Oqtay Gülalıyev: “MSŞT ilə bağlı nə baş verir?”-II yazı
"MSŞT ilə bağlı nə baş verir? və ya Şəffaflıq Təşəbbüsündə qeyri- şəffaf iştirakçılıq barədə qeydlər…”
(2- ci yazı)
Ötən yazımızda Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü ilə bağlı son ildə baş verənləri xronoloji ardıcıllıqla qeyd edərək bəzi fikirlərimizi bildirmişik. Fikirlərimiz orda qalmışdı ki, MSŞT İdarə heyətinin Astana toplantısında ölkəmizlə bağlı qəbul etdiyi qərarlar hazırkı stuasiyaya və vətəndaş cəmiyyətinin marağına uyğundur.
Qubad İbadoğlunun müsahibəsi
MSŞT Koalisiyası Şurasının koordinatoru Qubad İbadoğlunun Astana toplantısından sonra "Yeni musavat” qəzetinə verdiyi müsahibə bir çox müzakirələrə yol açdı. İllərdir onunla şəxsi davası olanlara ürəklərini boşaltmaq üçün meydan verdi. Bəli, Qubad bəyin məlum müsahibəsində razılaşmadığımız, bölüşmədiyimiz, yerində olmayan ifadələr var idi. Bəzi ifadələri də qəzet təhrif etmişdi. Biz dostcasına bunu ona dedik. Onu qurşaqdan aşağı vurmağı ağlımızdan belə keçirmədik. Amma onunla illər uzunu yol gələnlər sanki illərmiş bu fürsəti gözləyirmiş kimi ona və Koalisiya Şurasına hücuma keçdilər. Qubad İbadoğlunun özünün və təşkilatının son illər məruz qaldığı təzyiqləri, Koalisiya Şurası ilə birlikdə son 6 ayda göstərdiyi dirənişi, prinsipial mövqeyi, eləcə də bu mövqeyi MSŞT İdarə heyətinin üzvü kimi Astana toplantısında ifadə etməyi görməməzlikdən gəldilər. Şəxsi və firqə maraqlarını önə çəkib hər şeyi qara rəngdə təqdim etməyə çalışdılar…
Bu ölkə üçün bir qəpik iş görməyən, daim öz şəxsi maraqlarını düşünən, müxalifətçilik və müstəqillik məhvumunu gözdən və nufuzdan salanlar, MSŞT mövzusunu bilən və bilməyənlər ağıllarına nə gəldi danışmağa başladı. Öz gözündə tiri görməyənlər, MSŞT Koalisiyasında hakimiyyətin əlinə oynayıb, dəyirmanına su tökənləri yanında və təşkilatında saxlayanlar, onlarla dostluq edənlər, illərdir bütün çətinliklərə baxmayaraq irticanın qabağında duruş gətirənləri az qala prinsipsiz və xəyanətkar kimi təqdim etməyə can atdılar. Necə deyərlər "adımı sənə qoyum, səni yana- yana qoyum” prinsipindən çıxış etdilər. Bəziləri bizim ixtisasımızı, bəzisi fikirlərimizi, bəzisi geyimlərimizi təftiş etməyə başladılar. Mən deyirəm ki, biz ölkənin böyük bir QHT Koalisiyasında hakimiyyətin nəzarət imkanlarını minumuma endirməyə çalışmışıq, dirəniş göstərib mövqeyimizi ifadə edirik. Bütün çətinliklərə, təzyiqlərə, şantajlara baxmayaraq fəaliyyətimizi davam etdiririk. Hakimiyyətdən və beynəlxalq təşkilatlardan ölkəmizin, vətəndaş cəmiyyətinin problemlərinin həllini istəyirik. Sən adını demokrat, millətçi, Elçibəyçi, Məmməd Əmin Rəsulzadə tərəfdarı, cumhuriyyətçi qoyursan, amma vətəndaş cəmiyyətinin problemlərinin həllinə dəstək verməyin bir tərəfə, çalışanlara çamur atırsan. Olsun. Ancaq işini bununla da bitirmirsən. Gedib vətəndaş cəmiyyətini əzmək, sıradan çıxarmaq istəyənlərə yanında yer verirsən. Onları müdafiə edirsən, qucaq açıb dəstək verirsən. Bu situasiyada hakimiyyət, sizdən, sizlərin MSŞT Koalisiyasında müdafiə etdiyiniz tərəfdarlarınızdan daha səmimi görünür…
Haşiyə; Və ya yaxın tarixə "ekskursiya”… MSŞT Beynəlxalq İdarə Heyətinə təsir məqsədi ilə Koalisiya Şurası tərəfindən 2016- cı ilin aprel ayında beynəlxalq tərəfdaş təşkilatlara müraciət edilib. 30 aprel Ümumi Yığıncağından bir müddət öncə… Müraciət müəllifləri Azərbaycanda vətəndaş cəmiyyətinin problemlərinin həll istiqamətində ciddi addımların atıldığını iddia edərək (!?) ölkəmizin Təşəbbüsdə yer almasının vacibliyini xahiş ediblər. Hətta həmin müraciətdə 2016-cı ilin martında həbsdə olan 16 siyasi və ictimai fəal, o cümlədən Leyla Yunus, Arif Yunus, İntiqam Əliyev, Anar Məmmədli, Rəsul Cəfərov və başqalarının azadlığa buraxılması vətəndaş cəmiyyətinin probleminin həlli kimi qeyd edilməklə az qala bunu Koalisiyanın uguru kimi göstərmək istəyiblər. Maraqlıdır ki, bu sənədin qəbuluna əl qaldırıb səs verənlərin bir çoxu ölkəmizin prinsipial vətəndaş cəmiyyəti, müstəqil QHT və ziyalı adına iddia edən şəxsləridir. Onların bir çoxu hazırda "əzabkeş”, "cumhuriyyətçi” təşkilatlarda, əsrlərin partiyasında və həmin partiyalara liderlik edənlərin yanında yer alıb millətə "irticaya qarşı mübarizə” nağılı danışırlar (https://eiti-ngo-azerbaijan.org/az/wp-content/uploads/2013/01/Protokol-Sura-iclasi-13-aprel-153.pdf). Çox maraqlıdır ki, hazırda bizim dövlət başçısına və MSŞT İdarə Heyətinə ünvanladığımız müraciəti başqa konteksdə müzakirəyə çıxarıb şübhəli məqamlar axtaranlar, stəkanda fırtına qoparanlar 7 ay öncə həmin utancverici tarixi müraciət haqqında indiyə kimi bir kəlmə də olsun danışmayıblar və yazmayıblar. Maraqlıdır niyə? Amma bizlər həmin müraciətin əleyhinə olmuşuq…
Hakimiyyətin növbəti MSŞT imitasiyası…
MSŞT İdarə heyətinin Astana toplantısı ərəfəsində hərəkətə gəlib vətəndaş cəmiyətinin problemlərinə kosmetik əl gəzdirən hakimiyyət toplantıdan sonra "əl işləri”- ni dayandırdı. Koalisiya üzvü olan təşkilatların qeydiyyat məsələsi yarımçıq saxlanıldı. Bizdə olan məlumata görə Koalisiyanın üzvü olan, qeydiyyata alınmayan 36 QHT- dən yalnız 10- a yaxını qeydiyyata alınıb. Koalisiyanın Şura üzvü olan Akif Qurbanovun, Azər Rəsulun, Əlövsət Sadıqlının, Koalisiya üzvləri Məhəmməd Talıblının, Səməd Hətəmovun, Asif Yusiflinin, Fikrət Cəfərlinin, Cəmil Hacıyevin və digərlərinin rəhbərlik etdikləri təşkilatların qeydiyyatı problem olaraq qaldı. Haqqımda olan cinayət işinə xitam verilsə də ölkədən çıxışıma olan qadağa götürülmədi, mənə pasport verilmədi və. Hətta söz verilməsinə baxmayaraq Koalisiya üzvü Asif Yusifli həbsdən azad edilmədi. Fuad Qəhrəmanlı ilə bağlı məsələ isə müzakirəyə belə çıxarılmır.
Son günlər həcmi 100 min manatdan yuxarı olan dondurulmuş layihərinin həyata keçirilməsinə razılıq verilən, reyestrdən çıxarış alan QHT- lərin əksəriyyəti hakimiyyətə yaxın şəxslərdir ki, onlara göy işıq məhz MSŞT çərçivəsində həyata keçirilən son İslahedici Plan çərçivəsində baş tutub. Yəni bu Planın icrasından hakimiyyət daha çox yarımmüstəqil olan QHT- ləri özündən tam asılı vəziyyətə salmaq, eyni zamanda öz himayəsində olan QHT- lərə yardım etmək məqsədilə istifadə etdi. Bu prosesdən müstəqil QHT- lər hər hansı bir formada yararlanmayıblar və ümumiyyətlə məlumat üçün deyim ki, digərlərindən fərqli olaraq Koalisiya Şurasında təmsil olunan müstəqil vətəndaş cəmiyyətini təmsil edən şəxslərin heç kimin qrant layihəsi yoxdur.
Yeri gəlmişkən qeyd edək ki, hələ bu günə qədər hakimiyyət üzvlərinin çoxu müstəqil vətəndaş cəmiyyəti fəallarından ibarət olan Koalisiya Şurasının legitimliyini qəbul etməyib. QHT- lərə Dövlət Dəstək Şurasının Koalisiyaya ayırdığı institusional layihənin icrası dayandırılıb. Müraciət edilməsinə baxmayaraq MSŞT Komissiyasınnı sədri Şahmar Mövsümov yeni Şura üzvləri ilə görüşməkdən, əməkdaşlıqdan rəsmən imtina edib. Halbu ki, MSŞT 3 tərəfli formatdır; hökümət, vətəndaş cəmiyyəti və şirkətlər. Tərəflər arasında dialoqun olmaması, birinin digərini inkar etməsi Təşəbbüsün ayaq üstdə olmaması deməkdir. İndi bəziləri məsuliyyətsizcəsinə MSŞA Koalisiyası haqqında yazırlar ki, "Şahmar Mövsümovun nəzarətində olan Koalisiya…”. Özləri kimlərinsə nəzarətindədirlər, elə bilirlər hamı nəzarətdədir. Necə deyərlər; "kar elə bilir hamı kardır”.
Əksinə son baş verənlər, hakimiyyətin Astana toplantısı ərəfəsində atdığı bəzi addımlar göstərdi ki, hakimiyyət Azərbaycanın MSŞT-də qalmasında, o cümlədən MSŞT Koalisiyasının onun nəzarətində olmasında çox maraqlıdır. Sadəcə hazırda Koalisiya tam onun nəzarəti altında olmadığından Koalisiya ilə birbaşa əməkdaşlıqdan qaçır. Hakimiyyətin marağı aydındır. Görəsən hökümətin yanında olmadığını iddia etsə də onun marağına xidmət edənlərin marağı nədir?
Hakimiyyətin Şəffaflıq "səxavəti”
Yeri gəlmişkən qeyd edək ki, hazırda Koalisiya Şurasında prinsipial vətəndaş cəmiyyəti mövqeyi nümayiş etdirən şəxslərə qarşı mübarizə aparanları hakimiyyət unutmur. Onları vaxtaşırı olaraq qrant layihələri, vəzifə və imtiyazlarla mükafatlandırır. Mükafatlandırılanların birini, Əsasnamə tələbini pozaraq bir neçə ay öncə mənim Koalisiyadan xaric olunmağıma dair saxta rəy verən Monitorinq Qrupunun üzvünü bu yaxınlarda 21 saylı Nəsimi Dairə Seçki Komissiyasına sədr təyin ediblər(https://www.infocenter.gov.az/archive/terkib.aspx?dsk=21&i=true). Şəffaflıq Koalisiyasında hakimiyyətdən "şəffaflıq dərsi” alanlar 26 sentyabr Referendumunda seçicilərin 70%- dən çoxunu seçkilərə "gətirib” Konstutusiyaya dəyişiklilərin hammısına 80- 90% "hə” cavabı "alıblar”. Çox maraqlıdır ki, Monitorinq Qrupunun saxta rəy məsələsində də yenə müəyyən "müxalif” siyasi dairələrə yaxın olan şəxslər, "ziyalılar”, QHT rəhbərləri bizim deyil, hakimiyyət təmsilçilərinin, DSK sədrlərinin mövqeyini müdafiə etdilər. Təbii ki, qrant layihələri və xüsusi imtiyazlar qarşılığında… Sonra da gedib təmsil olunduqları təşkilatların, partiyaların ali hüzurunda əyləşib demokratiyadan, insan haqlarından, azad seçkidən, haqq- ədalətdən, Məmməd Əmin Rəsulzadədən danışdılar. "Ziyalılar” isə həmin şəxslərlə birlikdə Azərbaycanın gələcəyi ilə bağlı STRATEJİ DÜŞÜNCƏlərini bölüşüb millətə atalıq, analıq qayğısından bəlağətli nitqlər söylədilər.
Koalisiyada fikir ayrılığı…
Vətəndaş cəmiyyətinin problemlərinin həllinə baxışla bağlı hazırda Koalisiyada 2 fikir var;
- a) ancaq Koalisiya üzvlərinin problemi həll olunmalıdır,
- b) ölkədə bütün vətəndaş cəmiyyətinin problemi həll olunmalıdır.
Əvvalə bir məsələyə diqqət edək. Məlumat üçün bildirək ki, Təşəbbüslə bağlı əsas sənədlərdən biri "MSŞT Standartı- 2016” adlı sənəddir. Bu sənədin 5- ci Protokolunda "Vətəndaş Cəmiyyətinin iştirakı” adlı bölümdə Təşəbbüsün tətbiqində vətəndaş cəmiyyətinin iştirakı "həlledici amil” kimi qeyd olunur(file:///C:/Users/help/Downloads/AZE-2016-EITI_Standard_2016_AZE.pdf). Sual oluna bilər; əgər ölkədə QHT- lər haqqında qanunvericilik bərbad haldadırsa, vətəndaş cəmiyyətinin fəaliyyət göstərməsi üçün mühit yoxdursa, müstəqil media sıradan çıxarılıbsa, televiziyalar hakimiyyətin tam nəzarətindədirsə, adicə toplantı keçirilməsinə imkan verilmirsə Şəffaflıq Təşəbbüsündə vətəndaş cəmiyyəti "həlledici amil” kimi necə iştirak edə bilər?
Digər tərəfdən biz hesab edirik ki, MSŞT Koalisiyası Azərbaycanın vətəndaş cəmiyyətinin bir parçasıdır. Ölkədə vətəndaş cəmiyyətinin ümumi problemləri tam həll olunmayınca, QHT- lərə ümumi baxış fəlsəfəsi dəyişməyincə, qanunvericiliyə edilmiş mürtəce əlavə və düzəlişlər ləğv olunmayınca biz hər hansı inkişafdan danışa bilmərik. Hətta MSŞA Koalisiyasının bütün üzvlərinin problemləri həll olunsa belə bu, Azərbaycanda vətəndaş cəmiyyətinin probleminin həlli demək deyil. Bu gün bizim üçün Koalisiya üzvü ilə Koalisiya üzvü olmayan, haqqında cinayət işi olan, ölkədən çıxışına məhdudiyyətlər qoyulan İntiqam Əliyevin, Xədicə İsmayılın, Əsabəli Mustafayevin, Ənnağa Hacıbəylinin problemləri eynidir və biz həmin şəxslərə fərq qoymuruq. Əksinə, dövlət başçısının ailə üzvlərinin mədən hasilatındakı (qızıl istehsalı- red.) fəaliyyəti ilə bağlı yazdığı tənqidi araşdırma yazıya görə şərlənib həbs olunan jurnalist Xədicə İsmayılı daha çox müdafiə etmişik, nəniki heç bir fəaliyyəti olmayan ancaq say anlamı ifadə edən sıravi Koalisiya üzvlərini. Yəni bizim üçün Koalisiya və Koalisiya üzvü nisbi anlayışdır, əsas faktor ölkədə vətəndaş cəmiyyətini problemlərinin həllidir. Əslində bizim bu yanaşmamızla MSŞT Standartının tələbləri əsasən üst- üstə düşür.
Kaolisiyada başqa bir məsələ ilə də bağlı da ikili yanşma var;
- Yalnız MSŞT- yə görə təqib olunanlar müdafiə olunsun,
- Özünü ifadə, iştirakçılıq, sərbəst toplaşmaq hüquqlarından istifadə edərkən təqib olunan bütün vətəndaş cəmiyyəti fəalları müdafiə olunsun.
Həmin sənədin İfadə etmə (2.1- ci maddəsi) və Fəaliyyət (2.2- ci maddəsi) bölümlərində qeyd olunur ki,"vətəndaş cəmiyyəti MSŞT ilə bağlı məhdudiyyətsiz, məcburiyyət və repressiyaya məruz qalmadan öz fikirlərini ifadə edə, sərbəst şəkildə fəaliyyət göstərə bilirlər”. Məşhur deyim var: topun atmamasının 40 səbəbi var, biri odur ki, barıt yaşdır. Barıt yaşdırsa digər 39 səbəbi sadalamağa ehtiyac olmadığı kimi Azərbaycanda vətəndaş cəmiyyətinə hakimiyyət 5- ci kalon kimi baxırsa, onları xarici emissar adlandırırsa, fəaliyyət mühiti yoxdursa və qanunvericilik bərbad haldadırsa, onda MSŞT- də bu fəaliyyətin mümkünlüyünü əsaslandırmağa da ehtiyac qalmır. Əgər hakimiyyət tənqidi qəbul etmirsə, tənqidçilərə qarşı sərt reaksiya verirsə kimsə neft gəlirlərinin xalqa məxsus olması, korrupsiyaya ugramadan səmərəli xərclənməsinin vacibliyini necə deyə və tələb edə bilər? Bir neçə il bundan öncə Qızıl Hasilatı şirkətinin dövlət başçsının ailə üzvlərinə malik olduğu barədə araşdırmaçı jurnalist Xədiə İsmayıl yazdığı tənqidi yazıya görə (https://www.azadliq.org/a/24569260.html) həbs həyatı yaşamalı oldu. İndi kim zəmanət verə bilər ki, sabah hər hansı Koalisiya üzvü bu mövzulara müraciət etsə anolji vəziyyətlə rastlaşmayacaq?
Yəni onu demək istəyirik ki, əgər bir ölkədə azad mətbuat yoxdursa hökümətin şəffaf fəaliyyət göstərməsinə, neft gəlirləri üzərində ictimai nəzarətin təşkil olunması necə həyata keçirilə bilər? Əgər ölkədə jurnalistlər tənqidi yazılarına görə təqib olunursa, QHT rəhbərləri, jurnalistlər Facebook- da yazdığı yazılarına görə "bandotdel”- ə çağrılıb təhdid edilirsə, başqa biri şərlənib həbs olunursa, hansı özünü ifadədən, şəffaflıqdan, hesabatlılıqdan danışmaq olar?
Ölkənin az saylı azad mətbuat orqanlarından olan Azadlıq qəzeti bağlanırsa, ölkədə bir dənə də olsun müstəqil qəzet çap olunmursa, Azadlıq radiosu fəaliyyət göstərə bilmirsə, televiziyalar fərqli fikirə qapanıbsa, insanlarla görüşməyə yer və imkan verilmirsə ictimai nəzarəti necə həyata keçirmək olar?
Əslində "Yalnız MSŞT- yə görə təqib olunanlar müdafiə olunsun” yanaşması hakimiyyətin yanaşmasıdır. Bu yanaşma vətəndaş cəmiyyətini bölməyə, zəiflətməyə və əsas diqqəti fundamental hüquq və azadlıqların müdafiə olunmasından yayındırıb dar çərçivəyə salmaqdır. Hakimiyyət bilir ki, MSŞT əhali arasında populyar olmayan Təşəbbüsdür. O barədə çoxları danışmayacaq. Amma insan haqları, demokratiya, söz azadlığı əsas hüquq və azadlıqlardan olmaqla daha çox yayılan, istifadə və istinad olunan mövzulardır.
Bəziləri qəbul etmək istəmir ki, Koalisiya üzvü Fuad Qəhrəmanlı Facebook- da yazdığı yazıya görə, MSŞT Standartlarına dair sənədin (bax; 5- ci protokola) dili ilə desək ÖZÜNÜ İFADƏ hüququndan istifadə etdiyinə görə şərlənib həbs olunub. Biz indi onu müdafiə etməməliyikmi? Təbii ki, müdafiə etməliyik və edirik də…
Haşiyə. Fürsətdən istifadə edib MSŞA Koalisiyası daxilində və ətrafında cərəyan edən, vətəndaş cəmiyyətinin adına və mahiyyətinə uyğun olmayan bir vacib məqamı da qeyd etmək istərdim;
- Özü və ya uşaqları ölkədən didərgin salınanların,
- Müxalifət partiyası olduğunu iddia edən təşkilatın funksioner və məsul üzvlərinin,
- Həbs olunan, məşəqqətli həbs həyatı yaşayan bəzi dostlarımızın
Heç nə olmamış kimi vətəndaş cəmiyyətini əzmək və sıradan çıxarmaq istəyən hakimiyyətlə, onun əlaltıları ilə açıq və ya gizli şəkildə əməkdaşlığa gedib onların mövqeyini müdafiə etməsi acı təəssüf olmaqla heç cür başa düşülən deyil…
Son. Hazırda MSŞT mövzusu cəmiyyətin ən çox müzakirə etdiyi mövzulardandır. Bilməyənlər bilsin ki, bu prosesdə müstəqil vətəndaş cəmiyyətinin nümayəndələri iştirak etməsəydi Təşəbbüsün həyata keçirilməsi və MSŞT Koalisiyası çoxdan qızıl teştdə hakimiyyətin qarşısına qoyulub ona təslim edilmişdi. Onda nə indiki müzakirələr olacaqdı, nə problemlərin həlli gündəmə gələcəkdi, nə də indiki pozitiv gözləntilər… Bütün bunlar müstəqil vətəndaş cəmiyyəti təmsilçilərinin Koalisiyada və Koalisiya Şurasında göstərdikləri prinsipial mövqeyin nəticəsidir. Hazırkı situasiyanın və gündəmin müəllifi də onlardır.
Cəmiyyətə ünvanlanan mesajımız:
Bu yazı ilə cəmiyyətə 2 mesaj vermək istərdik;
Birinci mesaj;
- Hakimiyyət Şəffaflıq Təşəbbüsününü ölkəmizdə tətbiqi ilə bağlı imitasiya siyasətinə, qeyri- şəffaf iştirakçılığa son qoymalıdır. Mövsümü, gözə kül üfürən siyasətlə bu Təşəbbüsdə qalmaq mümkün deyil. Vətəndaş cəmiyyətinə baxışını dəyişsin. Bir tərəfdən onlara "5- ci kalon”, "milli satqınlar”, xaricilərin emissarı deyib, digər tərəfdən formal fərmanlar, sərəncamlar veririsə bu qeyri- səmimi yanaşmadır və imitasiyadır. Əgər bu baxış dəyişməsə, güclü siyasi iradə nümayiş olunmasa, vətəndaş cəmiyyəti ilə bağlı mövcud qanunvericilik aktları demokratikləşməsə, müstəqil QHT- lərin, azad medianın fəaliyyət göstərməsinə şərait yaradılmasa ölkədə nə MSŞA Koalisiyasının, nə də Koalisiyaya üzv olmayanların problemləri həll olunmayacaq. Problemlər həll olunmayacağı təqdirdə bizlər hakimiyyətin imitasiya siyasətinə göz yumub bu oyunda iştirak etmək niyyətində deyilik.
İkinci mesaj;
- MSŞA Koalisiyasında üzv olan, özünü müstəqil, demokratik təsisatların (siyasi partiyaların, təşkilatların, media qurumlarının, vətəndaş cəmiyyətinin və s.) təmsilçisi hesab edənlər Mövlana Cəlaləddin Ruminin dediyi kimi ya olduğu kimi görünsünlər, ya da göründüyü kimi olsunlar. Gündüzlər müstəqil, gecələr əsarətdə olmasınlar. Ya hökümətin yanında olsunlar, ya da müstəqil vətəndaş cəmiyyətinin. Eyni zamanda onları dəstəkləyən, himayə edən partiyalar, təşkilatlar və şəxslər də zəhmət çəkib ya onların hakimiyyətlə vətəndaş cəmiyyəti arasında oynadıqları 2- li, 3- lü oyunlarını araşdırıb ölçü götürsünlər, qərarlarını versinlər, ya da özlərində cəsarət tapıb elan etsinlər ki, onlar bizim hakimiyyətlə oynadığımız oyunun vətəndaş cəmiyyəti sferasında pərdə arxası davamçılarımız və təmsilçilərimizdir. Əks təqdirdə bu işi biz görməli olacayıq. Hamını öz adıyla çağırmaqla…
Gəlin Şəffaflıq Təşəbbüsündə şəffaf iştirak edək. Hərəkətlərində, əməllərində şəffaf olmayanların hakimiyyətdən, şirkətlərdən, vətəndaş cəmiyyətindən, eləcə də digərlərindən şəffaflıq tələb etməyə haqqı çatmır.