“Azərbaycan prezidenti Vyana görüşündən imtina etməlidir”
Natiq Miri: ” Azərbaycan prezidenti birmənalı olaraq tələb etməlidir ki, ölkə başçıları arasında görüş yalnız Dağlıq Qarabağ ətrafı 7 rayonun qaytarılmasının müzakirəsi ilə başlasın”
Azərbaycan və Ermənistan prezidentləri gələn həftə Vyanada münaqişənin həlli yolları ilə bağlı görüş keçirəcək. Görüşün ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə baş tutacağı bildirilir. ATƏT-in Minsk qrupunun həmsədrlərinin birgə bəyanatında təmas xəttində bir müddət əvvəl müşahidə olunan zorakılığı və gərginliyin azaldılmasının zəruriliyini nəzərə alaraq Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün vaxtı çatdığı qeyd edilib.
Bəs görüşdən real gözləntilər ola bilərmi?. Əsasən hansı məsələlərin müzakirsi gözlənilir?
İslaminSesi mövzunu politoloq Natiq Miri ilə müzakirə edib. Politoloq bildirib ki, Vyana görüşündə Qarabağ münaqişəsi ilə bağlı müzakirələrin olacağı gözlənilsə də, əsas fikir atəşkəsin qorunması və pozulmamasına yönəldiləcək: " Təbii ki, qarşılıqlı etimadın yaradılmasından söhbət gedəcək. Bu da Sarkisyanın danışıqlara başlamaq üçün qoyduğu şərtlərlə bilavasitə əlaqəlidir. Bu əslində uzun zaman məsələsidir. İndiki şəraitdə isə Ermənistana bu zamanı vermək doğru deyil. Çünki Ermənistan yenidən toparlanmaq və ordusunu gücləndirmək üçün zamana ehtiyac duyur. Buna imkan verilməməlidir”.
Natiq Mirinin sözlərinə görə, bu cür məsələlərin qoyuluşu və bu yöndə irəliləmələr əslində Status-Kvonun qorunmasına xidmət edir. Bu heç cür münaqişənin həllinə yardım etmir. Ermənistan və ATƏT-in Minsk Qrupunun həmsədrləri atəşkəsin qorunması və möhkəmləndirilməsindən söhbət edirlər. Lakin ortada işğal və bu işğalı həyata keçirən Ermənistan ordusu mövcuddur. Bu işğal aradan qaldırılmadıqca nəticəni ortadan yığışdırmaq heç bir işə yaramayacaq. Bu gün Minsk Qrupu boş və mənasız işlərlə məşğul olur. Status-Kvonun qorunmasına bilavasitə xidmət edir. Sarkisyan rejiminin istəyi isə məhz budur. Ona görə də, Azərbaycan prezidenti birmənalı olaraq tələb etməlidir ki, ölkə başçıları arasında görüş yalnız Dağlıq Qarabağ ətrafı 7 rayonun qaytarılmasının müzakirəsi ilə başlasın. Əks təqdirdə isə Azərbaycan prezidenti boş və mənasız Vyana görüşündən imtina etməlidir. Çünki Status-Kvonun qorunmasına xidmət edən bu görüş Azərbaycanın maraqları ilə üst-üstə düşmür. Azərbaycan siyasi iradə göstərib görüşdən imtina etməlidir. Əks təqdirdə növbəti 24 il ərzində Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmayacaq”.