“Dini radikalizmlə mübarizə, milli mənəvi dəyərlərimizin təbliği” adlı layihənin icrasına başlanılıb
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə dini radikallıq və ekstremizmə qarşı yönəlmiş maarifləndirici tədbirlər çərçivəsində Ağdam rayonunda "Gələcək və İnkişaf” Gənclər İctimai Birliyi tərəfindən "Dini radikalizmlə mübarizə, milli mənəvi dəyərlərimizin təbliği” adlı layihənin icrasına başlanılıb.
Xeberman.com xəbər verir ki, layihə çərçivəsində keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, Ağdam Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Mehman Mustafayev, rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Anar Əsgərov, "Gələcək və İnkişaf” Gənclər İctimai Birliyinin həmtəsisçisi Zahid Əkbərov, ziyalılar, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Layihənin icrası zamanı iştirakçılara radikal dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, onlara qarşı səmərəli mübarizə aparılması və dini maarifçilik işinin düzgün metodlarla təşkili istiqamətində məlumat verilib, həmçinin gənclərin milli mənəvi ruhda tərbiyə edilməsi və düzgün maarifləndirilməsinin əhəmiyyətindən, onları radikal təsirlərdən qorumağın yollarından bəhs edilib.
Dini radikalizmin qarşısının alınmasında ən mühüm addımın maarifləndirmə olduğunu qeyd edən natiqlər gənclərimizin radikalizmdən uzaqlaşdırılması, onlara vətənpərvərlik və dövlətçilik hissinin aşılanması, milli mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində bu cür layihələrin reallaşdırılmasının vacibliyindən danışıblar.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında çəkilən, dini radikalizmlə mübarizənin dini, psixoloji, hüquqi, siyasi və mənəvi tərəflərinin işıqlandırıldığı "Fitnə” sənədli filmi nümayiş etdirilib və film ətrafında müzakirələr aparılıb.
Sonda layihə iştirakçılarına sertifikatlar təqdim edilib.