Dini təbliğata görə cəzalar sərtləşdirildi
Azərbaycanda dini düşmənçilik, radikalizm və ya fanatizm zəminində şəxsi hər hansı dinə (dini cərəyana) etiqad etməyə məcbur edən şəxslər 5 ilədək müddətə həbs ediləcəklər.
Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə əlavə edilməsi təklif edilən maddədə əksini tapıb.
Yeni maddəyə əsasən, dini düşmənçilik, radikalizm və ya fanatizm zəminində şəxsi hər hansı dinə (dini cərəyana) etiqad etməyə, o cümlədən dini ayin və mərasimləri yerinə yetirməyə, dini ayin və mərasimlərdə iştirak etməyə, habelə dini təhsil almağa məcbur edən şəxslərin 7000 manatdan 9000 manata qədər cərimələnməsi və ya 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum edilməsi nəzərdə tutulur.
Məcəlləyə təklif edilən digər dəyişikliyə əsasən, dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədilən əməllərə görə 14 ildən iyirmi ilədək müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzası tətbiq ediləcək. Bundan əlavə, dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində silahlı birləşmələr və ya qruplar yaratma, həmin birləşmə və ya qruplarda iştirak etməyə görə altı ildən on ilədək müddətə azadlıqdan məhrumetmə tətbiq olunacaq.
Dəyişiklik layihəsi Milli Məclisdə səsə qoyularaq qəbul edilib. (Trend)