Ölkə

Yanan bina abidəyə çevrilməli...

19-05-2016, 13:58
Sakinlərinə isə Bakının ən yaxşı mənzilləri verilməli idi!
Yanan bina abidəyə çevrilməli...
 
Dünyada Azərbaycandan başqa ikinci bir ölkə varmı ki, orada tikinti-abadlıq işi insanda ikrah hissi oyatsın? Azərbaycanda bütün sahələrdə olduğu kimi, bu işdən də korrupsiya qoxusu gəlir, bu iş xalqın rifahına yox, hakimiyyətin davamlı sərvət toplamasına xidmət edir. Bakıda 16 mərtəbəli yaşayış binasındakı dəhşətli yanğından sonra isə quruculuq işi ikrah yox, nifrət doğurur! 
Hakimiyyət hətta tikmək, yaratmaq kimi şərəfli bir işdən də iyrəndirdi cəmiyyəti; bütün dəyərləri gözdən saldığı kimi… Yaxşı nəyə əl atdısa, onu özü kimi ucuzlaşdırdı, bayağılaşdırdı. Əyalətçilərin, görməmişlərin, hərislərin rəhbərlik iddiasına düşdüyü bir ölkədə belə də olmalıydı… "Yeni Azərbaycan”, "Modern Bakı” quracaqlarmış? Necə deyərlər, ayağıyalın çobanlar "göydələn” tikməkdə yarışacaq, sonda ölkəni və dörd milyon insanın yaşadığı paytaxtı fəlakətə sürükləyəcəklərmiş?! 
Binəqədi rayonunda külə dönən 16 mərtəbəli bina sözün həqiqi mənasında qəfəs imiş. Binanın fasadının sintetik üzlüklə örtülməsi azmış kimi, üstəlik, bütün eyvanlar qapadılmış, pəncərələrə də tünd rəngli şüşələr vurulmuşdu… Təsəvvür edirsinizmi, bu nə deməkdir? Məmur zövqü və inzibati-amiranə metodla yenidən qurulan təhlükəli binada sakinləri yaşamağa məcbur ediblər?! Sonda da bu qəfəs-binadan qurtula bilməyən insanlar diri-diri yandı, tüstüdən-zəhərdən boğularaq can verdi! 
Hələ həyasızcasına deyirlər ki, "dövlət vətəndaşın yanında oldu”… Birincisi, dövlət başqa harda olmalıydı ki? Ikincisi, dövlət vətəndaşın yanında idisə, niyə vaxtında binaların tezalışan örtüklərlə üzlənməsinin qarşısını almadı? Ya da deyirlər ki, bu hadisə təxribatdır, "Azərbaycanınÿinkişafınıÿgözü götürməyənlərin” işidir… Guya, təxribat olsa, hakimiyyət məsuliyyət daşımayacaqmış? Bəs, bu təxribata münbit zəmin yaradan kimmiş? 
Bakının binalarını sintetik fasadlarla bəzədən məmurlar şəhəri gözəlləşdirdiklərini düşünürlər; əslində isə Bakını özləri kimi süni və qəlibdən çıxmış bir şəhərə çeviriblər. Axı, nə vaxtdan dizayn, memarlıq və şəhərsalma sahəsi icra başçılarının işi olub? Hanı mütəxəssislər? Yoxdur, çünki, Yapçı məmurlar heç zaman yaradıcı şəxsin – müstəqil düşüncənin məhsulunu yaxına buraxmazlar! Çünki, onları tikintidə "pripiska” yolu ilə milyonlar qazanmaq, həm də "abadlıq” adı altında şan-şöhrət əldə etmək düşündürür.  
Talançı hakimiyyət əvvəl vətəndaşı evindən zorla çıxarmaqla, mülkünü gözünün qarşısında uçurmaqla öldürdüsə, indi elə evinin içindəcə öldürür… Yanan binada olduğu kimi! Ancaq bu gün Bakının bütün məhəllələri, bütün yaşayış binaları potensial ölüm düşərgəsidir. Bir-birinə sıxÿtikilmiş qaba "göydələn”lər, məhəllələrin giriş-çıxışında, eləcə də binalara bitişik kafelər, kababxanalar və başqa obyektlər fəlakət mənbəyidir. Yanğına, təhlükəsizliyə cavabdeh olanlar hara baxır? 
Binəqədi rayonunda yanan bina sanki ruhu çoxdan öldürülmüş Bakıya bir başdaşı oldu?! Bunu demək nə qədər ağır olsa da, acı reallıqdır! Indi bu binada odun-alovun içində can verən insanların, uşaqların bizdən incimiş ruhları dolaşır. Sizcə, bu binanı yenidən təmir etmək, yoxsa onun yerində abidə və ya xatirə parkı salmaq doğru olardı? 
Belə bir abidəni, bəlkə də hər birimizə ibrət olsun deyə, yaratmaq lazımdır… Əslində, hamımız günahkarıq; şəhərimizi fəlakət ocağına çevirən məmurların cinayətkar fəaliyyətinə vaxtında etiraza qalxmadığımız üçün, əməli iş görmədiyimiz üçün… Susmaq baha başa gəlir! Ancaq, xalqdan uzaq məmurlar bu faciənin miqyasını hələ də dərk etmir və duymurlar; kədərləri saxtadır, aldatmasın bizləri… Öz əllərilə yandırıb-yaxdıqları binanı indi də təmir edib "ən qısa zamanda” sakinlərə təhvil verəcəklərini təntənə ilə söyləyirlər. Həmin bina ki, aylarla lifti təmirsiz imiş, baxan yoxmuş… Həmin lift ki, yanğın zamanı onunla yanğından qurtula biləcəklərini düşünürmüş sakinlər… Indi o da düzələr?! Bu dəfə eyvanları da açarlar, o müdhiş yanğında havaya həsrət qalan insanlar doyunca nəfəs alsın deyə… Təki xalqın qəzəbi soyusun, sonra hər şey unudular… 
O bina Bakının icra başçısının həmişə öyündüyü "Avropa standartları” ilə təmir ediləcək. Görəsən, orda təhlükəsizliyin də heç olmasa minimum standartları təmin ediləcəkmi? Ancaq, nə etsələr belə, o binada yenidən yaşamaq ağır olacaq… Bunu sakinlər də dilə gətirir: "Mən şəxsən o binaya qayıda bilmərəm, orada yaşaya bilmərəm. Ölənlər gözümün qabağındadır” – deyən Bilal Rəsulov kimi; "O binada mənim həyat yoldaşım və körpə balam vəfat edib… Mən o evdə daha yaşaya bilmərəm” – deyən Anar Kərimov kimi… 
Soyuq qəlbli məmurlarda hiss hanı, duyğu hanı, bunu anlasınlar?! Əslində, sakinlərə yeni mənzillər verilməli idi, həm də Bakının ən yaxşı mənzilləri! Onlar bunu haqq edirlər… Heç olmasa, o binanın qarşısında həlak olan körpələrçün düzülən oyuncaqları saxlamaq və oradaca bir xatirə guşəsində qorumaq lazımdır. Körpələrin doyunca oynaya bilmədiyi oyuncaqlar! 

Şövkət Məmməd.

Administratorla əlaqə

077 611-55-22

[email protected]