Ölkə

Vəkil: "Rövşən Məmmədlini ailəsini tutacaqları ilə hədələyiblər"

25-01-2017, 18:04
Vəkil: "Rövşən Məmmədlini ailəsini tutacaqları ilə hədələyiblər"

Yanvarın 23-də həbs edilən Rövşən Məmmədlinin hüquqlarının müdafiəsi ilə bağlı Yasamal rayon Məhkəməsinə müraciət olunub.

Bu barədə vəkil Cavad Cavadov "Facebook" səhifəsində yazıb. O, məhkəmənin qərarının surətini aldığını bildirir:

"İnzibati ittiham standartdır. Guya Rövşən küçədə gedirmiş və telefonla küçə söyüşləri söyürmüş, polis onu sakitləşdirmək istədikdə sakitləşməyib".

Vəkil Rövşən Məmmədliylə inzibati həbs olunanların saxlanma yerində görüşdüyünü də bildirib:

"Onu yanvarın 23-də polisin şəxsiyyət vəsiqəsi bölməsinə hansısa sənədə imza atmaq adı ilə çağırıblar. Ora getdikdə saxlanıb. Səbəb kimi yazıları, ictimai fəaliyyətini göstəriblər. Sonra onu 29-cu Polis Bölməsinə aparıblar. Burada onların diktəsi ilə izahat yazmaq istəməyəndə ona fiziki zor göstəriblər və ailəsinin tutulması ilə hədələyiblər".

Cavad Cavadov məhkəmə qərarından apelyasiya şikayəti hazırlandığını da bildirib. Vəkil Rövşən Məmmədlinin izahatını da paylaşıb.

İzahatda deyilir ki, rəis müavini Rövşən Məmmədliyə "dövlətlə dövlətçilik edirsiniz, ağzınıza gələni yazırsınız, indi gedərsən bölməyə orada səni başa salarlar. Başa düşməsən gərək ailəni də gətirək bura", - sözlərini deyib:

"Sonra məni 29-cu polis bölməsinə apardılar. Orada izahat yazmağı tələb etdilər. Mən hər şeyi olduğu kimi izahatda yazdım. Ondan sonra rəis otağa girdi və mənə bir şillə vurdu. "Biz deyən kimi yazmasan, sənin üçün çox pis olacaq", - dedi. Mən də onların diktəsi ilə izahat yazdım ki, guya küçədə yüksək səslə söyüş söymüşəm və polislər mənə yaxınlaşaraq ictimai nizam intizama riayət etməyimi tələb ediblər. Mən isə onların sözlərinə məhəl qoymayaraq, müqavimət göstəmişəm. Sonra məni məhkəməyə apardılar. Məhkəmədə hər şeyi olduğu kimi dedim. Mənə 30 sutka həbs verildi. Həbsimi qanunsuz sayıram, sifarişlidir, ictimai fəaliyyətimlə əlaqəlidir".

Yasamal rayon Məhkəməsinin 23 yanvar tarixli qərarı ilə Rövşən Məmmədliyə İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsinə əsasən (polisin qanuni tələblərinə tabe olmama) 30 sutka inzibati həbs verilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]