Yaşam

21-ci əsrin utandırıcı mənzərəsi: uşaq əsgərlər

1-04-2016, 03:23

Müharibələrin ən ağır bədəlini uşaqlar ödəyir. Bu gün dünyanın dörd bir yanında bombalar altında yaşayan, günə silah səsləri ilə başlayan, parklarda, bağçalarda oynamalı olduğu halda, kiçik yaşlarında müharibə ilə tanış olub, müharibənin dağıdıcı təsirlərinə məruz qalan milyonlarla uşaq var. Şiddət və silahlı qarşıdurmalar nəticəsində həyatını itirir, yaralanır, anasız-atasız qalır, tək başına qaçqın vəziyyətinə düşürlər. Düşərgələrdə istismara məruz qalır, yemək, su, elektrik, yanacaq və tibbi ləvazimat kimi əsas ehtiyaclardan məhrum olduqları üçün aclıq, yoxsulluq, xəstəlik içərisində yaşamaq uğrunda mübarizə aparırlar. Yüz minlərlə uşaq isə zorla əsgər edilir.

Günümüzün geniş yayılmış partizan tipli müharibələrinin ən mühüm xüsusiyyətlərindən biri uşaqların əsgər və hətta canlı qalxan kimi istifadə edilmələridir. Bütün dünyada 300 minə çatan uşaq əsgərlərin [1] məcburi şəkildə müharibəyə cəlb edildiyi 30 ölkə var [2] Bunlardan bəziləri Əfqanıstan, Mərkəzi Afrika Respublikası, Çad, Kolumbiya, Suriya, İraq, Yəmən, Somali, Cənubi Sudan, Sudan, Konqo, Mali, Myanma və Filipinlərdir. [3]

Müharibələrin artması, uşaqların silahlı münaqişələrdə istifadə olunmasını da artırır. Yaşları az olduğundan asanlıqla inandırılan uşaqlar bəzi silahlı qruplaşmalarla yanaşı, hökumətlər tərəfindən də istifadə edilir. Xüsusilə də müharibələrdə yetim qalan, gözlərinin önündə ailələri, dostları öldürülən, aclıqla mübarizə aparan uşaqlar.

Təqaüddə olan kanadalı general Romeo Dallaire, "They fight like soldiers, they die like children" (Əsgər kimi vuruşur, uşaq kimi ölürlər) adlı kitabının ilk sətirlərində uşaq əsgərlərin vəziyyətini belə dilə gətirir: "Siz bu kitabı oxuyarkən Latın Amerikası, Asiya, Afrika və Yaxın Şərqdə zorakılığın həyatın ayrılmaz bir parçası olduğunu düşünən çox sayda uşaq var. Yaşları səkkiz, doqquz, on ilə on yeddi arasında dəyişən bu uşaqlar ömürlərinin ən gözəl vaxtlarını müharibədə keçirirlər".

Böyüyəndə pilot olmaq istəyən 12 yaşlı cənubi sudanlı keçmiş uşaq əsgər Simonun orduda keçirdiyi illərdən danışarkən gözlərindəkı kədəri sözlərindən də hiss etmək mümkündür: "Evdə olmaq orduda olmaqdan daha gözəldir, çünki orada bir xəta etdikdə sizi həbsə atırlar və həftələrlə döyürlər. Mən orduda yemək hazırlayır, paltar yuyurdum. Sərbəst buraxılanda UNICEF məni sosial təminat müəssisəsinə təhvil verdi. Artıq yaxşı insanam. Burada heç kim məni narahat etmir və döymür. Üstəlik, yemək də verirlər. Məncə uşaqlar əsgər edilməməlidir". [4]

Konqolu Ndungutsa hələ 13 yaşında üzləşdiyi dəhşəti belə dilə gətirir:"Kəndimizə gələndə 17 yaşlı qardaşımdan milislərə qoşulmağa hazır olub-olmadığını soruşdular. "Xeyr” – deyə cavab verdikdə qardaşımı başından vurdular. Sonra mənə baxıb "hazırsanmı” – deyə soruşdular. Nə edə bilərdim ki? Ölmək istəmirdim ". [5]

Tarixdə uşaq əsgərlərdən ilk dəfə Vyetnam müharibəsində, kamikadze uşaqlardan İsrail-Fələstin münaqişələrində istifadə edilib. Hazırda isə uşaqların bomba olaraq ən çox istifadə edildikləri region Yaxın Şərq, ən çox uşaq əsgərə malik dövlət Myanmadır. Böyük əksəriyyəti orduda aktiv olaraq istifadə edilən myanmalı uşaq əsgərlərin sayı hər keçən gün daha da artır. Belə ki, ordudakı əsgərlərin 20%-dən çoxunu uşaq əsgərlər təşkil edir.

Mozambik, Liberiya, Syerra-Leone və Uqanda kimi ölkələrdə baş verən silahlı toqquşmalarda da başlıca olaraq uşaq əsgərlər istifadə edilir. Liviyada baş verən vətəndaş müharibəsində uşaqlar Kufra bölgəsində Zvaya və Tabu qüvvələri ilə birlikdə binaların təhlükəsizliyini təmin etmiş və silah daşımışdılar. Əfqanıstanda 17 il davam edən müharibədə də bir çox uşaq əsgər kimi istifadə edilmişdi. Əsgərlərin 45%-ni 18 yaşından balaca uşaqlar təşkil edirdi.

Vətəndaş müharibəsinin altıncı ilinə girən Suriyada uşaqların əsgər kimi istifadə edilməsi isə artıq çox adi haldır. Uşaq hüquqlarının müdafiəçisi Rallf Willinger,"Münaqişə bölgələrindəki bütün tərəflər uşaqları əsgər kimi istifadə edir. Bəziləri bunu bütün dünyanın gözü qarşısında edərkən, bəziləri də uşaqları həkim köməkçisi və ya agent kimi istifadə edir. Beləcə, onlar da təhlükəyə atılmış olur" deyə bildirir. [6]

2003-cü ildən etibarən müharibənin davam etdiyi İraqda da vəziyyət fərqli deyil. Uşaq hüquqları müdafiəçisi Rallf Willinger, "Müharibə uzandıqca uşaqların toqquşmalardan uzaq qalması çətinləşir" deyə qeyd edir. [7]

17 yaşlı cənubi sudanlı bir gənc Human Rights Watch təşkilatına verdiyi bəyanatda qaçırılıb əsgər kimi istifadə edildiyi günə qədər silahdan istifadə etməyi bilmədiyini, bir günlük təlimdən sonra digər uşaqlarla bərabər cəbhəyə aparıldığını, daha ilk gün aralarından yeddi nəfərin öldürüldüyünü qeyd edir. Cənubi Sudanda uşaq əsgərlərin sayı 16 minə yaxındır. Yəməndə isə vuruşanların üçdə birinin uşaq olduğu məlumdur. [8]

Uşaqların qaçırılıb müharibəyə cəlb edildiyi bir başqa ölkə də Orta Afrika Respublikasıdır. Pul, mobil telefon kimi hədiyyələrlə aldadılan uşaqlar hərbi bazaların yerini öyrəndikləri üçün bir daha heç vaxt evlərinə qayıtmalarına icazə verilmir, ayrılanlar edam edilir. [9]

Şübhə yoxdur ki, bu qorxunc mənzərə dünyanı bürüyən fitnə və fəsadın açıq-aydın göstəricisidir. Dünyanın ən dəyərli varlıqlarından biri olan uşaqların belə bir zülmə tərk edilmələri heç vaxt qəbul edilməyəcək bir vəziyyətdir. Uşaqların sevinc və əmin-amanlıq içində, sevgi, şəfqət, mərhəmət, sülh və qardaşlıq içində xoşbəxt olacaqları bir dünya xəyal edən bütün insanlar bu biabırçılığın bir an əvvəl aradan qalxması üçün səy göstərməlidir. Daha çox itkin nəslin ortaya çıxmaması üçün vicdan sahibi bütün insanlar bir araya gəlməli, ictimai rəy yaradılmalı, dünya sülhü üçün mübarizə aparan bütün təşkilatlar, qeyri-hökumət təşkilatları daha da fəal olmalıdır. BMT-nin bu məsələyə daha çox meyil etməsi və bütün dövlətlərin birgə səyi ilə kampaniyalar həyata keçirilməlidir. Bundan əlavə həll yolunu təkcə Qərb ölkələrindən gözləməməli, müsəlman ölkələrin liderləri də bir araya gəlib bu ciddi problemi həll etmək üçün onlarla birlikdə konkret addımlar atmalıdır. Bununla da kifayətlənməyib bu problemi yaşayan ölkələrdə ailələr və uşaqlar məlumatlandırılmalı, təlim seminarları təşkil olunmalıdır. Müharibələrdə ölən, öldürülən və başqalarını öldürməyə məcbur edilən, yaralanan, şikəst qalan və ölüm təhdidi altında başqalarını yaralayıb şikəst etmək məcburiyyətində qalan bütün uşaqları xilas etmək və onlar üçün parlaq gələcək qurmaq naminə hər kəs əlindən gələnin ən çoxunu etməlidir. Hər şeydən əvvəl ölkələr arası qarşıdurmaların səbəblərini aradan qaldırmaq üçün ortaq sevgi dili yaradılmalı və hərbi üsullar əvəzinə problemlərin sevgi əsaslı diplomatiya ilə həll edilməsi təmin olunmalıdır.

[1] https://www.ipsnews.net/2015/07/children-increasingly-becoming-the-spoils-of-war/

[2] https://www.redcross.int/EN/mag/magazine2003_3/4-9.html

[3] https://untribune.com/fourteen-countries-children-recruited-soldiers/

[4] https://www.youtube.com/watch?v=Sa5jf_J3NZ0

[5] https://news.bbc.co.uk/2/hi/africa/5213996.stm

[6] https://www.dw.com/de/kindersoldaten-kämpfen-in-14-ländern/a-19043546

[7] https://www.dw.com/de/kindersoldaten-kämpfen-in-14-ländern/a-19043546

[8] https://www.dw.com/de/kindersoldaten-kämpfen-in-14-ländern/a-19043546

[9] https://www.dw.com/de/kindersoldaten-kämpfen-in-14-ländern/a-19043546

Adnan Oktarın «The Daily Star» & «Albawaba News»də dərc edilən məqaləsi:

https://www.dailystar.com.lb/Opinion/Commentary/2016/Mar-07/340870-protect-children-who-are-paying-the-highest-price-for-wars.ashx

https://www.albawaba.com/news/price-war-world%E2%80%99s-children-814098

Administratorla əlaqə

077 611-55-22

[email protected]