Əsas Səhifə / Yazarlar

"Hisslərin qurbanı" (hekayə)

29-07-2016, 18:00
"Hisslərin qurbanı" (hekayə)
Bu hərəkətin heç yaxşı deyil. Bir düşün sən ki savadlı, ağıllı oğlansan.

Nicat dostu Pərvizi başa salmağa çalışırdı ki, evli qadını sevmək, onunla eşq yaşamaq yaxşı hal deyil. Həm də böyük günahdır. Pərviz isə başını aşağı salıb dinmirdi. Həm də necə dinsin, nə desin? Axı, Nicat nə deyirdisə, düz deyirdi. Pərviz bilirdi ki, dostu söylədiyi bütün sözləri doğrudur. Çünki əsirinə çevrildiyi hisslər onu uçuruma aparır. Hissləri ürək idarə edir, ürəyi isə çox zaman idarə edə bilmir. Pərviz bütün bunları anlayırdı, amma..

-  Nicat, məni də başa düş. Mən onu sevirəm, o da məni sevir.

Nicat əsəbləşərək:

-  Evli qadını nə sevmək?! Ağlını itirmisən? Bu sevgi deyil, ehtirasdır. Axı sən kişisən, hisslərinə hakim olmağı bacarmalısan. Sən subaysan, həyatını qur. Əmin ol Pərviz, bir gün namusunu bir yastığa baş qoyduğu ərinin şərəfini satan bir qadın bir gün də səni satacaq. O cür qadınlara etibar yoxdur. Necə deyərlər, ilanda cəfa, fahişədə vəfa olmaz.

Nicatın "fahişə" sözü Pərvizin ürəyincə olmadı və o, əsəbi şəkildə dilləndi:

- Danışığına fikir ver. Aybəniz (bayaqdan söhbət getdiyi evli qadın) sən fikirləşdiyin kimi fahişə deyil. Tanımadığın haqda belə danışma. Biz, sadəcə, bir-birimizə bağlanmışıq. O, mənsiz, mən də onsuz yaşaya bilmərəm.

***     

Əslində, Pərviz kimi Aybəniz də onu sevirdi - təmiz, pak hislərlə. Hətta evli olsa belə. O, ərindən görmədiyi nəvazişi Pərvizdən görürdü. Ərindən eşitmədiyi xoş sözləri Pərvizdən eşidirdi. Bütün bunlara görə Aybəniz Pərvizə bağlanmışdı. Onu sevirdi. Hər zaman Pərvizi düşünürdü - gecələr ay doğanda da, gündüzlər günəş çıxanda da. Boşanmağa da qorxurdu. Çünki həm ortada üç yaşlı uşağı vardı, həm də ailəsindən ehtiyat edirdi. Ancaq belə də yaşaya bilmirdi. Necə deyərlər, aşağı baxır saqqal, yuxarı baxır bığ. 

***

Pərviz və Aybəniz dəli kimi biri-birilərini sevirdilər. Aybəniz Pərvizi özünə sevgisi ilə bağlaya bilmişdi. Ancaq bu bağların nə zaman qırılacağını tək Allah bilirdi. Amma bu sevgi uzandıqca iki gəncə böyük günahlar gətirirdi. Bir gənc oğlan evli qadını sevir, onunla gizlincə görüşür, bir gənc gəlin isə ərinə xəyanət etmiş olur - bunun adı sevgi olsa belə. Bütün bunları dərk edən Pərviz Aybənizdən uzaqlaşmaq qərarına gəlir. Həm də Aybənizi də özündən uzaqlaşdırmaq istəyir. Tək özünə görə deyil, həm də sevdiyi Aybənizə görə. Bələliklə, o, Aybənizə belə bir mesaj yazır: "Bizimki axıra qədər davam edə bilməz. Bu, hər ikimiz üçün yaxşı nəticələnməyəcək. Biz bu gündən əlaqələri kəssək yaxşıdır. Əlvida, canım qədər sevdiyim Aybəniz. Kaş səninlə o toyda rast gəlməyəydik. Məni bağışla. Tanrı da bizi bağışlasın". Bu mesajdan sonra Aybəniz Pərvizin telefon nömrəsinə zəng etdisə də, zəng çatmadı. O, hər şeyin bitdiyini anladı...

***

Bir neçə gün sonra Pərvizin qəzetdən oxuduğu xəbər onu bərk sarsıtdı: "Dünən gecə paytaxtda intihar hadisəsi baş verib. Bakı şəhər sakini, 30 yaşlı Qulamova Aybəniz Eldar qızı intihar edib. İntiharın dəqiq səbəbi bilinməsə də, mərhumun cibindən bu sözlər yazılmış kağız parçası tapılıb: ""Sənə görə ölməyə də dəyər...""

Anar Məcidzadə

Azərbaycan Yazıçılar Birliyinin üzvü

Administratorla əlaqə

077 611-55-22

[email protected]