Siyasət

Azərbaycanın Avstraliyadakı səfirliyində biabırçılıq: spirtli içki və tütün alveri

18-04-2016, 10:03
Azərbaycanın Avstraliyadakı səfirliyi qara bazarda spirtli içki və siqaret alverində ittiham olunur. Bununla əlaqədar Avstraliyanın müvafiq orqanlarına məlumat daxil olandan sonra araşdırma başlanıb. Bu barədə Avstraliya mediası məlumat yayıb. "The Sidney Morning Herald” qəzetinin "Azərbaycan səfirliyi qara bazarda içki və siqaret alverilə məşğul olmasını inkar edir” başlığıyla yayımladığı məqalədə səfirliyin konkret sənədlərə və dövlət orqanlarının açıqlamalarına istinad olunur.
Məqalədə bildirilir ki, Azərbaycanın Avstraliyadakı səfiri Rövşən Cəmşid və maliyyə attaşesi Araz Xasıyev iki müxtəlif təchizatçıdan 2000 litr pivə, 1100 litr şərab, 520 litr spirt və 40000 ədəd siqareti vergisiz almaq məqsədilə Avstraliya hökumətindən icazə almaq üçün özlərinin diplomatik statuslarından istifadə ediblər.
"Əhalisinin böyük əksəriyyəti müsəlman olan bir ölkəni təmsil edən və cəmi beş əməkdaşı olan bir səfirlik üçün göstərilən malların sayı bir səfirlik üçün həddindən artıq çox görünə bilər. Amma bu, Avstraliya hökumətinin xarici dövlətlərin təmsilçiləri üçün tətbiq etdiyi səxavətli qaydalar çərçivəsində idi.
Hava limanındakı mağazalardan vergisiz yalnız bir neçə şüşə içki almaq haqqı olan bizlərdən fərqli olaraq, Avstraliyadakı səfirliklər və digər yüksək nümayəndəliklər altı aydan bir aksiz vergisindən azad 260 litr spirt, 1000 litr pivə və 20000 ədəd siqaret ala bilərlər. Amma bu, maksimum rəqəmlərdir və bu məhsulların istifadəsi rəsmiləşdirilir.
Ayrı-ayrı diplomatlar isə şəxsi istifadə üçün hər altı aydan bir göstərilən sayın yarısını əldə edə bilərlər. Səudiyyə Ərəbistanının Avstraliyadakı səfirliyinin əməkdaşlarına avtomobilin içkili idarə edilməsi, sürət həddinin aşılması və polisin "dayan” əmrinə tabe olmamağa görə kəsilən cərimələri ödəməkdən imtina etməsindən sonra əcnəbi diplomatların hərəkətləri gündəmə gəlib və Azərbaycan səfirliyinin içki və tütün məlumatları ilə bağlı sifarişləri diqqət çəkib”, – deyə qəzet yazır.
Səudiyyəli məmurlar iddia ediblər ki, diplomatik toxunulmazlıqla bağlı konvensiya onları yol hərəkəti cərimələrindən azad edir. Amma Avstraliyanın Xarici Işlər və Ticarət Departamenti başqa cür düşünür və cərimənin ödənilməsində israr edir.
Müəllif qeyd edir ki, bu qalmaqal araşdırılarkən Azərbaycan səfirliyinin alkoqollu içkilər və tütün məmulatlarının idxalı ilə bağlı sifarişləri də Xarici Işlər və Ticarət Departamentinin, eləcə də gömrüyün diqqətini çəkib. Məqalədə daha sonra deyilir: "Avstraliyada hazırda gömrüyə də nəzarət edən Sərhəd Xidmətindən ”Fairfax Media”ya bildirilib ki, onlara həmin məhsulların bir qisminin qara bazarda satılması barədə məlumat daxil olub və həmin informasiyalar üzrə araşdırma başlandı.
Səfirliyin maliyyə attaşesi Araz Xasıyev "Fairfax Media”ya açıqlamasında deyib ki, çox sayda içki və tütün məmulatlarının idxalı üçün icazə istənilməsi və sifariş verilməsi o demək deyil ki, o qədər məhsul alınıb.
"Siz necə düşünürsüz, mən bu qədər içib, işimi görə bilərdim?” – deyə Xasıyev bildirib.
Onu da əlavə edib ki, Avstraliyadakı diplomatik nümayəndəliyin qara bazarda içki və siqaret alveri barədə heç nə eşitməyib”. (azadliq.info)

Administratorla əlaqə

077 611-55-22

[email protected]