Gündəm

Ziya Məmmədovun başının bəlası: QULAM ƏLƏKBƏROV - təfsilat

20-03-2016, 00:38
Kriminal aləmin ən əsas fiqurunun nazirin kadr siyasətinə nəzarət etdiyi üzə çıxıb 

Son dövrlər əksər səlahiyyətləri əlindən alınmış nəqliyyat naziri Ziya Məmmədovun daha bir problemi üzə çıxıb. Politika.Az xəbər verir ki, bu problemin baiskarı isə elə nazirin özü olub. Daha doğrusu, onun əsas işlərini kriminal aləmlə bağlı olan biriylə şərik olması ortalığı qarışdırıb. 

Mənbə bildirir ki, Ziya Məmmədovun istər iş dünyasında, istərsə də kadr siyasətində əsas adamı Qulam Ələkbərov olub. Məlumata görə, ikili vətəndaşlığı olan, habelə qorxusundan qaçıb Ukraynada gizlənən Ələkbərovun, həmçinin kriminal aləmlə çox dərin əlaqələri var. Belə bir adamın nazirin kadr siyasətinə nəzarət etməsi isə hakimiyyət dairələrinin hövsələsini daha da daraldıb. 

Belə ki, Ələkbərovun əsas kadrları sırasında Quba, Göyçay, Goranboy və Mingəçevirin icra başçıları da var. Yəni, bu adamları Ziya Məmmədova təqdim edən şəxs Qulam Ələkbərov olub. Həmin şəxsləri icra başçısı təyin etdirəndən sonra sözügedən şəxsin bu rayon və şəhərlərdə həyata keçirilən tenderlərə nəzarət etdiyi və onun iştirakı ilə reallaşdırdığı vurğulanır. Bildirilir ki, adıçəkilən şəxs Ziya Məmmədovun o qədər «qanına girib» ki, istədiyi işi reallaşdıra bilib. Nəticədə, bu gün onlarla yarımçıq qalmış milyonluq işlər ortaya çıxıb ki, heç birinin pulu ödənilməyib. Hətta bir çox iş adamlarına olan borcun məbləği bir neçə on milyon manatı keçib. 

Politika.Az xəbər verir ki, Qulam Ələkbərovun hazırda Ukraynada olması, Azərbaycana gəlməkdən imtina etməsi isə Ziya Məmmədovun işlərini daha da pisləşdirib. Çünki borclular nazirin yaxasından yapışıblar və onunla söhbət etmək istəyirlər. Zatən, yetərli qədər mövqelərini itirmiş nazir bir də sahibkar məsələsinə görə şikayət ediləcəyinin əndişəsini yaşayır. Ona görə ki, indiki həssas məqamda bu məsələdə də adı hallanarsa, sonuncu «qalası» olan kreslosunu da əldən vermiş olacaq.

 

 

Administratorla əlaqə

077 611-55-22

[email protected]