Ölkə

RƏHİM ZALOVUN “RÜŞVƏT ƏMƏLİYYATI” GƏNCƏNİN YOL POLİS RƏİSİNİN ŞAHİDLƏRİ KİMLƏRDİR

3-05-2016, 12:27
Ötən günlərdə Gəncənin Dövlət Yol Polisi şöbəsinin rəisi Rəhim Zalovun qanunsuz əməlləri, tabeçiliyindəki əməkdaşlardan gündəlik rüşvət tələb etməsi, vətəndaşları haqsız yerə cərimələməsi kimi faktlara yer verilmişdi.

Çoxsaylı müraciətlər Rəhim Zalovun fəaliyyəti haqqında dəhşətli faktların varlığından xəbər verirdi. Şöbəyə rəis təyin olunandan sonra şəhərdə ilk dəfə şantaj yolu ilə sürücülərin həbsinin təməlini qoyan Rəhim Zalov şöbədə ona xidmət edən "hal şahidlər”inin yardımından istifadə edir. Yol patrul maşınlarında polis əməkdaşlarından başqa hal şahidlərini də hər gün görmək mümkündür. Bu yolla "çörək pulu” qazanan rəis Gəncədə sərnişin nəqliyyatından da böyük miqdarda rüşvət alır. Belə ki, Gəncənin sərnişin daşıyan nəqliyyatına nəzarət edən müəssisə rəhbərlərindən aylıq rüşvət alan Rəhim Zalov bir çox qayda pozuntularına göz yumulmasına tapşırıq verib.

Gəncənin yol polisi şefi sərnişin daşıyan marşrut və avtobusların qayda pozuntularına, sürücülərin sənədsiz sükanı idarə etmələrinə şərait yaradır. Gəncədə sərnişin nəqliyyatı sürücülərinin törətdiyi qəzalar da Rəhim Zalov tərəfindən ört-basdır edilir. Təbii ki, rüşvət hesabına etibarlı tərəfdaşa çevrilən Rəhim Zalovun qanunsuz fəaliyyəti Gəncədə insan həyatı üçün bir sıra təhlükələr yaratmaqdadır.

Gəncənin yol polisi əməkdaşlarını da bezdirən "Zalov qaydalar”ı heç bir halda pozulmamalıdır. Gündəlik 30-a yaxın protokol tələbi, 10- a yaxın maşının cərimə meydançasına gətirilməsi haqqında rəisin qəbul etdiyi qərar müzakirə olunmur. Rəhim müəllimin şantaj yolu ilə sürücüləri istəyinə tabe etməsi ilə xüsusi əməkdaşlar məşğul olur. Onlar rəisin gəlir mənbəyi sayılır. Şikayət edən sürücülər isə daha ciddi qaydada cəzalandırılır. Belə ki, narazılıq ifadə edən sürücü çox keçmir ki, rəisin əziz saydığı əməkdaşlar tərəfindən məhkəməyə qədər aparılır. Orda isə Rəhim Zalovun qoçuları bir cümləni təkrarlayırlar- "Məni söydü, paqonumu cırdı”. Çarəsiz məhkəmənin rəhimlərin şantajı ilə üzləşmiş vətəndaşı cəzalandırmaqdan başqa çarəsi qalmır.

Hazırda Gəncədə Dövlət Yol Polisi əməkdaşlarının əməllərindən narazılıq edən çoxlu sayda sürücü haqq-ədalət axtarışındadırlar. Onlar, Rəhim Zalovun qanunsuz və rüşvətxor əməllərindən beziblər. Lakin rəisin öz dediyinə görə Daxili İşlər nazirinin müavini Oruc Zalovla qohum olması onu qanunun tələbləri ilə cəzalandırmaqdan sığortalayır. Lakin, vətəndaşların haqlı narazılığını nəzərə alaraq Daxili İşlər naziri cənab Ramil Usubovdan Gəncədə yol polisi rəisinin qanunsuz əməllərinə hüquqi qiymət verilməsinə tapşırıq verməyini xahiş edirik. Ümid edirik ki, Gəncədə vətəndaşların ciddi narazılığına səbəb olan qaydalara qanuni qiymət veriləcək və Rəhim Zalov qanun qarşısında cavab verəcəkdir.

İkram Rafiqoğlu

 
RƏHİM ZALOVUN “RÜŞVƏT ƏMƏLİYYATI” GƏNCƏNİN YOL POLİS RƏİSİNİN ŞAHİDLƏRİ KİMLƏRDİR

Administratorla əlaqə

077 611-55-22

[email protected]