Layihə

"Nar" bölgələrdə fiziki qüsurlu gənclər üçün yeni layihəyə başladı

1-08-2017, 23:42

"Nar"ın Azərbaycanda bölgələrdə yaşayan fiziki məhdudiyyətli gənclər üçün "Təlim məktəbi” layihəsi başlayıb.

"Nar"dan Xeberman.com-a daxil olan məlumata görə, "Təlim məktəbi” layihəsi fiziki məhdudiyyətli gənclərin cəmiyyətə inteqrasiyası üçün nəzərdə tutulmuş layihədir. Zaqatalada start verilən bölgələrdə "Təlim məktəbi” layihəsi təcrübəli mütəxəssislər və psixoloq tərəfindən aparılır. Layihə çərçivəsində bölgələrdən olan 40 nəfər yerli sakin iki ay boyunca üç istiqamət üzrə peşə təlimi alacaq. Təlim iştirakçıları smartfon təmiri, dərzi və aşbazlıq kurslarında iştirak edəcək.

Qeyd edək ki, bölgələrdə bir ilk olaraq həyata keçirilən layihə həm də rayon icra hakimiyyəti və Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin regional mərkəzi tərəfindən dəstəklənir.

"Təlim məktəbi” layihəsi ilk olaraq Bakıda başlayıb və ümumilikdə 75 nəfər tələbənin iştirakı ilə keçirilib. Təmənnasız həyata keçirilən layihənin məqsədi fiziki məhdudiyyətli gənclərin bilik və bacarıqlarını artırmaq, onların gələcək karyeralarına töhfə vermək və fiziki məhdudiyyətli şəxslərə mənəvi dəstək göstərməklə onları cəmiyyətə qazandırmaqdır. Bu məqsədlə, layihəyə "ASAN Könüllüləri” və "Uğur Akademiyası” da təşkilati dəstək göstərir. Təşkilatçılar "Təlim məktəbini” bitirən gəncləri diqqət mərkəzində saxlayaraq onların işlə təmin olunmasına yardımçı olur.

Artıq 3 ildən çoxdur "Nar” korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində fiziki məhdudiyyətli Azərbaycan vətəndaşlarının cəmiyyətə inteqrasiyası istiqamətində müxtəlif addımlar atır. Yerli biznes mühiti üçün nümunə olaraq qeyd etmək lazımdır ki, 11 nəfər ünsiyyət məhdudiyyətli şəxs hazırda "Nar”ın əməkdaşı olaraq fəaliyyət göstərir. Mobil operator bu qəbildən olan sosial layihələri genişləndirməyi və bənzər təşəbbüslərə dəstəyi davam etdirməyi nəzərdə tutur.

"Nar”-ın korporativ sosial sosial məsuliyyət (KSM) strategiyası haqqında ətraflı məlumatı nar.az saytından əldə etmək olar.

"Azerfon” şirkəti 21 mart 2007-ci ildə "Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]