Siyasət

İƏT İran əleyhinə qətnamə qəbul etdi

15-04-2016, 20:44
İƏT İran əleyhinə qətnamə qəbul etdi

Təşkilat daxilində ciddi müzakirələrə səbəb olan qətnamə layihəsi ciddi bölünməyə səbəb olub

 

İslam Əməkdaşlıq Təşkilatının 13-cü İstanbul sammiti İran-Səudiyyə Ərəbistanı gərginliyi ilə yadda qalıb. Ənənəvi olaraq hər 3 ildən bir keçirilən İƏT liderləri sammiti bu il Yaxın Şərqdə, müsəlman dünyasında bütövlükdə müharibə və terrorun ən şiddətli dövrünə təsadüf etdi. Eyni zamanda son illərdə İran və Səudiyyə Ərəbistanı arasında gərginlik də sammitə öz təsirini göstərdi. 

Məlum olduğu kimi, son illərdə Suriya, daha sonra Yəmən olayları səbəbindən İran və Səudiyyə arasında münasibətlər pisləşib. Ötən il Həcc ziyarəti zamanı baş verən qarışıqlıqda çoxlu sayda iranlı zəvvarın ölməsi iki ölkə arasında gərginliyə səbəb olsa da, bu ilin əvvəlində şiə din xadimi Şeyx Baqir Nimrin edam olunması iki ölkə arasında gərginliyin zirvə nöqtəsi olub. 

Bu hadisədən sonra Səudiyyə Ərəbistanının Məşhəddəki konsulluğuna hücum olub, Səudiyyə Ərəbistanı səfirini İrandan geri çağırıb. Bir qədər əvvəl isə ər-Riyadın təşəbbüsü ilə Ərəb Dövlətləri Liqası İrana yaxın olan "Hizbullah"ı terror təşkilatı kimi tanımaqla bağlı qərar qəbul edib. Gözlənildiyi kimi, İƏT sammitində də Səudiyyə Ərəbistanı İrana qarşı qınamanın yekun qətnaməyə salınmasını təklif edib. 

Səudiyyə Ərəbistanının bu təklifi xarici işlər nazirlərinin toplantısında irəli sürülüb. Qətnamədə İranın başqa ölkələrin daxili işlərinə qarışmaması tələb olunur. Bundan başqa, qətnaməyə İranın Tehran və Məşhəd şəhərlərində yerləşən Səudiyyə Ərəbistanı konsulluqlarına baş verən hücumlar qınanır, diplomatik təmsilçiliklərin qorunmadığı tənqid olunur. Eyni zamanda İƏT-in Səudiyyə Ərəbistanında terrorda ittiham olunan şəxslərin məhkəmə yolu ilə cəzalandırılmasına İranın açıqlamalarını rədd edir, Səudiyyə Ərəbistanının daxili işlərinə müdaxilə kimi qiymətləndirir. 

Eyni zamanda İƏT İranın Bəhreyn, Yəmən, Suriya və Somali kimi ölkələrdə və digər İƏT ölkələrinin daxili işlərinə qarışması və terroru dəstəkləməsini qınayır. 

Qeyd edək ki, bu qətnamə layihəsi xarici işlər nazirlərinin toplantısında gərginliyə səbəb olmuş, İran tərəfi layihəyə etiraz etmişdi. 

İƏT ölkələri nümayəndələri arasında gərgin mübahisələrə səbəb olan bu layihə sonunda qəbul olunub və gözlənildiyi kimi, İranın ciddi narazılığına səbəb olub. Türkiyə, Pakistan kimi ölkələr Səudiyyəni bu mövqedən daşındırmağa, ortaq bir qətnaməyə nail olmaq istəsələr də, ər-Riyad israr edib və nəticədə qətnamə qəbul olunub. İran prezidenti bağlanış mərasiminə qatılmayıb. Xarici işlər naziri Cavad Zərif isə Səudiyyə hakimiyyətini Səddam Hüseyn hökumətinin taleyindən ibrət götürməyə çağırıb. Ötən gün etdiyi çıxışında İran prezidenti Həsən Ruhani İran və Səudiyyə arasında problem olmadığını, regionun əsas problemin İsrail olduğunu deyib, birlik mesajı verməyə çalışıb. Ancaq qətnamənin qəbulu İran nümayəndələrinin kəskin narazılığına səbəb olub. 

Prezident Ərdoğan isə ilk çıxışında müsəlman ölkələrinə birlik mesajı verib, məzhəblər üzərində bir yanaşmaya çağırıb. "Məzhəbçilik fitnədir” deyən Türkiyə prezidenti İslam Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin sünnilik və şiəlik mövzusunda mübahisə aparmaq əvəzinə müsəlmanlığı ön plana çıxararaq, birlik olmağa çağırıb. Eyni zamanda Ərdoğan daxili narazılığın İƏT içərisində birliyi zəiflətdiyini deyib. Sammit çərçivəsində Türkiyə-Ərəbistan Koordinasiya Şurasının qurulması ilə bağlı anlaşma imzalanıb. 
Qeyd edək ki, Türkiyə prezidentinin dəvəti ilə Həsən Ruhani İstanbulda qalaraq Ərdoğan və baş nazir Davudoğlu ilə görüşəcək. Görünür ki, Türkiyə yaranmış gərginliyi yumşaltmaq, eləcə də regional mövzularda anlaşılmazlıqları müzakirə etmək üçün Ruhanini daha bir gün qonaq etmək istəyib. 

İslam Əməkdaşlıq Təşkilatı İstanbul sammitinin gərgin notlarla keçməsi İslam dünyasının keçirdiyi dərin böhranın ilk dəfə ən yüksək səviyyədə üzə çıxması oldu. Məlum olduğu kimi, İƏT BMT-dən sonra ən böyük təşkilatdır, müsəlman ölkələrinin əsas birliyi hesab olunur. Ancaq son olaylar təşkilat içərisində bölünmə olduğunu, "müsəlman vəhdəti” anlayışının ciddi dayağının olmadığını göstərdi. Terrora qarşı "İslam ordusu” layihəsi, ardınca İƏT qətnaməsi təşkilat içərisində birliyin çox kövrək olduğunu ortaya qoyur. 

Kənan Rövşənoğlu

Administratorla əlaqə

077 611-55-22

[email protected]