Gündəm

Eldar Mahmudovun kamerasına Azər Tağıyev də tuş gəlib

15-07-2016, 03:33

İddiaya görə VK sədri yaxını barəsindəki kompromatların yayılmamasını xərac ödəməklə önləyib

 

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyi rəsmilərinin nazirlərdən, komitə sədrlərindən, icra başçılarından xərac toplamaları haqda məlumatlar vardı. 

Bu sıraya Vəkillər Kollegiyasının sədri Azər Tağıyevin də adı qarışıb. Gununsesi.info yazır ki, Azər Tağıyevin yaxın çevrəsinə daxil olan şəxslərdən birinin şəxsi həyatına aid video görüntülər çəkən MTN-nin Anti-Terror Mərkəzinin əməkdaşları sonradan onu şantaj edərək, 700 min manat pulunu alıb. Məlumatda o da bildirilir ki, Azər Tağıyev pulun bir hissəsini kollegiyanın hesabından çıxarıb. A.Tağıyevin müavini Aydın Axundov deyilənlərin həqiqəti əks etdirmədiyini bildirib: "Mən sizin sorğunuzla bağlı Azər müəllimin özündən də soruşdum. O, belə bir hal olmadığını dedi. Görünür, kimlərsə, Azər müəllim barəsində bu cür yalan məlumat yayırlar”.

Qeyd edək ki, bir müddət əvvəl MTN-in keçmiş zabiti Ərəstun Oruclu Eldar Mahmudovun qruplaşmasının əlində tanınmış və imkanlı şəxsləri, ictimai fəalları və digərlərini şantaj etmək üçün gizli çəkilişlərin olduğu haqda açıqlama vermişdi. Keçmiş MTN zabiti Eldar Mahmudovun videotekasındakı CD-lərin konkret sayını açıqlamışdı. Demişdi ki, "mahmudovçu”ların əlində 2800 ədəd video olması xəbərini ona mötəbər mənbələrdən veriblər. 


"Bunlar jurnalistlər, ictimai fəallar, tanınmış şəxslər, o cümlədən yüksək vəzifəli məmurlar və ailə üzvləri barədə gizli videoçəkilişlərdir. Lakin həmin videoların hazırda harada olduğu haqda məndə məlumat yoxdur. Mənə verilən məlumat belədir ki, bunların əlində həmin sayda seks videoları olub, başqa təfərrüatları bilmirəm. Yəqin ki, bu, ciddi araşdırma mövzusu ola bilər”, - keçmiş MTN zabiti bildirib.

"Hüquqi Dövlət” Araşdırmalar Mərkəzinin rəhbəri, tanınmış hüquqşünas Müzəffər Baxış Vəkillər Kollegiyası sədrinin MTN-ə aparılmasından xəbərsiz olduğunu deyir. Bildirir ki, kollegiya sədrinin şantaj edilərək 700 min manat alınması haqda mətbuatdan oxuyub: "Azər Tağıyev cəmiyyətdə nüfuzu olan şəxs deyil, barəsində müəyyən şübhələr mövcuddur. Şəxsi həyatında çox ciddi problemlər olub”.


M.Baxış ciddi problemlərin nədən ibarət olduğunu açıqlamayıb, deyib ki, bu haqda məlumatlı olanlar var.

Tanınmış hüquqşünas A.Tağıyevin 700 min manat xərac ödəmək imkanının varlığına işarə edən məlumatlara da münasibət bildirdi: "Rəyasət Heyətində öz əmək haqlarını özləri müəyyən edirlər. Bildiyim qədər Azər Tağıyev 2 min manat əmək haqqı alır. Bu pullar hər ay vəkillərdən toplanan 42 manatlıq üzvlük haqqı hesabına formalaşır. Vəkillər ayda 200-300 manat pul qazanır, Azər Tağıyev də oturub orada 2 min manat əmək haqqı alır. Çox ədalətsiz bir sistemdir. Üstəlik Azər Tağıyev Mərkəzi Seçki Komissiyasının üzvüdür, oradan da 1000 manata yaxın əmək haqqı alır. Gördükləri bir iş də yoxdur”.

E.HÜSEYNOV

Administratorla əlaqə

077 611-55-22

[email protected]