Ölkə

Dini komitənin maliyyə hesabatı şübhə doğurur: M.Qurbanlı icmaların işini tənzimləyə bilmir

21-03-2016, 21:55
Hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini Mübariz Qurbanlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri postuna təyin edilərkən çoxları bu qurumda müəyyən irəliləyişlərin olacağını dilə gətirdi. Amma bu gözləntilər hələ ki reallaşmır.

Məlumdur ki, DQİDK ölkədə dini etiqad azadlığının həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılması, dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarına riayət olunmasına nəzarətin təmin edilməsini həyata keçirir.

Bundan əlavə, komitə dini qurumların Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatının aparılması, bu qurumların nizamnamələrinə (əsasnamələrinə) müvafiq qaydada dəyişikliklər və əlavələr edilməsinin təmin olunmasını gerçəkləşdirir. Amma iddia edilir ki, bu qurum yaranandan bəri üzərinə qoyulan missiyanı lazımi səviyyədə yerinə yetirə bilməyib. Son dövrlər ölkədə dini zəmində baş verənlər, müxtəlif cərəyanlar arasında yaranan gərginliklər və digər problemlər bu qurumun fəaliyyətinin lazımi səviyyədə olmadığını göstərir.

Apardığımız müşahidələrə əsasən, DQİDK dindarlarla, dini ziyalılarla şəffaf münasibət qurmağa tam mü-vəffəq ola bilməyib. Əvvəlki komitə sədrlərinin - Rafiq Əliyev və Hidayət Orucovun dövründə qeydə alınan radikal cərəyanların təbliğat kitabları elə indi də rahat şəkildə DQİDK-nin "süzgəc"indən keçə bilir. İddiaya görə, nurçuluq və sələfilik də öz gizli fəaliyyətlərini davam etdirməkdədir.

DQİDK-ya tabe olan icmalarla dindarlar arasında da münasibətlərin şəffaf olmadığı deyilir. Çox güman ki, elə bunun nəticəsində qeyri-ənənəvi cərəyanlar ölkəyə ayaq aça bilib.

Qanunvericiliyə görə, komitə müxtəlif dini etiqadların dini qurumları arasında qarşılıqlı anlaşmanın, bir-birinə dözüm və hörmətli münasibətin möhkəmlənməsinə kömək edilməsi, dini zəmində qarşıdurma və ayrı-seçkilik hallarının, digər mənfi təzahürlərin qarşısının alınması missiyasını da həyata keçirir. Amma hazırda komitə rəhbərliyinin apardığı yanlış siyasət nəticəsində bu istiqamətdə vəziyyət gərgindir. Bunun nəticəsində ölkədə gələcəkdə dini zəmində qorxulu balans yarana bilər. Yəni gələcəkdə mövcud idarəçiliyin nəzarətdən çıxma ehtimalı var.

Bəs, DQİDK həmin cərəyanlarla bağlı hansı addımları atır?

İlk baxışdan müəyyən tədbirlər həyata keçirilir, amma bu tədbirlərin əksəriyyəti imitasiya xarakterlidir. Ən əsası isə ictimaiyyətə lazımi səviyyədə hesabatın verilməməsidir.

Ekspertlər hesab edirlər ki, DQİDK nümayəndələri yerlərdə aktiv dini şəxslərlə görüşlər keçirmək əvəzinə, bəzən nüfuzu olmayan mollalarla görüşlə kifayətlənirlər. Halbuki həmin mollalar ölkənin dini kəsimi-nin düzgün istiqamətlənməsi üçün hər hansı mütərəqqi təkliflər vermək, onları istiqamətləndirmək iqtidarında deyillər.

Onu da qeyd edək ki, DQİDK sadə dindarlar arasında böyük nüfuza malik deyil. Həyata keçirilən layihələrin bir çoxu görüntü xarakteri daşıyır, keçirilən görüşlərin də hər hansı nəticəsi yoxdur.

Diqqətlə müşahidə aparanlar xatırlayır ki, sabiq komitə sədri Elşad İskəndərov ictimaiyyətin içinə girməyə nail olmuşdu. Vaxtaşırı məscidlərdə, dindarlar arasında tədbirlər, idman yarışları keçirilirdi. Yəni, dinə fərqli yanaşma var idi və bu da öz müsbət nəticələrini göstərirdi. Amma indiki qurum rəsmiləri ən çox publika xarakterli tədbirlər keçirirlər. Ciddi nəticələrə, elmi yanaşmalara söykənən xətt aparılmır.

Elşad İsgəndərovun dövründə komitə ölkədə fəaliyyət göstərən, savadlı dini ekspertlər, mütəxəssislərlə əməkdaşlıq edir, bütün dini saytlarla işbirliyi qururdu. Amma Mübariz Qurbanlının komandası, hansı-sa səbəbdən dini mətbuatdan qaçmağa, daha doğrusu, yenilikçi nəsildən kənar gəzməyə çalışır.

Əldə etdiyimiz məlumata görə, hazırda komitədə əsas söz sahiblərindən biri sədr müavini Gündüz İsmayılovdur. Bizi bilgiləndirən şəxs deyir ki, belə demək mümkündürsə, o, hazırda Mübariz Qurbanlını yönləndirən, məsləhət verən şəxslərdən biri sayılır. Yəni, hansı icmlarla əməkdaşlıq etməyi, kimlərə vəsait ayrılmasını G.İsmayılov müəyyənləşdirir. Ən pisi isə odur ki, G.İsmayılov ənənəvi dini məzhəblərə isti münasibət bəsləmir. Ekspertlər iddia edirlər ki, o, öz çıxışlarında şiə ilə sünni təriqətlərinin nüma-yəndələrini mətinaltı fikirlərlə üz-üzə qoyur. Təbii, dövlət qurumunun yüksək vəzifəli nümayəndəsi tərəfindən bu cür siyasətin yürüdülməsi narazılıq yarıdır.

Başqa bir məqama da toxunmaq yerinə düşər. Məlum olduğu kimi, DQİDK dini icmaların maliyyələşdirilməsi prosesini də həyata keçirir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı müvafiq Sərəncamı var. Maliyyə vəsaitinin ayrılması ilə bağlı icmalar tərəfindən təqdim edilən layihələrin məqsədinin yerlərdə dini maarifləndirmə işlərinin genişləndirilməsi, xalqımızın dərin tarixi köklərə malik tolerant və multikultural dəyərlərinin ictimaiyyətə dolğun formada çatdırılmasıdır. Amma bu vəsaitələrin xərclənməsində də ciddi problemlərin olduğu iddia edilir. Aparılan arşdırmalar göstərir ki, vəsaitlərin ayrılması, xərclənməsi prosesində şübhəli məqamlar var. Hətta "Transparens" Korrupsiya Əleyhinə Beynəlxalq Təşkilat bu sahədə korrupsiya yol verildiyini bildirib.

Belə ki, 2 il bundan əvvəl "Transparens" bəyanat verdi ki, Azərbaycanda dini icmaların maliyyəsi qeyri-şəffafdır. Sadəcə olaraq, komitə rəhbərliyi əsasən özlərinə yaxın icmalarla işlədikləri və fəaliyyətlərini ictimaiyyətə açıq etmədikləri üçün baş verən oyunlar qapalı qalır.

Daxil olan məlumata görə, ölkədə dini zəmində yaranan narazılıq və qarşıda gözlənilən təhlükə yuxarı dairələri də narahat etməyə başlayıb. M.Qurbanlının bu sahədə islahatlar aparacağını düşünən şəxslərin gözləntilərinin puça çıxması isə komitə sədrinə qarşı mənfi fikir yaradıb. Artıq onun etimadı doğrulda bilmədiyi qənaəti yaranıb. Bizi bilgiləndirən şəxs deyir ki, M.Qurbanlının karyerasının bitməsi üçün kifayət qədər əsaslar var. Əgər bu sahədə mövcud olan problemlər daha da dərinləşərsə, YAP-dakı müsbət işlərinə baxmayaraq, M.Qurbanlı vəzifəsi ilə vidalaşa bilər.

Maraqlıdır, görəsən, bu sahənin araşdırmaçılar, müstəqil mövqeli şəxslər DQİDK-nin fəaliyyətini necə dəyərləndirirlər?

Bu barədə fikirlərini "Reytinq"lə bölüşən şərqşünas-alim, politoloq, birlik.az saytının rəhbəri Vüsal Hətəmov deyib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti hesabat xarakteri təəssüratı bağışlayır. Onun sözlərinə görə, bu qurum üzərinə düşən missiyanın tam olaraq həyata keçirməkdə çətinlik çəkir: "Bəlkə də, gördükləri iş media tərəfindən düzgün işıqlandırılmadığı üçün belə görünür. Hər halda, media ilə yetərincə işləməmələri göstərir ki, ya işləri dedikləri kimi deyil, ya da media sahəsində boşluqları var".

Bu yaxınlarda DQİDK-nın sədri Mübariz Qurbanlı ilə şəxsən görüşdüyünü və rəhbəri olduğu saytın maliyyə böhranı yaşadığından bağlana biləcəyini onun nəzərinə çatdıran V.Hətəmov bildirib ki, komitə sədri məsələyə soyuqqanlı yanaşıb: "Dedi ki, bizim saytlara verməyə pulumuz yoxdur. Halbuki belə olmamalıdır. Dünyada və ölkəmizdə dini mövzuların, dini hadisələrin sağlam təhlili və ölkə əhalisinə ötürülməsi baxımından bizim yazıların əhəmiyyəti dəfələrlə vurğulanıbdır. Ölkənin aparıcı KİV-ləri tərəfindən, beynəlxalq konfranslarda bizə, bizim yazılara mütəmadi yer verilibdir. Vaxtilə bizim saytla 30-a yaxın dini məzmunda yazan yazarlar əməkdaşlıq edirdi. Ümumiyyətlə, ənənəvi, sağlam, tərəqqipərvər, elmli dinin tərəfdarı olan sayt və qəzetlərə DQİDK tərəfindən maddi yardım ayrılmazsa, bizim işlədiyimiz saytların yerini kənardan radikal mövqeli qüvvələr tərəfindən idarə olunan KİV-lər tutacaq.

Əgər məni tanımırsa, demək, dini auditoriya ilə işləmə mexanizmləri düz deyil. Mən dini-analitik yazaram. Uzun illər, çalışdığım mətbu orqanlarda analitik mərkəzin sədri olmuşam. Sumqayıt telekanlı olan "Dünya" TV-də 6 ay dini-ədəbi verilişin müəllifi və aparıcısı olmuşam. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, dini-analitik yazılar baxımından ölkədə birinci də olmasa, birincilər sırasında hesab olunu-ram. 40-a yaxın klassik dini kitabların redaktoruyam. Əsasən, "Reytinq" qəzetində, MİA.az saytında, "Azadlıq" radiosu və bir sıra dövri nəşrlərdə ardıcıl məqalələrlə çıxış edirəm".

Hazırda Azərbaycanda dini mövzunun həssas olduğunu vurğulayan V.Hətəmov deyib ki, Suriyada, Əfqanıstanda din pərdəsi altında gedən hadisələrin bizdə də baş verməməsi üçün hamılılıqla çalışmalıyıq. Yəni, bu məsələdə məsuliyyəti təkcə dövlətin üzərinə atmaq olmaz:

"Vətəndaşlar, xüsusilə də media bu sarıdan köməkliklərini göstərməlidir. Yenə də deyirəm, bir çox məscidlərdə icma üzvlərinin kim olduğu məscid əhli üçün məlum deyil. Bu da ara-sıra haqlı narazılıqlar yaradır. İcmalara ayrılan pullar və onların necə xərclənməsi barədə biz media olaraq məlumat əldə edə bilmirik. Ümumiyyətlə, bəzən bilinmir ki, icma sədri kimdir, axund kim? Məscidlər bəzi savadlı ilahiyyatçı axundların şəxsi əməyi nəticəsində normal fəaliyyət göstərə bilir. Məscid əhli axundlarla əlaqə yaradır. Amma icma sədrləri ya bilərəkdən gözə görünmür, ya da... Hansısa dindarın dini mövzuda bir sualı, problemi yarandıqda icma səlahiyyətliləri onu yönəldə bilərlər. Əks-təqdirdə problemli dindar, sualına cavab, probleminə çarə tapmır və radikal, missioner təşkilatlara asanlıqla "yem" ola bilir".

Ekspert sonda DQİDK rəsmilərinə təkliflər də verib. Onun sözlərinə görə, adıçəkilən komitə dini yazarlara, dini yazılara daha çox üstünlük verən mətbu orqanlara maddi dəstək verməlidir: "Ölkədə dini barışın, tolerantlığın mövcudluğu icmalara verilən pullarla əldə olunmur, qələm əhlinin səyi nəticəsində meydana gəlir. Mübariz Qurbanlı vəzifəyə gələndə dini cameənin ümidi böyük idi. Elə bildik ki, ictimaiyyətə açıq olacaq. Amma görünür yanılmışıq. İcmalar yenə inhisar şəklində fəaliyyət göstərir. Bu da onu göstərir ki, Mübariz Qurbanlı ya həssas dini mövzularla tanış deyil, ya da dini yazarlarla, mətbuatla işləmək ona sərf etmir. Hər halda, möcud vəziyyət bundan ibarətdir. Əgər qarşıdakı dövrdə komitə rəhbərliyi irəli sürülən təklifləri nəzərə alıb siyasətində dəyişiklik etsə, vəziyyəti dəyişmək mümkün ola bilər".(reyting.az)

 

 

Administratorla əlaqə

077 611-55-22

[email protected]