Əsas Səhifə / Layihə

Yeni seçilmiş ÇQ-nin üzvlərinin mandatının təsdiq olunması ilə bağlı süni əngəllər yaradılır.

1-02-2017, 00:05

21 yanvarda status yazaraq sizlərə MSŞA Koalisiyası Şurası (20.01.2016 tarixli iclasında) tərəfindən yeni seçilmiş Çoxtərəfli Qrupun (ÇQ) vətəndaş cəmiyyəti üzvləri haqqında məlumat vermişdim. Həmçinin vurğuladım ki, indi qalır Hökümət tərəfinin bu tərkiblə işləməyinə. Ümidvaram hakimiyyət gerçəklikləri qəbul edib, Koalisiya üzvlərinin iradəsi əsasında seçilmiş Şura üzvlərinin gizli səsverməsilə seçilmiş bu tərkibin fəaliyyətinə əngəl törətməyəcək. Əks halda, Martda gözlənilən EITI Beynəlxalq İdarə Heyətində bizi nə gözlədiyini anlamalıyıq.
Təəssüflər olsun ki, problemlərimi gerçəkdən çözmək əvəzinə ÇQ-a rəhbərlik edən Neft Fondunun rəhbəri Şahmar Mövsumovun görünür ya hakimiyyətin QHT siyasətini icra edən kuratorlarının təzyiqilə, ya da elə bilavasitə özünün göstərişilə Şuranın qərarlarının icrasına əngəl yaradılmaqdadır. Belə ki, ilk öncə 25.01.2017-da EITI Milli Katibliyindən seçilmiş yeni üzvlərə ÇQ-un növbəti iclasının 2 fevral 2016-cı il tarixində keçirləcəyi, iclasın gündəliyini və əlaqədar sənədləri haqqında məlumat göndərildi. Lakin 27.01.2017-də Katiblikdən ÇQ üzvlərinə daxil olan yeni məktubda əsas etibarilə bunlar qeyd edilirdi: "...tərəflərin fərqli mövqelərini nəzərə alaraq, həmçinin MHŞT prosesində səmərəli və konstruktiv fəaliyyətlərin həyata keçirilməsinin davam etdirilməsi və bütün müxtəlif mövqeləri inklyuziv şəkildə nəzərə alınması üçün Çoxtərəfli Qrupun vətəndaş cəmiyyəti tərəfindən 2016-cı ildəki üzvlərini və cari ilin 21 yanvar tarixindən bizə təqdim edilmiş yeni üzvlərini Çoxtərəfli Qrupun 2 fevral tarixində keçiriləcək növbəti iclasına dəvət etmək istərdik. İclas zamanı üzvlüyə dair və digər aidiyyatı məsələlərin müzakirə edilməsini təklif edirik."
Bu məlumat daxil olan kimi Koalisiyanın Koordinatoru tərəfindən "Sizin bizə ünvanladığınız məktubun 2-ci abzasının yersiz olduğunu bildirərək xatırlatmaq istəyirəm ki, MHŞT-nin 1.4. Standartınını b) bəndində göstərilir ki, "Hər bir maraqlı tərəf plüralist və dəyişkən təmsilçilik istəyini nəzərə alaraq, öz nümayəndəsini seçmək hüququna malik olmalıdır. MHŞT-yə Çoxtərəfli Qrupun üzvləri kimi cəlb edilmiş vətəndaş cəmiyyəti qrupları əməliyyat və siyasət baxımından dövlətdən və/yaxud digər şirkətlərdən azad olmalıdırlar."
Odur ki, təklif edirəm ki, İclas zamanı üzvlüyə dair və digər aidiyyatı məsələlərin müzakirə edilməsini təklifinizi geri götürə və nəzərə alasınız ki, bu məsələ ÇQ iclasının predmeti ola bilməz. Bu cür müzakirələri tərəflər yalnız öz daxillərində apara bilərlər" cavabı göndərildi. Lakin nəticənin necə olacağı hələlik qeyri-müəyyəndir.
Göründüyü kimi, Koalisiyanın idarə olunmasına nəzarəti itirən hakimiyyət təmsilçiləri süni,qanunsuz və standartların tələbinə zidd olaraq manelər yaratmaqdan əl çəkmirlər.
Şuranın bugünkü iclasında da yeni seçilmiş ÇQ-nin üzvlərinin mandatının təsdiq olunması ilə bağlı süni olaraq yaradılmış problemdən narahatlılıq ifadə olundu.
Sabah Bakıya səfər edəcək, MHŞT Beynəlxalq İdarə Heyətinin sədri Fredrix Reinfeldtlə görüşdə bu məsələ və digər aktual problemlər onun da diqqətinə çatdırılacaqdır.
P.S. Müstəqil Mediadan məsələni diqqətdə saxlamağı rica edirik.

Demokratik Təşəbbüslər İnstitutunun sədri Akif Qurbanov

Administratorla əlaqə

077 611-55-22

[email protected]