Əsas Səhifə / Foto Fakt

“Şəhidlər Park”ı baxımsız qalıb, uçulub-dağılır…

21-01-2016, 15:36

“Şəhidlər Park”ı baxımsız qalıb, uçulub-dağılır…Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, 52-də yerləşən "Şəhidlər Parkı” baxımsızlıqdan bərbad hala düşüb. Şəhid Şahin Səməd oğlu Məmmədovun adının əbədiləşdirilməsi  məqsədilə çəkilmiş xatirə bulağı quruyub. Şəhidin abidəsinin ətrafına atılan zibil tullantıları ufunət saçır. Bataqlığa, natəmizlik yuvasına çevrilən park ətraf binalarda yaşayan sakinlərin yeganə istirahət zonasıdır.

Bu barədə virtualaz.org saytına Məzahir Rüstəmov küçəsinin sakinləri məlumat veriblər.

Sakinlərin sözlərinə görə, parkın ərazisi əvvəllər avtodayanacaq olub. Lakin sonradan bərbad vəziyyətə düşüb. 1998-ci ildə şəhid Şahin Məmmədovun atası Səməd Məmmədov ərazini abadlaşdırıb, park halına salıb. Parkda fontan, uşaqlar üçün yelləncəklər, oturacaqlar quraşdırılıb. Həmçinin şəhidlərin xatirəsinə lövhə vurulub. İndi isə bu lövhə də sökülərək götürülüb.

Ərazidə yaşayan Azər Nəbiyev deyir ki, parkın ətrafında iki məktəb yerləşir: "Dərsdən çıxan uşaqlar bu parkda dincəlirdi. İndi isə oturacaqlar sökülüb, yelləncəklər işləmir. İki yelləncək qalıb, onlar da bərbad haldadır. Dəfələrlə uşaqlar xəsarət alıblar”.

Parkın girəcəyində bir neçə quş damı tikilib. Uşaqlar deyirlər ki, məhəllənin quşbazları göyərçinləri parkda saxlayırlar.

Təqaüdçülər isə özləri üçün kiçik guşə yaradıblar. Məzahir Rüstəmov küçəsi, 52-də yaşayan Səməd Məmmədov deyir ki, evdən oturacaq, köhnə palaz gətirərək balaca yer düzəldiblər: "Əvvəllər bu park həmişə adamla dolu olurdu. Çünki burada ağac çoxdur. İndi isə yalnız təqaüdçülər gəlir. Uşaqların tək gəlməsi qorxuludur”.

Parkın yaxınlığında tikinti işləri aparılır. Kimi otel tikildiyini, kimi də çoxmərtəbəli bina inşa edildiyini deyir.

Parkda gəzişən yaşlı xanım neçə illərdir tikinti işləri aparıldığını, tikinti materiallarının isə parka atıldığını deyir: "Deyirlər ki, tikinti başa çatandan sonra ərazi yenidən abadlaşdırılacaq. Artıq neçə ildir bu vədi eşidirik. Amma nə tikinti bitir, nə də park abadlaşdırılır”.

Ərazidəki yol da park kimi bərbad vəziyyətdədir. Vaxtilə çəkilmiş su xətləri çürüyüb sıradan çıxdığından, su binaların həyətinə, eləcə də parkın ərazisinə axaraq bataqlıqlar, gölməçələr əmələ gətirib. Parkdakı mevə ağacları uzun müddət bataqlıqda qaldığından quruyur.

Sakinlər onu da deyirlər ki, şəhidlərin adını daşıyan parkın abadlaşdırılması üçün Xətai Rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət ediblər. Lakin eşitdikləri yalnız vəd olub: "Heç olmasa, şəhidin adını daşıyan xatirə lövhəsi düzəldilsin, yol təmir olunsun. Amma icra hakimiyyəti yüzlərlə sakinin şikayətini eşitmir. Parkın ərazisi uşaqlar üçün real təhlükə mənbəyinə çevrilir”.

Təcrübə göstərir ki, dağılmış, bərbad hala salınmış ərazilər sonradan satılır. Yaxınlıqda tikinti işlərinin getdiyi bir vaxtda parkın dağıdılması bəlkə də təsadüfdür.

Xətai Rayon İcra Hakimiyyəti parkla bağlı suallarımızı cavablandırmadı.

Ülviyyə Xudiyeva

Virtualaz.org

“Şəhidlər Park”ı baxımsız qalıb, uçulub-dağılır…
“Şəhidlər Park”ı baxımsız qalıb, uçulub-dağılır…
“Şəhidlər Park”ı baxımsız qalıb, uçulub-dağılır…
“Şəhidlər Park”ı baxımsız qalıb, uçulub-dağılır…
“Şəhidlər Park”ı baxımsız qalıb, uçulub-dağılır…

Administratorla əlaqə

077 611-55-22

[email protected]