda bəzi gərginliklər yaşanıb. İdarə rəhbəri hirsli şəkildə işçilərin üstünə qışqırıb: "Məqalənin çap olunmasından sonra idarədə işləyənlərin hamısı təşvişə düşüb. Aslan müəllim sayta informasiya ötürən şəxsləri tapıb cəzalandıracağını deyib. İndi burda hamı bir-birindən şübhələnir. Ehtiyat edirlər artıq söz danışmağa". Mənbə deyir ki, Bakının baş baytarı idarəyə ayrılan təsərrüfat xarakterli vaksinləri özünə məxsus olan aptekdə satdırır: "Mən sizə elə məlumatlar verəcəm ki, onların hamısını şoka salacaq. Aslan Aslanovun Bakının mərkəzində bir neçə böyük baytarlıq apteki olduğuna dair iddialar var. Məlumatda qeyd olunur ki, Aslan Aslanovun apteklərini bütün baytar həkimlər tanıyır. Dövlət tərəfindən verilən vaksinlər bildiyimiz kimi pulsuzdur. Həmin vaksinlərin əldə satılmasına qətiyyən icazə verilmir. Yəni bu dərman preparatları təsərrüfatlara verilir ki, pulsuz xidmət göstərilsin. Amma həmin vaksinlər idarə rəhbərinin aptekində satılır". Mənbəmizin iddialarına görə, bu şəxs idarəyə rəhbər keçəndən sonra burda bəzi qruplaşmalar yaranıb: "Onlar paytaxtdakı bütün kafelərə, dönərxanalara belə desəm, basqın edib onlardan sənəd tələb edirlər. Halbuki əllərində belə bir ixtiyarları yoxdur. Zorla nəysə istəyirlər. Bu yolla hər gün külli miqdarda gəlir əldə edirlər". Verilən məlumatlar içərisində diqqət çəkən məqamlardan biri də Bakı şəhər Baytarlıq İdarəsinin rəisinin müavini ilə bağlıdır. Mənbə bildirir ki, idarədəki bütün kadr işlərinə nəzarət edən şəxs Aslan Aslanovun müavini Adil Usubovdur: "O, idarənin bütün işlərinə qarışır. Ürəyi kimi istəyirsə, vəzifəyə gətirir. Kimdən xoşu gəlmirsə, işdən çıxarır. Bu adam Baş Prokurorun birinci müavini Rüstəm Usubovun qardaşıdır.

Bir sözlə desək Rüstəm Usubovun qardaşı olmasından necə lazımdısa istifadə edir. Rəis müavini baytarlıq sahəsini iflic edib. Onun niyyəti Bakı şəhər Baytarlıq idarəsinə rəis keçməkdir. Dövlət büdcəsinə keçirilməli olan rüsumlar bəzi şəxslərin cibinə gedir. İdarədə sanki vəzifə alqı-satqısı gedir. Müssisə iki nəfərin hakimiyyəti altındadır-Aslan Aslanovla, Adil Usubovun. Bazarlardakı baytarlıq laborotoriyaları heç bir avadanlıqla təchiz olunmayıb. Halbuki bunun üçün müəyyən qədər vəsait ayrılıb. Ortada isə konkret heç nə yoxdur".

Növbəti yazılarda baytarlıq sistemində baş alıb gedən özbaşınalıq, vəzifə bölgüsü, nazir Heydər Əsədovun bu işlərdə rolu, eləcə də DBX-də gözlənilən korrupsiya yoxlamaları heç kimə məlum olmayan faktları açıqlayacağıq.

Qarşı tərəfin də münasibətini dərc etməyə hazırıq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]