İqtisadiyyat

Vergilər Nazirliyi bəyannamə formalarına dəyişiklik edib

20-01-2017, 13:35

Vergilər Nazirliyi bəyannamə formalarına dəyişiklik edib"Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanunun qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında ölkə Prezidentinin Fərmanından irəli gələn tapşırıqların, habelə Vergilər Nazirliyinin Kollegiyasının qərarı ilə təsdiq edilmiş "Vergi sahəsində aparılan islahatların tətbiqi ilə bağlı Tədbirlər Planı”nın icrasına dair nazirliyin Kollegiyasının qərarı ilə bir sıra sənədlərin formaları və tərtib edilməsi qaydaları, o cümlədən "Vergi Məcəlləsinin 149.1.3-cü maddəsində göstərilən qeyri-rezident şəxsin təyin etdiyi vergi agenti barədə arayış” forması təsdiq edilib.

Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən  Xeberman.com-a bildirilib ki, qanunvericilikdə "Maliyyə institutları tərəfindən məlumat verilməli hesablar barədə hesabat” forması və tərtib edilməsi qaydaları, "Pul vəsaitlərinin nağd çıxarılmasına görə sadələşdirilmiş verginin bəyannaməsi”nin forması, "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” forması, "Daşınmaz əmlakın icarəsi ilə bağlı aparılmış notariat əməliyyatları barədə məlumat” forması, "Səhmlərinin və paylarının nəzarət zərfi dövlətə məxsus olan dövlət (büdcə) təşkilatları onlara dövlət büdcəsinin investisiya xərcləri hesabına ayrılmış vəsaitlər hesabına alınan və ya quraşdırılan aktivlər barədə məlumat” forması da təsdiq olunub.

Həmçinin vergilər nazirinin əmri ilə Vergi Məcəlləsinə edilmiş dəyişikliklərdən irəli gələn məsələlərin həlli, vergi nəzarətinin səmərəliliyinin artırılması, təhlil bazasının genişləndirilməsi məqsədilə mövcud bəyannamələrə, hesabatlara, onların əlavələrinə və tərtib olunması qaydalarına dəyişiklik edilib, bir sıra bəyannamələrə yeni əlavələr təsdiq olunub.

Əlavə Dəyər Vergisi, mənfəət, gəlir, torpaq, mədən, yol, sadələşdirilmiş vergilərin, onların əlavələrinin, habelə ödəmə mənbəyində tutulan vergi və aksiz bəyannaməsinin formaları və tərtib edilmə qaydaları yeni redaksiyada öz əksini tapıb.

"Qeydiyyata alınmayan qeyri-rezidentə ödənilmiş məbləğə hesablanmış ƏDV-nin bəyannaməsi”, "Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”, "Xarici subpodratçılardan ödəmə mənbəyində tutulan verginin bəyannaməsi”, "Dövlət rüsumunun tutulması haqqında hesabat”, "Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş verginin bəyannaməsi”, "Xüsusi notariusun gəlir vergisi bəyannaməsi”, "Daşınmaz əmlak təqdim edən şəxslərdən notariuslar tərəfindən ödəmə mənbəyində tutulan verginin bəyannaməsi”, "Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan verginin bəyannaməsi”, "Pul vəsaitlərinin nağd çıxarılmasına görə sadələşdirilmiş verginin bəyannaməsi” və bir sıra başqa bəyannamələrin formaları və onların tərtib edilməsi qaydaları da qəbul olunub.

Normativ-hüquqi aktlara dəyişikliklərlə bağlı ətraflı məlumat, habelə yeni bəyannamə formaları və onların tərtib edilmə qaydaları Vergilər Nazirliyinin rəsmi saytında (www.taxes.gov.az) yerləşdirilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]