Gündəm

MTN-nin Qobustan rayon şöbəsinə qarşı İDDİA

15-11-2015, 20:25
MTN-nin Qobustan rayon şöbəsinə qarşı İDDİA

Son günlər Milli Təhlükəsizlik Nazirliyi daxilində baş verən olaylar gündəmin başlıca mövzularındandır.

Nazir Eldar Mahmudovun vəzifədən azad edilməsindən, MTN-də yüksək vəzifə tutan generallar və digər iri ranqlı şəxslərin həbsindən sonra cəmiyyəti şoka salan cinayətlərin üstü açılmaqdadır. Bəlli olur ki, dövlətin və millətin təhlükəsizliyinə cavabdeh olan qurum əslində çox böyük təhlükə mənbəyi imiş. Baş verənlərin ictimailəşməsindən sonra isə MTN-də tutduğu vəzifədən sui-istifadə edərək qanunsuzluq edənlərin əməlləri konkret faktlarla ifşa edilir.

Dosye.org-un elektron ünvanına Qobustan rayonu Ərəbqədim kənd sakin tərəfindən daxil olmuş şikayət məktubunda da olduqca ilginc məqamlara işıq salınlır. Şikayətçi bildirir ki, bir il əvvələ qədər Qobustan Rayon Polis Şöbəsində işləyirmiş. Lakin 2014-cü ildə Milli Təhlükəsizlik Nazirliyinin Qobustan Rayon Şöbəsinə Əfqan Məmmədov rəis təyin edildikdən sonra onun qara günləri başlayıb. Şikayətçi başına gətirilənləri belə təsvir edir:

“Milli Təhlükəsizlik Nazirliyinin Qobustan Rayon Şöbəsinin rəisi Əfqan Məmmədov məni şərləyərək prokurorluğa verdi. Barəmdə çoxsaylı şikayətlər yazdıraraq, guya azyaşlı qızı zorladığımı sakinlər arasında yaymağa başladı. Bundan sonra Əfqan Məmmədov məni gecə saatlarında MTN-in Qobustan Şöbəsinə dəvət edərək, əvvəlcə məndən rüşvət istədi. Onunla razılaşmadım. Sonra o, yazılan şikayətlərin qarşısını almağın mümkün olduğunu, bunun üçün ona işləməli olduğumu və çalışdığım Qobustan Rayon Polis Şöbəsindəki cərəyan edən hadisələri ona çatdırmalı olduğumu bildirdi. Əfqan Məmmədov hər dəfə mənə nazir Eldar Mahmudovun yaxın adamı olduğunu bildirərək qorxudurdu, israrla Qobustan Polis Şöbəsində baş verən hadisələr, gedən söhbətlər, hazırlanan tədbirlər barədə xəbər verməyimi tələb edirdi”.

Lakin sonradan şikayətçinin onlara işlədiyini açıqlayan MTN-nin şöbə rəisi bununla da şikayətçinin işdən çıxarılmasına rəvac verib: ”Mənim ona işlədiyimi camaat arasında yayaraq özü məni biabır etdi. Nəticədə məni orqandan qovdular. Əfqan Məmmədov mənim işdən qovulmağıma səbəbkar oldu. Onun Qobustan rayonunda yaşayan qohumları Kənan və Teymur rayondakı sakinləri şərləyərək hədə qorxu gəlirlər, Əfqan Məmmədov üçün aylıq rüşvət istəyirlər”.

Şikayətçi daha sonra Əfqan Məmmədovun bir çox cinayətlərdə iştirakçı olduğunu iddia edir: “O, təyin edildiyi bir il ərzində bir çox cinayətkar əməllər törətmişdir. İstifadəsində olan ikinci avtomobili (göy rəngli niva markalı, 90-SE-067 dövlət nömrə nişanlı) ilə gecə saatlarında rayonda hərəkət edən yük avtomobillərini saxlatdıraraq onlardan pul tələb edir, razı olmayan sürücüləri hədələyərək onların üstünə silah çəkir, torpaq daşıyan yük maşınlarından rüşvət tələb edir. Hətta bir dəfə ona tabe olmayan maşına şəxsi silahından atəş açaraq təkərini partladıb saxlatmışdır”.

Sonda qeyd edək ki, şikayətdə daha ilginc və şokedici ittihamlar yer alıb. Amma biz ittihamların ciddiliyini, bir çox hallarda isə etik normalara uyğun gəlmədiyini nəzərə alaraq onların dərcini məqsədəuyğun saymadıq.

Dosye.org

Administratorla əlaqə

077 611-55-22

[email protected]