Siyasət

Nardaranda əsən 37- ci il küləkləri…

23-12-2016, 02:08
Nardaranda əsən 37- ci il küləkləri…

Oqtay GÜLALIYEV, hüquq müdafiəçisi

Və ya hakimiyyətin "müqəddəs yer” anlayışı

"Müqəddəs yerlər boş qalmır” deyirlər. Bizim hakimiyyət həbsxanadakı yerləri müqəddəs hesab edir. Xüsusən siyasi məhbuslarla bağlı… Orda hər hansı bir yer boşalırsa, həbsində siyasi motiv olan kimsə bu və ya digər səbəbdən azadlığa çıxırsa dərhal onun yerinə bir və bir neçə nəfər həbsə salınır…

"Nardaran işi” ilə bağlı təqsirləndirilən şəxslərdən biri, Müsəlman Birliyi Hərəkatının Mətbuat Xidmətinin rəhbəri Əbülfəz Bünyadov səhhətində olan kəskin problemlərdən dolayı dünən azadlığa buraxıldı. Amma dərhal onun "müqəddəs” yerinə həmkəndlisi, Nardaran kənd sakini Faili Şahbazovu göndərdilər. Adı çəkilən gənc 1 ay öncə 30 sutkalıq inzibatı həbs cəzası almışdı. Bu gün onun cəza müddəti bitirdi. Amma cəzasının bitməsini gözləmədən haqqında Cinayət Məcəlləsinin 228.1- ci maddəsi ilə cinayət işi açdılar və həbsə göndərdilər. Görürsünüzmü bizim hakimiyyət onun üçün müqəddəs olan yerləri boş saxlamır. Artıq neçə illərdir ki, həbsxanadakı yerlər hakimiyyət üçün müqəddəs, lazımlı məkana çevrilib. Həmin yerlər fərqli düşünən, azad və müstəqil fikirli insanlar üçün saxlanılır. Hakimiyyət repressiya maşınından keçirdiyi ictimai- siyasi fəalları həmin yerlərdə saxlayır. Bu yerlər həm də beynəlxalq bazarlıq üçün hakimiyyətin "talkuçkası”- dır. Yeri gəlmişkən son günlər bu "müqəddəs yerlər”- in sayını artırmaq üçün hakimiyyət ölkədəki krizisə baxmayaraq Bakıda və bölgələrdə 6 böyük həbsxana tikməyə başlayıb. Yəqin düşünür ki, ölkədə narazılıq artıdca "müqəddəq yerləri”- in də sayını artırmaq lazım olacaq…

ebulfez-nardaran

Əbülfəz Bünyadov

Faili Şahbazovun atası Atabala və qardaşı Əli Şahbazovlar da 26 noyabr Nardaran hadisələrindən sonra şərlənərək həbs olunub. Atabala Şahbazov 2 il 9 ay azadlıqdan məhrum edilsə də oğul Əli Şahbazovun məhkəməsi hələ yeni başlayır. Bu az imiş kimi hakimiyyət bir ailənin 3- cü adamını da şərləyib həbs etdi. Hətta deyilənə görə Xəzər TV- də bir sujet də göstərilib ki, guya Failigilin evindən hələ də silah- sursat tapılmaqdadır (!?). Halbu ki, həmin evdən və ailədən silah götürmə kampaniyası keçən il Atabala Şahbazova qarşı həyata keçirilib. Faili Şahbazova da qarşı eyni "silah götürmə” əməliyyatı həyata keçirərək ona qarşı cinayət məcəlləsinin 228.1- ci maddəsi ilə cinayət işi açılıb. Bir evdən 3 nəfər şərlənib həbs olunur. Bir ailəni həbsə göndərirlər, ata və iki oğulla birgə. Qisasçılıq, repressiya necə olur bəs?

Bir ildir Nardaranda 1937- ci ilin soyuq repressiya küləkləri əsir. İnsanları sorğusuz- sualsız cibinə narkotika, evinə silah qoyub həbs edirlər. Günün günorta çağı evinə hücum çəkib evdəkiləri güllə- boran edirlər. İnsanları başqalarının gözü qarşısında avtomatın qundağı ilə döyə- döyə öldürürlər. Ölümünə vurub belini sındırıb şikəst edirlər. Dinc, günahsız insanlara atəş açıb qətlə yetirirlər. Yaralı insanların bədənindən gülləni, qəlpəni çıxarmağa imkan vermirlər. Dövlət idarələrində insan ləyaqətini açlaçdan formada agır işgəncəyə məruz qoyurlar. Eynən qırmızı boşeviklər kimi gecəykən ailələri evindən sürgün edirlər, həbsə atırlar. 1930- cu illərdə sürgünün ünvanı Sibir idi. İndi Azərbaycan hökümətinin uzaq Sibirə əli və hökmranlığı çatmadığı üçün onu Kürdəxanı həbsxanası ilə əvəzləyib. Bu gün Kürdəxanı Təcridxanası bizə Sovet dörvünün Sibirini xatırladır. Yer, məkan fərqli olsa da insanlara münasibət, davranış, aparılan amansız repressiyalar oxşardır. Başqa bir fərq odur ki, o zaman Əhməd Cavad, Almaz İldırım, Mikayıl Müşfiq kimi ziyalılarımızı sürgün edib onları Nargin adasında güllələyənlər içərisində erməni, rus və digər millətlərin nümayəndələri var idisə, indi bu işi həyata keçirənlər Azərbaycanlı adı, soyadı daşıyırlar. Bu lap dəhşətlidir…

Faili Şahbazov niyə həbs olundu?

Bəlkə də bir çoxları bu sualı yersiz hesab edəcək. Qeyri- ixtiyarı olaraq sualın qarşılığında bu sualı da verə bilərlər; Əhməd Cavad, Almaz İldırım niyə həbs olunmuşdu? Əlbəttə biz hər hansı müqayisə aparmaq iddiasında deyilik. İnsanlar, şəxsiyyətlər fərqli olsa da insan insandır. İnsan taleyi ön plandadırsa kimliyindən asılı olmayaraq haqsız və qanunsuz hər bir şəxsin həbsi bizim üçün diqqət çəkəndir. 1930- cu illərdə fərqli fikir, cəsarətli mövqe göstərənlərə, milli düşüncəyə sahib olanlara qənim kəsilənlərin nəvə- nəticələri babalarından qalma adət- ənələri bu gün çox israr və qisasçılıqla davam etdirirlər. Faili Şahbazov tandığım gənclər içində azad fikirli, cəsarətli mövqeyi ilə seçilirdi. O, Facebook- da yazdığı statuslarda 26 noyabrda Nardaranda qətlə yetirilən yerli dinc, günahsız sakinləri "şəhid” deyə ifadə edən ilk tanıdıqlarımdandır. Onların dağıdılmış qəbirlərinin şəklini çəkib "məzlum şəhidlərimizin məzlum qəbirləri” deyə ilk dəfə ictimailəşdirən də o olmuşdu. Elə bu hadisədən bir neçə gün sonra onu həbs etdilər.

Onu həbs edənlər fərqində olmadılar ki, Faili bəy Şahbazovlar ailəsinin həbsə göndərdikləri 3- cü üzvüdür. Ailəyə yeganə çörək gətirən, məhbus ataya və qardaşa yemək aparan sonuncu övladdır. Günahsızdır, eyni zamanda səhhətində ciddi problemləri var…

Faili Şahbazov

Failini həbs edənlər anlamırlar ki, onların xidmət etdiyi YAP höküməti (əgər buna hökümət demək mümkündürsə- red.) 70 illik totalitar Sovet hakimiyyətindən güclü və qüdrətli ola bilməz. Sonu nə oldu? 1937- ci il repressiyaları, həmin repressiyaya məruz qalanlar və o qanlı terrorları, qətliamları həyata keçirənlərin aqibəti necə oldu? Doğurdanmı onlar anlamırlar ki, zülm və haqsızlıq üzərində bərqərar olan heç bir iş, əməl ugur gətirə bilməz.

Zalımın sonu yaxınlaşdıqca o daha da qəddarlaşır. Son zamanlar ölkədə kütləvi şəkildə həbslərin, qətllərin, talanların həyata keçirilməsi, xalqın çörəklə imtahana çəkilməsi sonu yaxınlaşan zalımın qəddarlaşmasıdır. Qəddarlığın sonu isə iflasdır.

Bu gün hakimiyyətin göz bəbəyi kimi qoruduğu, nəzarət etdiyi, sayını artırdığı "müqəddəs yerlər” hələ bilmək olmaz kimə qismət olacaq. Atalarımızın dediyi kimi nə tökərsən aşına, o da çıxar qaşığına. Və ya nə əkərsən, onu da biçərsən.  YAP hakimiyyətinin əkdiklərini biçmək vaxtıdır…

Administratorla əlaqə

077 611-55-22

[email protected]