Xəbərlər / Şikayət / Siyasət

Oqtay Güləliyev: MBH üzvü Sərxani Ağanın nəşi 10 aydır ki, ailəsinə təhvil verilmir

22-05-2019, 01:18
2018-ci ilin iyul ayında Gəncə hadisələri zamanı öldürülmüş Sərxani Ağanın nəşi 10 aydır ailəsinə verilmir. Hüquq müdafiəşisi Oqtay Güləliyevin öz facebook səhifəsində yazdığı məlumata görə, A.Sərxani məlum Gəncə hadisələr zamanı öldürülən 8 nəfərdən biridir. O.Güləliyev deyir ki, Müsəlman Birliyi Hərəkatının üzvü Sərxani Ağanın nəşi aylardır ailəsindən gizlədilir:

"Ağa Sərxaninin nəşi "itkin düşüb”. Mərhumun ölümünə aydınlıq gətirilməsi və nəşini ailəsinə təhvil verilməsi üçün onun həyat yoldaşı Sevinc Sərxani baş prokuror Zakir Qaralova müraciət etmişdi. Müraciətdən sonra dəfələrlə polis orqanlarına çağrılan Sevinc xanım təzyiqlərə, kiçik övladları ilə təhdid olunmağa və izlənmələrə məruz qaldı. Və bir müddət sonra respublika prokurorluğu ona cavab məktubu göndərdi... Doğrusu deyim mən bu məktubu oxuyanda dəhşətə gəldim. Ölkəmizdə insan həyatının bu qədər ucuz və dəyərsiz olduğuna inanmazdım. Məktubda əvvəlcə Sərxani Ağaya böhtan atılaraq bildirilir ki, o, 03 iyul 2018- ci ildə Gəncədə icra başçısına və mühafizəçisinə atəş açaraq terror aktının törədilməsində yaxından iştirak etmiş, mütəşəkkil dəstənin üzvü olmuşdu...".

Hüquq müdafiəçisi deyir ki, Gəncədə məlum hadisələr baş verən ərəfədə Ağa Sərxani nəinki Gəncədə, ümumiyyətlə Azərbaycanda olmayıb: "Apardığımız araşdırma və mərhumun pasportuna vurulan möhür bunu göstərir. Respublika baş prokurorluğuna sual etmək lazımdır ki, ölkədə olmayan şəxs icra başçısının güllələlənməsi hadisəsində necə iştirak edə bilərdi? Məktubda Ağa Sərxaninin "Makarov” markalı tapança ilə (ailəsi bildirir ki, o, silahsız olub- red.) müasir silahlarla silahlanmış çox saylı DİN əməkdaşlarına "ciddi” müqavimət göstərməsi nağılını və onun qatı cinayətkar və terrorçu kimi "məhv edilməsi” epitetini bir kənara qoyaraq nəşinin 10 aydır ailəsinə verilməməsinə prokurorluq orqanlarının "aydınlıq gətirməsinə” diqqət edək.

Qeyd olunur ki, Ağa Sərxaninin meyidi Gəncə şəhər Kəpəz rayon polis İdarəsinin sahə rəisi Məhərrəmov İlham Şahniyar oğluna təhvil verilib. Təsəvvür edin mərhumun həyat yoldaşı respublika baş prokurorluğundan ərinin qanunsuz olaraq öldürülməsi, həyatdan məhrum edilməsi, nəşinin ötən 10 ayda gizlədilərək ailəsinə təhvil verilməməsi cinayətini araşdırıb ölçü götürülməsini tələb edir. Baş prokurorluq isə yanlış və əsassız bəhanələr gətirərək məsuliyyətdən qaçmağa çalışır. Sonda da deyir ki, sizin həyat yoldaşınızın nəşini filankəsə vermişik. Gedin özünüz araşdırın. Baxın, hüquq- mühafizə orqanları, prokurorluq qanunsuz olaraq həyatdan məhrum edilmiş, öldürülmüş bir Azərbaycan vətəndaşının taleyinə hansı münasibət göstərir. Məhkəməsiz, sübut-dəlilsiz vətəndaş öldürülür, nəşi ailəsinə verilmir. Həyat yoldaşının nəşini tələb edən qadından isə ərindən imtina etmək tələb olunur. Acı və dəhşətli Azərbaycan reallığı budur! Seçim bizimdir. Ya gərək bütün bunlara susub növbəmizi gözləməliyik, ya da bu cinayətlərin açılıb səbəbkarların məsuliyyətə cəlb olunması üçün vətəndaşlıq mövqeyi göstərməliyik...".

Administratorla əlaqə

077 611-55-22

[email protected]