Ölkə

Komandası nazirdən imtina etməyə başladı

24-02-2016, 01:26
Bir sıra icra başçıları Ziya Məmmədovun adamı olduqlarını inkar edirlər, hətta nəqliyyat naziri haqqında sərt tənqidlər işlətməkdən də çəkinmirlər 

Nəqliyyat Nazirliyinin bir sıra səlahiyyətlərinin əlindən alınması, habelə bəzi qurumlara müstəqilliyin verilməsi bu qurumu iddiasız bir dövlət strukturuna çevirib. Bir zamanlar, Ziya Məmmədovun qılıncının dalı və qabağı kəsən vaxtlar var idi. Amma artıq nəqliyyat naziri daha çox küncə sıxışdırılmış, eyni zamanda, portfelsiz bir nazirə çevrilib. 

Politika.az xəbər verir ki, Ziya Məmmədovun faktiki durumu onun gələcəyinin də risq altında olduğundan xəbər verir. Heç bir səlahiyyəti olmayan, habelə təsir imkanlarından məhrum olunmuş birinin bir qədər sonra hansı aqibəti yaşayacağı da bəlli deyil. Bəs, necə olacaq? 

Etibarlı mənbələrin Politika.az-a verdiyi məlumatda vurğulanır ki, hal hazırda durumu ağır olan nəqliyyat naziri vəziyyətdən çıxış yolları axtarır. Bir tərəfdən oğlu Anar Məmmədovun ciddi səhvləri, digər tərəfdən qardaşı oğlunun atdığı bəzi yanlış addımların da əziyyətini çəkən Məmmədov, bundan sonrakı aqibətini bəlirləmək üçün bir sıra cəhdlərə baş vurur. 

Məsələn, onun dövlətin üst düzeyi ilə danışıqlar apararaq, əvvəlki mövqelərini qaytarmaq üçün çabaladığı vurğulanır. Mənbələr bildirir ki, Ziya Məmmədovun bunun üçün minnətçi düşdüyü bir neçə iri çinli məmur da var. Amma ona hər hansı bir güzəştin ediləcəyi və ya əvvəlki mövqelərini qaytarmaq üçün şans veriləcəyi məlum deyil. Güman edilir ki, nəqliyyat naziri hələ bir müddət portfelsiz nazir olaraq fəaliyyət göstərəcək. Yekunda isə öz ərizəsi ilə işdən azad olunacaq.

Maraqlı məqam odur ki, baş verən proseslərdən zərər çəkəcəklərini düşünən icra başçıları da artıq nəqliyyat nazirindən üz döndərməyə başlayıblar. Politika.az-a verilən məlumatlara görə, bir neçə rayonun rəhbəri Ziya Məmmədov sayəsində sözügedən postlara yiyələnsələr də, hazırkı məqamda onunla birlikdə olmağın təhlükəli sayıldığının fərqinə varıblar. Elə bu səbəbdən də həmin icra başçılarının bir çoxu nazirdən imtina etməyə başlayıblar. Hətta aralarında elələri var ki, onların yanında Ziya Məmmədovun adı çəkiləndə söhbəti bağlayıb, nəqliyyat nazirinin əleyhinə sərt ifadələr işlətməkdən də çəkinmirlər. 

Qeyd edək ki, həmin icra başçılarının adı bizə məlumdur. Lakin bəzi dəqiqləşdirmələr səbəbindən hələlik açıqlamırıq. 

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

 

 

Administratorla əlaqə

077 611-55-22

[email protected]