Ölkə

“Qardaşım özünü pəncərədən atmayıb, 17 dəqiqə qışqırıb kömək istəyib”

15-07-2016, 02:36

Binəqədidəki yanan binada dünyasını dəyişən şəxsin bacısı danışdı; Günay İsayeva: "Yaşarın qaldığı mənzil 1 otaqlı olduğuna görə onun başqaları kimi digər otaqlara keçmək imkanı olmayıb”

 

Ötən sayımızda Binəqədidəki çoxmərtəbəli binanın yanması zamanı dünyasını dəyişənlərdən biri - Yaşar Nəcəfzadə haqda yaranmış sualları qeyd etmişdik. Y.Nəcəfzadənin yanan binadan çıxmaq imkanları, bina sakini Bilal adlı şəxslə yanğın zamanı pilləkənlərdə rastlaşması, sonradan geri qayıtmasını diqqətə çatdırmışdıq. Gənc bir idmançının bu hərəkətlərinin yaratdığı suallar da yazıda yer almışdı.

Yazı dərc olunandan sonra redaksiyamızla əlaqə saxlayan mərhum Y.Nəcəfzadənin bacısı Günay İsayeva vəziyyəti aydınlaşdıran açıqlama verib. Deyib ki, qardaşı əslində yanan binadan çıxmağa cəhd göstərib: "Qardaşım həmin mənzili 1 il 1 ay əvvəl kirayələmişdi. Ona qədər çalışdığı "Favorit" marketin yaxınlığında dostu ilə birgə orada qalırdı. Həmin mənzilə görə 400 manat kirayə haqqı ödəyirdilər. Dostu mənzildən çıxdı, ona görə də Yaşar 400 manatı tək ödəyə bilmədi. Bundan sonra anamgil gedib həmin yanan binadakı mənzili tapmışdılar".

G.İsayeva deyib ki, həmin mənzilə görə Y.Nəcəfzadə ayda 280 manat kirayə haqqı ödəyib: "1 otaqlı olsa da, şəraiti çox yaxşı idi. Qardaşım Texniki Universiteti bitirmişdi, 2 xarici dil bilirdi. "Favorit" marketlər şəbəkəsində adminstrator işləyirdi. Yaşarın kirayələdiyi mənzilin altındakı və üstündəki bütün mənzillər 3 otaqlı olub. Yaşarın kirayədə yaşadığı mənzil də əvvəllər 3 otaqlı olub. Sonradan evi iki yerə bölüblər və 1 otağını satıblar. Alan şəxs də həmin 1 otaqlıda pəncərə olmadığına görə divarda 1 pəncərə açdırıb, mənzili təmir edərək kirayə verib. Yanğın zamanı digər bina sakinləri yanan otaqdan digərilərinə keçməklə xilas ola biliblər. Yaşarın qaldığı mənzil 1 otaqlı olduğuna görə onun başqaları kimi digər otaqlara keçmək imkanı olmayıb".

G.İsayeva deyir ki, binanın yan hissəsində yalnız qardaşının kirayə yaşadığı mənzildə pəncərə olub: "O binada Yaşarın kirayələdiyi mənzildən başqa digər mənzillərin binanın həmin hissəsinə pəncərəsi yoxdur. Yaşar yanğın zamanı binanın üzlüyünə vurulmuş poliuretanın bərkidildiyi konstruksiyalarla aşağı düşməyə çalışıb. Görüb ki, mümkün deyil, dama çıxmağa çalışıb. Orada da bağlı olub, buna görə də mənzilə qayıtmağa məcbur olub”.

Mərhum Yaşar Nəcəfzadənin bacısı deyir ki, qardaşının bina sakini Bilal Rəsulovla pilləkənlərdə rastlaşdığını təsdiqləyir, onun mənzilə geri qayıtmasının səbəbini də izah edib:  "Qardaşım binanın 14-cü mərtəbədə yaşayıb. Onun yanğın zamanı binanın 15-ci mərtəbəsində rastlaşdığı Bilal Rəsulov da 14-cü mərtəbədə yerləşən 3 otaqlı mənzildə yaşayır. Bilal Rəsulovla qardaşım 14-cü mərtəbədə üzbəüz mənzillərdə yaşayıblar. Bilal Rəsulovla yanğın zamanı 15-ci mərtəbədə qarşılaşanda o, qardaşıma deyib ki, gəl yuxarı, dama qalxaq. Qardaşım da deyib ki, yuxarıdan düşürəm, ”krışa" bağlıdır. Yaşar Bilaldan soruşub ki, hara gedək. Bilal Rəsulov da deyib ki, onda aşağı düşək. Aşağı bir neçə mərtəbə düşüblər, görüblər ki, tüstüdür, boğulurlar, məcbur olub geri dönüb hərə özü evinə gedib. Yaşarın kirayə qaldığı mənzil 1 otaqlı olduğundan çıxış yolu tapmayıb pəncərəyə çıxıb. Bilal Rəsulovun qaldığı mənzil isə 3 otaqlıdır. O, yanan otaqdan yanmayan otağa keçdiyinə görə sağ qalıb. Bilal Rəsulov tüstüdən boğulub, onu fövqəladənin işçisi xilas edib". 

G.İsayeva qardaşının özünü atması haqda məlumatların doğru olmadığını bildirib: "Yaşar özünü atmayıb, o, pəncərədə 17 dəqiqəyə yaxın qışqıraraq kömək istəyib. Sonardan isə tüstüdən boğularaq huşsuz vəziyyətdə əli boşalıb və oradan yerə yıxılıb”.
Qeyd edək ki, ötən il mayın 19-da Binəqədi rayonunda yerləşən 16 mərtəbəli binada 15 nəfərin ölümü, 56 nəfərin yaralanması ilə nəticələnmiş yanğın baş verib. İlk gündən yanğının qəsdən törədilməsi haqda iddialar var. Hazırda iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmədə üzə çıxanlar - təqsirləndirilənlərin fikirləri, zərərçəkənlərin məhkəmə binası önündə jurnalistlərə söylədikləri - binanın qəsdən yandırılması versiyasını gücləndirir. Təqsirləndirilən şəxslər ittihamı qəbul etmir, zərərçəkənlər isə onların suçlu olmalarına inanmadıqlarını söyləyirlər.

E.HÜSEYNOV

Administratorla əlaqə

077 611-55-22

[email protected]