Layihə
Bölgələrdə yaşayan ünsiyyət məhdudiyyətli gənclər üçün “Təlim məktəbi” layihəsinin ilk mərhələsi başa çatdı
17-08-2017, 12:36
“Nar” və “Uğur Akademiyası” tərəfindən təşkil edilən bölgələrdə “Təlim məktəbi” layihəsinin ilk mərhəlıəsi başa çatdı. Zaqatalada start verilən layihənin ilk mərhələsi təcrübəli mütəxəssislər və peşəkar psixoloqun iştirakı ilə həyata keçirilib. Təlim iştirakçıları smartfon təmiri, dərzilik və aşpazlıq kurslarında iştirak ediblər. Bölgələrdə bir ilk olaraq həyata keçirilən layihə rayon icra hakimiyyəti və Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin regional mərkəzi tərəfindən dəstəklənib.
“Təlim məktəbi” layihəsi “Nar” tərəfindən reallaşdırılan və fiziki məhdudiyyətli gənclərin cəmiyyətə inteqrasiyası üçün nəzərdə tutulan bir layihədir. Layihə çərçivəsində bölgələrdən olan 40 nəfər yerli sakinin iki ay boyunca üç istiqamət üzrə peşə təlimi alması nəzərdə tutulub. Bölgələrdə “Təlim məktəbi” layihəsinin növbəti mərhələsinə önümüzdəki günlərdə Göygöl rayonunda start verilməsi planlaşdırılır.
“Təlim məktəbi” layihəsi ilk olaraq Bakıda start götürüb və ümumilikdə 75 nəfər tələbənin iştirakı ilə həyata keçirilib. “Nar”-ın təşəbbüsü ilə təmənnasız həyata keçirilən layihənin məqsədi ünsiyyət məhdudiyyətli gənclərin bilik və bacarıqlarını artırmaq, onların gələcək karyeralarına töhfə vermək və mənəvi dəstək göstərməklə cəmiyyətə inteqrasiya etdirməkdir. Təşkilatçılar “Təlim məktəbi”ni bitirən gəncləri diqqət mərkəzində saxlayaraq onların işlə təmin olunmasına yardımçı olur.
Artıq 3 ildən çoxdur ki, “Nar” korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində fiziki məhdudiyyətli Azərbaycan vətəndaşlarının cəmiyyətə inteqrasiyası istiqamətində müxtəlif addımlar atır. Yerli biznes mühiti üçün nümunə olaraq qeyd etmək lazımdır ki, 11 nəfər ünsiyyət məhdudiyyətli şəxs hazırda “Nar”-ın əməkdaşı olaraq fəaliyyət göstərir. Mobil operator bu qəbildən olan sosial layihələri genişləndirməyi və bənzər təşəbbüslərə dəstəyi davam etdirməyi nəzərdə tutur.
“Nar”-ın KSM strategiyası haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.
“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. 2,3 milyon istifadəçisi olan “Nar” hazırda ölkə ərazisinin 99%-ni əhatə edən və 6000-dən artıq baza stansiyasından ibarət olan geniş şəbəkəsi ilə abunəçilərinə yüksəkkeyfiyyətli xidmət göstərir.