Siyasət

AZƏRBAYCANIN SƏFİRİ AVSTRALİYA XİN-Ə ÇAĞRILIB

2-10-2016, 18:26

Səfir Rövşən Cəmşidova Azərbaycanda insan hüquqlarının vəziyyəti və qanunsuz siqaret, içki biznesi ilə bağlı etiraz bildirilib. 

 

Azərbaycanın Avstraliyadakı səfirliyində korrupsiya ittihamları və səfirliyin bu ölkədə qanunsuz içki və siqaret biznesi ilə bağlı uzun müddətdir ki davam edən qalmaqalla bağlı yeni məlumatlar daxil olub. XİN daxilindən gizli saxlanılmasını istəyən mənbənin ötürdüyü məlumatda bildirilir ki, bu məsələ ilə əlaqədar Azərbaycanın Avstraliyadakı səfiri Rövşən Cəmşidov Avstraliyanın Xarici İşlər Nazirliyinə çağrılıb. Nazirliyin protokol idarəsinin rəisi Lindell Saşs səfirə vəzifəsi ölkəni təmsil etmək olan diplomatik nümayəndəliyin adının Avstraliyada qanunsuz içki, siqaret və turizm biznesində hallandırılmasının xoşagələn bir hal olmadığını və buna görə də Avstraliya xarici işlər nazirliyinin narahatlığını bildirib.

Bundan başqa Avstraliya XİN-də səfirə Azərbaycanda insan hüquqları ilə bağlı pisləşməkdə olan vəziyyətlə bağlı narahatlıq da bildirilib.

Bu məlumatları dəqiqləşdirmək məqsədilə  Avstraliyanın xarici işlər nazilriyinə müraciət olunub. Avstraliya XİN-in mətbuat xidmətinin əməkdaşı Jakelin Eşvort məlumatı təkzib etməyərək nazirliyin səfirlərlə keçirdiyi görüşlərin məzmununun konfidensial xarakter daşıdığını deyib. Nazirliyin sözçüsü Avstraliya mətbuatında Azərbaycanın bu ölkədəki səfiri R.Cəmşidovun və mühasib Araz Xasıyevin adına 40.000 ədəd siqaret və 10.000 şüşə spirtli içki sifariş verilməsi haqqında məlumatları isə şərh etməyib.

Eyni zamanda Avstraliya XIN-ə bu yaxınlarda Nyu Yorkda Azərbaycanın xarici işlər naziri E.Məmmədyarovun Avstraliyanın xarici işlər naziri Culiya Bişopla görüşünə toxunaraq səfir R.Cəmşidov və mühasib A.Xasıyevə qarşı qanunsuz biznes, korrupsiya və mənimsəmə ittihamları, onların nazir E.Məmmədyarov tərəfindən himayə olunaraq cəzasız qalmaları iddiaları barədə Avstraliya tərəfinin məlumatlı olub-olmaması və buna hansı reaksiya verilməsi barədə də sual ünvanlanib.

Avstraliya XİN-in mətbuat xidmətinin digər əməkdaşı Metyu Harrison cavabında Avstraliya hökuməti nümayəndələrinin Azərbaycan tərəfi ilə insan hüquqları və digər məsələləri müzakirə etdiklərini bildirib. 

Kanberradakı diplomatik dairələrə yaxın mənbələrdən əldə edilən xəbərdə isə deyilir ki, Azərbaycan səfirliyi ilə bağlı məsələ mətbuatda yayıldıqdan sonra Avstraliyada səfirlikləri olan ölkələrin əlaqədar qurumları öz diplomatik nümayəndəliklərində yoxlamalar aparıblıar. Araşdırmalar nəticəsində Koreya Respublikasının Avstraliyadakı səfirliyinin bir əməkdşının da qanunsuz siqaret və içki alveri ilə əlaqəli olması aşkar edilib və həmin şəxs Koreya xarici işlər nazirliyinin qərarı ilə vəzifəsindən azad olunub. Türkiyənin Avstraliyadakı səfirinin türk diplomatlarına xəbərdarlıq etdiyi, Laosun Kanberradakı səfirliyində isə araşdırmaların davam etdiyi bildirilir.

Burada diqqət çəkən məqam həm də ondadır ki, səfir Rövşən Cəmşidov və mühasib A.Xasıyev Avstraliyaya göndərilməmişdən əvvəl məhz Koreyada eyni vəzifələrdə işləyiblər. Bu isə Koreya səfirliyinin həmin əməkdaşının siqaret və içki biznesində onlarla əməkdaşlıq edə bilməsi fərziyyəsini yaradır. 

Avstraliyanın diplomatik çevrələrində gəzən söhbətlərdə Azərbaycan reallıqları ilə tanış olmayan bir çox diplomatların Azərbaycanın səfiri R.Cəmşidovun bütün bu biabırçılıqlardan sonra hələ də öz yerində qalmasından heyrətləndiklərini ifadə etmələri də gələn xəbərlər sırasındadır. 

R.Cəmşidovun və mühasib A.Xasıyevin Azərbaycan dövlətini xarici ölkədə bu  qədər açıq rüsvay etmələrinin müqabilində cəzasız qalmalarının əsl səbələri ilə bağlı müxtəlif iddialar, versiyalar səsləndirilir. Bunlar A.Xasıyevin xarici işlər naziri E.Məmmədyarovla qohum olmasından tutmuş R.Cəmşidovun rus kəşfiyyatı ilə bağlı olması, onların hakimiyyətin yuxarı dairələrindəki məmurlar tərəfindən himayə olunmasına qədər uzanır. 

Xatırladaq ki, hətta bu yaxınlarda Türkiyə mətbuatında Azərbaycanın Avstraliyadakı səfiri R.Cəmşidovun Türkiyədə terror təşkilatı kimi tanınan FETO-nun təmsilçiləri ilə də yaxın olması barədə məlumat yayılmışdı.  

Administratorla əlaqə

077 611-55-22

[email protected]