Azərbaycanlı Ayətullah Şeyx Məhəmməd Fazil Lənkərani
Ayətullah əl-uzma Hacı Şeyx Məhəmməd Fazil
Lənkərani dahi islam alimi Ayətullah Şeyx Fazil Lənkərani Qafqazinin oğludur.
O, müasir dövrün böyük fəqihlərindən və mərcəyi-təqlidlərindən hesab olunur.
Atası Lənkəranın Ərkivan kəndində anadan olub. Bu ailə özünün gözəl əxlaqı,
dindarlığı və təqvası ilə məhşur olmuşdur. O, Qum şəhərinə gəldikdən sonra İmam
Musa Kazim övladlarından olan Qumda dəfn edilmiş Musa Mubərqənin nəslindən bir
seyid qadınla evlənir.
Ayətullah Məhəmməd Fazil Lənkərani 1931-ci il Qum
şəhərində dünyaya göz açır. O, uşaqlıq çağlarından çox istedadlı, möhkəm
iradəli, müxtəlif hadisələr qarşısında səbirli və qabiliyyətli olub. İbtidai
təhsilini Qum şəhərində alıb və hər il də nümunəvi şagird kimi fərqlənib. Belə ki
müəllim dərsə gəlmədikdə, onun yerinə şagirdlərə dərs deyərdi.
İbtidai məktəbin altıncı sinfində oxuyanda, Qum
şəhərində keçirilən elmi müsabiqələrdə birinci yerə çıxır və qiymətli mükafat
ilə təltif olunur. Məktəbin müdiri təkid edir ki, bu istedadlı şagird öz
dərslərini davam etdirsin və ali məktəblərdən birinə daxil olsun. O isə fitri
zövq və istedadına görə ruhani elmlərinə meyl edir. Altıncı sinfi bitirdikdən
sonra, orta məktəbdən ayrılıb islam hövzəvi dərslərə tərəf üz tutur.
Alim özü bu barədə deyir: "Atam Qum şəhərinə
gəldikdən sonra bir seyid qızı ilə evlənib ailə qurur. Mən bu ailənin dördüncü
oğluyam və yalnız mən ruhani oldum. Hələ orta məktəbdə müəllim bizə "gələcəkdə
nə olacaqsınız”- adlı inşa mövzusu verəndə mən yazardım ki, "ruhani olmaq
istəyirəm”. Özü də bu sözləri elə bir dövrdə yazırdım ki, o zamanlar əgər bir
şəxs ruhani olsaydı, bəzilərinin nəzərində ağılsız və yolunu azmış kimi
qiymətləndirilirdi.
Alim hövzə dərslərini on üç yaşında başlayır
(1944-cü il) və tələbələrin on il ərzində oxuduqları dərsləri altı ildə başa
vurur. Tanınmış alim Təftazaninin "Mütəvvəl” kitabını bir il ərzində oxuyur.
Onun ən yaxşı müəllimlərindən öz atasının və Ayətullah Müntəzirinin adını
çəkmək olar. Məktəb vaxtlarında onun ən yaxın dostu və köməkçisi isə şəhid
Ayətullah Mustafa Xomeyni olmuşdur. Mustafa Xomeyni onunla birlikdə islam
elmlərini öyrənməyə başlamışdır. Bu şəxsiyyətin varlığı səbəb olur ki, şeyx
Məhəmməd islami elmlərə və ruhaniyyətə həddindən artıq rəğbətlənsin. Şeyx
özünün ilk təhsil günlərini bu cür xatırlayır: "Mən orta məktəbi qurtardıqdan
sonra, son dərəcə rəğbətlə, həvəslə islami elmləri öyrənməyə başladım və elmdə
çox tez irəlilədim... Ərəb ədəbiyyatının orta və ali səviyyəsinin bütün
dövrlərini (kurslarını) yüksək səviyyədə oxudum. "Yüksək səviyyədə” deməkdə
məqsədim budur ki, mən hər kitabı dərslərin gedişatında iki dəfə oxuyurdum.
Əvvəlcə müəllim dərsi sinifdə tədris edirdi, dərsdən sonra həmin kitabı yenidən
dostlarımla mübahisə edirdim. Elə buna görə də dərslərimdə irəli getdim və ilk
dövrənin dərslərini altı il ərzində başa vurdum. Dəqiq yadımdadır, on doqquz
yaşım olanda Ayətullah Burucerdinin xaric dərslərində iştirak edirdim. İlk
təhsil günlərimdə bir həmmübahisəm var idi, dərslərimi onunla bəhs edirdim.
Qışın soyuq günlərində "mütəhhər hərəmin” eyvanında, açıq havada mübahisə
etməyə məcbur olurduq. Ayətullah Burucerdi bir gün bir məclisə dəvət olunmuşdu.
Mən də atamla birlikdə bu məclisdə idim (O vaxt mən "Mütəvvəl” kitabını
oxuyurdum). Ayətullah Burucerdi "Mütəvvəl” kitabından bir şeir oxudu və bu şeir
haqqında məndən sual soruşmağa başladı. Mən dərhal cavab verdim. Bundan sonra o
həzrət mənə əlli tumən pul hədiyyə etdi. Bu məbləğ o günlərdə çox dəyərə malik
idi. Belə bir böyük şəxsiyyətin hədiyyə verməsi məni daha da ruhlandırdı və
bundan sonra öz dərslərimə və əməllərimə daha diqqətlə nəzarət etməyə
başladım”.
Şeyxin dərs aldığı islam alimlərindən Ayətullah
Əsədullah Nurullah Nəcəfabadi, Ayətullah Fazil Qafqazi, Ayətullah Seyyid
Məhəmməd Baqir Sultani Təbatəbai, Ayətullah Əbdül Cavad Amuli Sərhi, Ayətullah
Şeyx Mürtəza Hairi, Ayətullah Şeyx Əbdül Cavad Amuli və s. adlarını qeyd etmək
olar.
19 yaşından (1950-ci ildən) başlayaraq "üsul” və
"fiqh” elmlərinin xaric dərsinə gedir. O günlərdə məhşur ustadlar Ayətullah
Burucerdi, Höccət Kuhkəməri, Məhəmməd Təqi Xorasani, Sədrəddin Sədr və İmam
Xomeyni Qumda "üsul” və "fiqh” dərslərini tədris etməklə məşğul idilər. Alimin
atası Ayətullah Burucerdinin ailəsi ilə yaxın dost olduğuna görə, onun xaric
dərslərində iştirak edir. O, bu dövrləri belə xatırlayır: "Dəqiq yadımdadır, on
doqquz yaşımın axırlarında Ayətullah Burucerdinin dərslərində iştirak edirdim.
Yaşımın azlığına baxmayaraq ali səviyyədəki dərslərdə iştirak etməyim onun
nəzər-diqqətini çox cəlb edirdi. Bə`ziləri mənə deyirdi ki, bu dərsə getməyim,
çünki ustadın dərslərini başa düşmərəm. Amma mən bu deyilənlərə əhəmiyyət
vermədən dərslərə getməyimə davam edir və gözəl də başa düşürdüm”.
O, Ayətullah Burucerdinin fiqh dərslərində
iştirak etməklə eyni zamanda İmam Xomeyninin də "üsul” və "fiqh” dərslərinə
gedir. Bütün dərslərini məhşur islam alimləri Ayətullah Şəhid Mustafa Xomeyni
və Ayətullah Şəhabuddin İşraqi ilə mübahisə edir. Ümumiyyətlə, on üç il
Ayətullah Burucerdinin, doqquz il isə İmam Xomeyninin xaric dərslərində iştirak
etmişdir. Bütün bu dərslərin çox hissəsini (ərəb dilində) xülasə şəklidə qələmə
almış və mübahisə etmişdir. Alim fəlsəfə və təfsiri Əllamə Ayətullah Məhəmməd
Hüseyn Təbatəbai Təbrizidən, əxlaq dərslərini isə Ayətullah Mirzə Əli Ağa
Şirazi kimi ustaddan mənimsəmişdir. O, bu dövrü belə xatırlayır: "Ustad Əllamə
Təbatəbai, Səbzivarinin "Mənzumə” dərsini tədris edən vaxtlar biz də o dərsdə
iştirak edirdik. Bundan sonra "Əsfar” dərsinə başladıq. Neçə illər onun "Əsfar”
dərslərində, habelə təfsir məclislərində iştirak etdim”.
Alim öz təhsilinin əvvəllərindən başlayaraq ərəb
ədəbiyyatı kitablarını, təqribən (əlli il) ərzində orta və ali səviyyədə
müqəddimat və xaric dərslərini tədris edir. O, çoxlu şagirdlər yetişdirmişdir
ki, onlardan bir çoxları ictihad dərəcəsinə çatmışlar. O, öz tədrisi barəsində
buyurur: "Dərs verməyə, təxminən, təhsilimin ikinci, yaxud üçüncü ilindən
başladım. Tədris etdiyim ilk kitab "Süyuti” kitabı idi. "Şərhi-lümə”ni tədris
edəndə bizim dərslərimiz ümumiləşdi və hövzə səviyyəsində tanınmış dərslərdən
birinə çevrildi. Belə ki təxminən 70-80 nəfər mənim tədris etdiyim bu dərsdə
iştirak edirdi. Yaxşı yadımdadır, "İrs” dərsini ("Şərhi-lümə”nin bir
bölməsidir) Həzrət Məsumənın hərəminin bir tərəfində tədris edirdim. Yetmiş
nəfərə yaxın şagirdim var idi. Bir gün fikir verdim, gördüm ki şagirdlərimin
hamısı yaşda məndən böyükdür. "Məkasib” dərsini tədris etdiyim vaxtlar, bizim
dərsimiz özünə daha da geniş miqyas aldı. Belə ki "Məscidi-əzəm”də Burucerdinin
dərsi qurtardıqdan sonra, mən bu böyük məscidə daxil olur, minbərdə oturub
dərsə başlayırdım. "Məkasib” kitabını on beş il ərzində (əvvəldən axıra qədər)
beş dəfə tədris etdim. Hər dəfə tədrisi əvvəldən başlayanda tələbələrin sayı
əvvəlkindən çox olurdu. "Kifayə” kitabı haqqında onu deyə bilərəm ki, onu altı
dəfə (əvvəldən axıra qədər) tədris etmişəm. Bizim "Kifayə” dərslərimiz İmam
Həsən Əsgəri adına məsciddə keçirilirdi. Məsciddə mikrofon olmamasına
baxmayaraq, dərsimdə yeddi yüz nəfər tələbə iştirak edirdi”.
1972-ci ildən başlayaraq şeyx "üsul” və "fiqh”
dərslərinin xaricini tədris etməyə başlayır. İmam Xomeyninin müridi olduğuna və
onun "Təhrirül-vəsilə” kitabının geniş şəkildə yayıldığına görə bu kitabda olan
bəhsləri xaric dərslərinin əsl mətni kimi seçir. Bundan əlavə, alim Yəzd
şəhərinə sürgün olunduqdan sonra, habelə başqa vaxtlarda "Təhrirül-vəsilə”
kitabına şərh yazmışdır ki, indiyə qədər onun səkkiz cildi çap olunmuşdur.
Qeyd olunduğu kimi, on doqquz yaşında olarkən
Ayətullah Burucerdinin "fiqh” dərslərində iştirak edir. Bu dərs yüksək səviyyəli,
dolğun elmi və fiqhi bəhslərdən biri hesab olunurdu. Yaşının az olmasına, fiqh
bəhslərinin bu bölməsinin xeyli ağır olub, diqqət tələb etməsinə baxmayaraq, bu
dərslərdə müntəzəm şəkildə iştirak edir və mətləbi gözəl şəkildə qavrayırdı.
Hətta bəzi tələbələr ustada demişdilər ki, möhtərəm alim Fazil Qafqazinin oğlu
sizin çox dəqiq və çətin olan dərslərinizi qavrayıb dediklərinizi sonradan
başqalarına öyrədə bilməz. Bu məsələdən agah olan Şeyx ustadın əvvəllər keçdiyi
dərslərdən bəzi bölmələri götürüb ona şərh yazır, ustadın nəzərlərinə öz
nəzərlərini əlavə etdikdən sonra əlyazmasını ustadın yanına aparır. Ayətullah
Burucerdi onun yazdıqlarını diqqətlə nəzərdən keçirdikdən sonra Şeyxi çox
tərifləyir və ona beş yüz tümən hədiyyə verir. Bu məbləğ pul o zaman çox dəyərə
malik idi (belə ki hər tələbənin aylıq təqaüdü yüz tüməndən az olurdu). Bu
alimin ardıcıl və yorulmaz səyləri nəticəsində iyirmi dörd yaşında ictihad
dərəcəsinə çatır. Ayətullah Burucerdi həm alimlər arasında, həm də təklikdə
Şeyxin ictihad dərəcəsinə çatmasını təsdiq etmişdir. Belə ki Ayətullah
Burucerdinin şagirdlərindən biri deyir:
Günlərin birində Ayətullah Burucerdi Şeyx Fazilə
işarə edib buyurdu: "O şəxs müctehiddir”. Bu sözün 24 yaşlı cavan haqqında
deyilməsi məclisdə olanları təəccübləndirdi.
Şeyx, həmçinin Qum elmiyyə hövzəsində elmi
ocaqları təşkil edənlərdən biri olub.
Alimin əsas həyat yollarından biri də şahənşah
rejimi ilə mübarizədə olub. Belə ki o, İmam Xomeyninin rejim əleyhinə başladığı
hərəkatı həmişə müdafiə edir və buna görə də, onunla həmişə sıx əlaqə
saxlayırdı. Alimin imzası şah əleyhinə yazılmış əllidən çox elamiyyədə qeyd
olunub. Bu elamiyyələrin ən mühümlərindən biri "şahı taxtdan salmaq və İmam
Xomeyninin mərcəiyyətini” elan etmək məsələsidir. Bu da böyük həyacana səbəb
olmuşdur. Alimin İmam Xomeyni hərəkatında qətiyyət və ciddiyyətlə iştirak
etməsi şah rejimi məmurlarının kəskin narahatlığına səbəb olur. Qum elmi
ocağının məhşur alimləri kütləvi həbs ediləndə onların arasında Şeyx Məhəmməd
də olub. Şah rejimi əvvəlcə onu tutub zindana salır, bir müddətdən sonra
"Bəndəri-lənge” şəhərinə sürgün edir. Burada dörd ay sürgündə qaldıqdan sonra
İranın Yəzd şəhərinə göndərilir, bu şəhərdə sürgündə 2 il yarım olur. İnqilabın
qızğın vaxtlarında Qum şəhərinə gəlib, həmin günlərdə şəhərdə mövcud bütün
ictimai hərakatlarda yaxından iştirak edir. İslam inqilabından sonra Şeyx
Məhəmməd o inqilabı və İmam Xomeynini ağır böhranlı günlərdə himayə edən
müctəhidlər sırasında idi. O, Ayətullah Nəcəfi Mərəşinin vəfatından sonra Qumda
Fatimeyi-Məsumənin hərəmində camaat namazını, həmçinin Qum elmiyyə hövzəsinin
müdriyyətliyini bir müddət öhdəsinə götürmüşdür. Ayətullahül-üzma Məhəmmədəli
Ərakinin vəfatından sonra isə həm Qum elmiyyə hövzəsi, həmdə Tehranın mübariz
ruhaniləri tərəfindən altı nəfər böyük məqamlı fəqihlə birlikdə şiələrin
mərcəyi-təqlidi kimi elan olunur.
Ayətullah Lənkərani uzun sürən xəstəlikdən sonra 16
iyun 2007-ci il tarixində 76 yaşında İranın Qum şəhərində vəfat edib. Həzrəti
Məsumənin (s.ə.) müqəddəs hərəmində dəfn edilib.
Bu material Faiq Vəlioğlunun "Azərbaycanın görkəmli İslam alimləri” kitabından götürülmüşdür.