Dünya

Bəhreyndə hadisələr yenidən qızışır

22-06-2016, 00:18
Bəhreyndə hadisələr yenidən qızışır
Yerli hakimiyyətin şiə ruhanisi İsa Qasimi vətəndaşlıqdan çıxarması etirazlara səbəb olub, ən sərt etiraz isə iranlı general Qasim Süleymanidən gəlib

Bəhreyn hakimiyyəti ölkənin nüfuzlu şiə ruhanisi Şeyx İsa Qasimi vətəndaşlıqdan çıxarıb. Şeyx İsa Qasim 2011-ci ilin fevralında Bəhreyndə başlayan hökumət əleyhinə etirazların əsas liderlərindən idi. 

Bəhreyndə "Ərəb baharı” dalğası 2011-ci ilin əvvəllərində başlamışdı. Həmin il fevralın 14-də təşkil olunan nümayişlər tezliklə genişmiqyaslı etirazlara çevrilmişdi. Ali Xəlifə hakimiyyəti etirazların qarşısını ala bilmədiyi üçün Körfəz Əməkdaşlıq Təşkilatından yardım istəmiş və qısa müddətdə Səudiyyə Ərəbistanına məxsus hərbi qüvvələr Bəhreynə daxil olaraq etirazları yatırmışdı. 


Yerli hüquq müdafiəçilərinin və beynəlxalq təşkilatların hesabatlarına əsasən, Bəhreyn etirazları zamanı 11 dinc nümayişçi həyatını itirib, 86 nəfər ömürlük şikəst olub, 1800 nəfər isə həbs olunub, yaxud itkindir. Ancaq buna baxmayaraq etirazlar kiçik qruplar halında da olsa davam edib, aksiyaların təşkilatçıları həbs olunub. Onlardan biri də şiə ruhanisi Şeyx İsa Qasim idi. İsa Qasim bir neçə dəfə həbs edilib, ancaq beynəlxalq təşkilatların və yerli ictimaiyyətin etirazları nəticəsində azad buraxılıb.

İsa Qasimi

Qeyd edək ki, Bəhreyn əhalisinin böyük çoxluğu şiələrdir. Şiə ruhani olan İsa Qasim əhali arasında böyük nüfuza malikdir. Ancaq ötən dövrdə digər Yaxın Şərq ölkələrindən fərqli olaraq Bəhreyndə silahlı toqquşmalar, hökumətə qarşı silahlı hücumlar baş verməyib. Bunun əsas səbəbkarı isə İsa Qasim olub. Hələ 2011-ci ildə o, fətva verərək, hökumətə qarşı etirazlarda silah işlətməyi haram elan etmişdi. Ancaq buna baxmayaraq hakimiyyət onun nüfuzundan narahat olaraq bir neçə dəfə həbs edib. 

İndi isə Bəhreyn hökuməti İsa Qasimi vətəndaşlıqdan məhrum etməklə bağlı qərar verib. Bu isə Bəhreyndə ciddi etirazlara səbəb olub. Şeyxin yaşadığı şəhərdə, evinin qarşısında etiraz aksiyaları təşkil olunub. 

Ən sərt etiraz isə İrandan gəlib. İranın ölkə xaricində silahlı əməliyyatlarına cavabdeh olan Qüds briqadasının komandiri, general Qasim Süleymani açıqlama yayaraq Bəhreyn hakimiyyətini təhdid edib. İran Fars Agentliyinin məlumatına görə, açıqlamada, İsa Qasimin rejimin bütün basqılarına baxmayaraq dinc etirazları dəstəklədiyi, qarşıdurmaya imkan vermədiyi qeyd olunur. Bəyanatda iranlı general Şeyx İsa Qasim və Bəhreyn xalqına qarşı Bəhreyn hakimiyyətinin addımlarına legitimlik qazandıranların cavabdehlik daşıyacağı, bunun qanlı bir intifada (kütləvi etiraz) və qiyama səbəb olacağı da qeyd olunur. 

Qasim Süleymani

Bəyanat kifayət qədər sərtdir və hətta təhdid mahiyyətindədir. Eyni zamanda mətndən aydın olur ki, burda mesaj Bəhreyn hakimiyyəti ilə yanaşı, onun əsas dəstəkçisi Səudiyyə Ərəbistanına ünvanlanıb. Bu isə ağıllara ilk növbədə İran və Səudiyyə Ərəbistanı arasındakı gərginliyi gətirir. Məlum olduğu kimi, hazırda iki ölkə arasında ciddi gərginlik mövcuddur və faktiki olaraq Suriyada, Yəməndə baş verən olaylar iki ölkəni qarşı-qarşıya gətirib. Bəhreyn hakimiyyətinin Şeyx İsa Qasimi vətəndaşlıqdan çıxarması bu ölkədəki etirazların alovlanmasına, Sepah generalının yazdığı kimi, Bəhreyn hakimiyyətinə və onun dəstəkçilərinə qarşı böyük etiraza, silahlı müqavimətə səbəb ola bilər. Proseslər bu şəkildə cərəyan etsə, Yaxın Şərqin daha bir ölkəsi İran-Səudiyyə qarşıdurmasına səhnə olacaq. 



Məlum olduğu kimi, Orta Əsrlərdə Səfəvi imperiyasının ərazisi olan Bəhreyn son 100 ildə ingilislərin müstəmləkəsinə çevrilib, 1971-ci ildə isə müstəqil olub. 

Kiçik ada-dövlətin əhalisinin böyük çoxluğu (bəzi mənbələrdə 70, bəzilərdə 80 faizi) şiələrdən ibarət olan Bəhreyn Yaxın Şərqin ən zəngin neft-qaz ölkələrindən biridir. Ölkənin qeyd-şərtsiz hakimi olan Ali Xəlifə sülaləsi isə daha çox Səudiyyə Ərəbistanı ilə müttəfiqdir. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]