Əsas Səhifə / Siyasət

Nazir diplomat qalmaqalından danışdı

25-12-2015, 18:54
Xarici işlər nazir Elmar Məmmədyarov 2015-ci ilin yekunlarına dair bir qrup yerli media orqanlarının suallarını cavablayıb. "Qafqazinfo” xəbər verir ki, nazir eyni zamanda, Xarici İşlər Nazirliyinin bəzi əməkdaşlarının qurum sıralarından uzaqlaşdırılması və ya könüllü xaricdə qalan əməkdaşları haqda danışıb:

"Azərbaycan Prezidenti İlham Əliyevin göstərdiyi qayğı və diqqətin sayəsində xüsusən son on il ərzində Azərbaycanın peşəkar və hazırlıqlı diplomat korpusu formalaşıb, Xarici İşlər Nazirliyinin maddi-texniki bazası gücləndirilib, yeni diplomatik nümayəndəliklər açılmış, milli təhsil sistemində və dövlət qulluqçularının peşə hazırlığının artırılmasında xüsusi rolu olan ADA Universiteti yaradılıb.

Dövlət qulluğunun xüsusi forması olan Xarici İşlər Nazirliyində işə qəbul, işçilərin peşəkar hazırlığı və vəzifə səlahiyyətlərinin icra edilməsi ilə əlaqədar ciddi tələblər vardır.

Bu gün Azərbaycanı təmsil etmək kimi şərəfli adı daşıyan, dövlətə və xalqa sadiq olan diplomatlarımız çətin iqlim şəraiti, ağır təhlükəsizlik və kriminogen durumu olan və hətta yolxucu xəstəliklərin geniş yayıldığı ölkələrdə layiqincə və vicdanla xidmət edirlər. Xarici İşlər Nazirliyinin təlimat və tapşırıqlarına uyğun olaraq, onlar ölkəmizə qarşı xaricdən ola biləcək hədə və təhdidlərin müəyyən edilməsi, ölkəmizin milli maraqları, siyasi-iqtisadi və digər mənafelərinin qorunması, xaricdə vətəndaşlarımızın hüquqlarının müdafiə edilməsi naminə çalışırlar.
Müsbət haldır ki, Xarici İşlər Nazirliyi sistemində iş təcrübəsi olan əməkdaşlar bu gün digər dövlət qurumlarında da çalışaraq, dövlətçiliyimizə xidmət edirlər.

Digər dövlət qurumlarında olduğu kimi, Xarici İşlər Nazirliyində də peşə fəaliyyətində ciddi qüsurlara yol verən, xidmətə yaramayan və əqidəsinə xilaf çıxan əməkdaşların olması istisna deyildir. Bu kimi faktlar müəyyən edildiyi halda, müvafiq araşdırma aparılaraq, işdən xaric etmək də daxil olmaqla, ciddi intizam tədbirləri görülür. 

Əməkdaş tərəfindən hər hansı bir xidməti nöqsana yol verildiyi halda, Diplomatik xidmət haqqında qanunun tələblərinə uyğun olaraq, kompleks yanaşma tətbiq edilir. Onun dövlətə və xalqa sadiqliyi, qüsursuz xidməti fəaliyyəti, əqidəsi, peşəkarlığı, xidmətə uyğunluğu və sair bu kimi amillər nəzərə alınaraq, qərar qəbul edilir. Xidmətdən azad edilmiş hər hansı şəxs özünün və ailəsinin yaşayış yerini seçməkdə sərbəstdir.

Qanunun tələblərinə uyğun olaraq, belə intizam tədbirləri həmişə olub və bundan sonra da davam etdiriləcəkdir.

Amma burada əmək müqaviləsinə xitam verilmiş bir neçə şəxsdən söhbət getdiyi halda, bəzi qərəzli internet media orqanlarının məsələni qəsdən şişirtməsi, vicdan və ləyaqətlə ölkəmizə xidmət edən bütün Xarici İşlər Nazirliyi sistemi əməkdaşlarına şamil edilməsi və ya qarayaxma cəhdləri yolverilməzdir”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]