Gündəm
Eldar Mahmudovun son fotoları - görənlər inanmaz ki...
9-11-2015, 12:27
Adı mətbuatın və ictimai müzakirələrin bir nömrəli mövzusu olan
sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov geniş ictimaiyyətə vəzifəsindən azad edilməsindən təxminən bir həftə öncə görünüb. Həmin vaxtdan bəri Eldar Mahmudovun vəzifədən azad edilməsi barədə qərardan başqa, haqqında heç bir rəsmi bilgi yoxdur.
Qaynar.info xatırladır ki, oktyabrın 8-də Bakı şəhərində Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XVIII iclası keçirilib. İclasın işində Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın təhlükəsizlik və xüsusi xidmət orqanlarının nümayəndə heyətləri iştirak edib.
Dünyada və regionda təhlükəsizliyə və sabitliyə qarşı yönəlmiş ümumi təhdidlərin, ilk növbədə, terrorçuluğun və dini ekstremizmin yayılmasının qarşısının alınması istiqamətində tərəfdaş xüsusi xidmət orqanları ilə əməkdaşlığın möhkəmləndirilməsi və genişləndirilməsi məqsədilə tədbirdə müşahidəçi qismində Rusiya, Ukrayna və Gürcüstanın müvafiq strukturlarının yüksək vəzifəli nümayəndələri də təmsil olunublar.
Eldar Mahmudovun son fotoları da elə bu tədbir çərçivəsində çəkilib. Həmin fotolardan cəmi bir həftə sonra onun başına gələcəkləri təxmin etmək isə qətiyyən mümkün deyil. Fotolarda sabiq nazir özün arxayın görünür. Amma necə deyərlər, “sən saydığını say, gör fələk nə sayır...”
Həmin fotolara baxan heç kim inanmaz ki, bu özündən əmin nazir bir neçə gün sonra misli görünməmiş qəzəbə tuş gələcək, uçurumun dibinə yuvarlanacaq. Görünür, “Hər anın öz hökmü var” deyən müdriklərin bu sözlərini heç bir zaman qəribçiliyə salmaq lazım deyil.
Qeyd edək ki, Eldar Mahmudov Azərbaycan Respublikası Prezidentinin 17 oktyabr 2015-ci il tarixli Sərəncamı ilə 11 ildən çoxdur çalışdığı milli təhlükəsizlik naziri vəzifəsindən azad edilib. Bundan sonra nazirlikdə kifayət qədər yüksək rütbəli və vəzifəli şəxslərin görəvdən alınmasına, onlardan əksəriyyətinin isə həbsinə start verilib.
“MTN işi” kimi bilinən bu qalmaqallı proseslərin səbəbi olaraq, əsasən adıçəkilən qurumun sahibkarlara qarşı qanunsuz əməlləri göstərilir.
Qaynar.info Eldar Mahmudovun nazir kimi çəkilən son fotolarını təqdim edir.
İlkin Hüseynli
Qaynar.info