Ölkə

Bədənində güllə gəzdirən Nardaran məhbusları...

15-12-2016, 02:44

 Bədənində güllə gəzdirən Nardaran məhbusları...Xeberman.com-un veridiy məlumata görə,  hüquq müdafiəçisi Oqtay Güləliyev öz facebook səhifəsində yazıb ki, 26 noyabr 2015- ci ildə Nardaran qəsəbəsində baş vermiş məlum qanlı olaylardan 1 ildən artıq vaxt keçir. Zaman keçdikcə biz həmin hadisələrlə bağlı yeni- yeni dəhşətli məlumatlar, faktlarla qarşılaşırıq. Ən əvvəl onu qeyd edək ki, bu qanlı hadisələr zamanı 2- si polis olmaqla 6 soydaşımız qətlə yetirildi. Onlarla şəxs bu və ya digər formada ağır yaralandı. 200- dən çox şəxs həbs olundu ki, onların 87 nəfərinə cinayət işi açıldı. 7 nəfər axtarışdadır. Tanınmış ilahiyyətçi alim Taleh Bağırzadə başda olmaqla Müsəlman Birliyi Hərəkatının bütün İdarə Heyəti daxil olmaqla təşkilatın çox saylı üzvləri həbs olundu. Çoxlu sayda günahsız insanlar Nardaran hadisələrinin repressiya qurbanlarına çevrildi. Həbs olunan insanlar DİN Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mbarizə İdarəsində amansız işgəncələrə məruz qaldılar. Həbs olunanların əksəriyyəti vəkilsiz olub. Vəkilsiz dindirilib. Uzun müddət onlar xarici aləmdən təcrid olunmuş vəziyyətdə saxlanılıb. Məhkəmə önünə çıxarılmayıblar, ailələri ilə əlaqə saxlamasına, özlərinin seçdikləri vəkilləri ilə görüşməsinə imkan verilməyib. Nardaranda və ətraf qəsəbələrdə uzun müddətli gərginlik mənbəyi yarandı. İslami qaydalara, adət- ənənəyə zidd olaraq qətlə yetirilmiş 4 nəfər yerli sakinin meyidi 9 gün basdırılmaq üçün yaxınlarına verilmədi. İl mərasimi ərəfəsində isə onların qəbirləri dağıdıldı və s.

Cari ilin iyul ayında "Nardaran işi" ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə prosesi başladı. Məhkəmə prosesində məlum oldu ki, hakimiyyətin Nardaran qəsəbəsində öncədən planlaşdırıb həyata keçirdiyi 26 noyabr əməliyyatı ictimaiyyətə təqdim edildiyi kimi "terrorçuları zərərsizləşdirmək", "dövlət çevrilişinin qarşısını almaq" üçün deyil, dinc, günahsız insanları zərərsizləşdirməyə, Taleh Bağırzadəni və tərəfdarlarını həbs etməyə, Nardaran mifini dağıtmağa xidmət edib. Hökümətin terrorçu kimi təqdim etdiyi insanlar silahsız olublar. Başlarının üstünə üç rəngli Azərbaycan bayrağını asaraq Aşura mərasimi öncəsi dini söhbətlər edirmiş. Hadisə zamanı isə onlar namaz qılırmış. Həbs olunanların böyük əksəriyyəti dəhşətli və amansız igşəncələrə məruz qalıblar. İşgəncələrin bir hissəsi qisasçılıq zəminində baş verib, bir qismi isə həbs edilən şəxslərdən siyasi hakimiyyət üçün yararlı ola biləcək etirafedici ifadələrin alınmasına xidmət edib. Məsələn, Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə məhkəmədə bildirib ki, ona və dostlarına işgəncə verərək Nardaran olaylarının arxasında Milli Şuranın və İranın xüsusi xidmət orqanlarının dayandığını sübut etmək istəyiblər. Məhkəmənin gedişində məlum oldu ki, ibtidai istintaq kütləvi qanun pozuntuları üzərində saxta ittihamlarla qurulub. Əməliyyatı həyata keçirənlər istintaqda təqsirləndirilən şəxsləri dindirib, şahid kimi ifadə verib və üstəlik həbs olunanlara etirafedici ifadələrin alınması üçün ağır işgəncələr tətbiq ediblər. Təqsirləndirilən şəxslərin məhkəmədə verdikləri ifadəyə görə 26 noyabr günü Nardaranda qətlə yetirilən mülki şəxslər silahsız olub və onlar polisə müqavimət göstərməyib. Fərahim adında sakini isə mebel maşınında polislər döyərək öldürüblər...

26 noyabr Nardaran hadisələrindən zaman bizi ayırdıqca daha dəhşətli, yeni- yeni faktlar ortaya çıxır. Məlum olur ki, həmin gün adı çəkilən qəsəbədə dinc, günahsız insanlara qarşı Taleh Bağırzadənin təbrincə desək Kərbalay müsibəti baş verib. Təəssüfləndirici hal odur ki, həmin müsibət, faciə bu gün də davam edir. Bu gün də Nardaran qəsəbəsində qeyri- rəsmi fövqəladə vəziyyət hökm sürür. İnsanlar təqib olunur. Təzyiqlərə məruz qalıb həbs olunurlar. Hadisələr zamanı zərərçəkənlər hakimiyyət tərəfindən ictimaiyyətə və məhkəmə önünə təqsirləndirilən şəxs olaraq çıxarılır. Ədalətli məhkəmə araşdırması aparılmır. Bir ilə yaxın vaxt keçməsinə baxmayaraq hadisə ilə bağlı əməliyyat çəkilişi bu günə qədər ictimaiyyətə təqdim edilməyib. Bu gün məhkəmə önünə çıxarılan şəxslər Cinayət Məcəlləsinin ağır maddələri, ömürlük həbs cəzası ilə ittiham olunurlar.

"Siyasi Məhbuslarsız Azərbaycan" İctimai Alyansının 10 dekabr- Ümumdünya İnsan haqları günündə keçirdiyi tədbirdə iştirak edən Nardaran məhbuslarının ailə üzvləri daha bir ilginc və dəhşətli məlumatı ictimaiyyətlə bölüşdülər. Məlum oldu ki, "Nardaran işi" ilə bağlı hazırda həbsdə olan 3 məhbus- Şamil Abduləliyev, Cahad Babakişiyev və Bəhruz Əsgərov hadisə günün polis tərəfindən açılan atəşlə yaralanıblar. Onlara güllə dəyib. Bu günə qədər güllə onların bədənindən çıxarılmayıb. Onlara qarşı heç bir tibbi müalicə həyata keçirilməyib və güllə onların bu gün də bədənindədir. Bu barədə məhbusların özləri, ailə üzvləri və vəkilləri aidiyyatı qurumlar qarşısında məsələ qaldırsa da onların bədənlərindən güllələrin çıxarılması üçün heç bir addım atılmayıb. Əksinə bütün xahiş və israrlar, hətta vəkillərin vəsatətləri qulaq ardına vurulur. Sanki həmin şəxslərdən qisas və intiqam alınır. 
26 noyabr Nardaran hadisələri zamanı ağır xəsarət alanlardan biri də Müsəlman Birliyi Hərəkatının Mətbuat Xidmətinin rəhbəri Əbülfəz Bünyatovdur. Hansı ki, hadisə zamanı polis onun evinə hücum edib evi dağıtmış, evdəkiləri güllə- boran etmiş, onun 2 qohumunu öldürmüş, özünü isə ağır yaralayaraq belini sındırmışdı. 1 ildən çoxdur ki, Əbülfəz Bünyatov ağır yataq xəstəsidir. Yaxınlarının verdiyi məlumata görə bədəninin aşağı orqanları işləmir, iflic olub. Çürüyür. Hərəkətsiz olan Əbülfəzi yalnız dustaq yoldaşları idarə edir. Məhz bu səbəbdən də onu məhkəmə önünə çıxarmaq mümkün olmadığından hazırda Penitensiar Xidmətin Müalicə Müəssisəsindədir. Özü Müalicə Müəssisəsində olsa da heç bir müalicə almır. Bu gedişlə yaxınları onu itirə biləcəklərinin həyəcan təbilini çalırlar. Amma gözlərini qan örtmüş, insanlara və insanlığa qənim olan aidiyyatı şəxslər SOS siqnalını qulaqardına vururlar. 
26 noyabr Nardaran hadisələri ilə bağlı daha bir dəhşətli olay Əbülfəz Bünyatovun qohumu Rəfael Bünyatovun qətlə yetirilməsi ilə bağlıdır. Kənd sakinlərinin verdiyi məlumata görə atasının polislər tərəfindən dəhşətli şəkildə qətlə yetirilməsinin şahidi olan Rəfaelin kiçik yaşlı oğulu bu hadisədən əsəbi sarsıntı keçirib. Hazırda əsəb- ruhi problemlərə düçar olan körpə uşaq danışıq qabiliyyətini itirib.
Bu misalları artırmaq olar. Dediklərimiz hakimiyyətini qorumaq istəyən bir qrupun bir kəndi ram etmək, bir şəxsi zərərsizləşdirmək, bir təşkilatı dağıtmaq üçün həyata keçirdiyi qanlı əməliyyatın bir hissəsidir. Görəsən qeyd etdiyimiz və etmədiyimiz insanlığa suç olan bu hərəkətlərə görə kim cavab verməlidir?
Nədən məhbusun bədənində olan güllə bir ildir onun bədənindən çıxarılmır? Nədən evi dağıdılıb, qohumları qətlə yetirilən, beli sındırılan bir şəxsi normal müalicə etmirlər? Niyə günahsız atasını qətlə yetirib övladını şikəst edənlər məsuliyyətdən yayınır, həmin uşağın müalicəsi ilə maraqlanmırlar?

... Tarixdə qanlı müharibələr olub ki, orda əsirlərə toxunmayıblar. Yaralıları müalicə ediblər, onlarla insan kimi davranıblar. Necə ola bilir ki, torpaqlarımızın 20 faizini işğal edən, minlərlə qız- gəlinlərimizi əsir götürüb onların başına oyun açan erməniləri bu hakimiyyət çox böyük ehtiram və hörmətlə Bakıya dəvət edib onları ən bahalı hotellərdə qonaq edirlər, pulsuz yemək verib şəhəri gəzdirirlər, Eynulla kimilərin yanında işə düzəldib buna dövlət siyasəti deyirlər, amma öz soydaşlarımızı güllə- boran edir, qandallayıb həbsə atır, onlarla insan kimi davranmırlar. Onların müalicə olunmasına, bədənlərindən güllənin çıxarılmasına, öz haqqını müdafiə etməsinə imkan verilmir? Niyə erməniyə atılmalı olan güllə Nardaranda dinc, günahsız soydaşlarımıza atılmalıdır və o güllələr düz bir həmin insanların bədənində qalmalıdır? Görəsən niyə?

... Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidovun beyninə qan sızdığı deyilir. Əməli nə olursa olsun kimsənin xəstələnməsi və ölməsinə sevinən deyiləm. Onun sağalmasını və əməlləri qarşısında cavab verməsini arzulayıram. 
Ənvər Seyidovun beyninə qan yaşına, hansısa xəstəliyinə görə sızmayıb. Günahsız insanlar haqqında çıxardığı qanunsuz, sifarişli məhkəmə hökmlərinə görə sızıb. Onun beyninə qan haqqında haqsız, ağır və ədalətsiz hökm çıxardığı məhbusların analarının, həyat yoldaşlarının ah- naləsinə görə sızıb. Onun beyninə qanı ictimai qınaq sızdırdı. El töhməti ağırdır deyirlər. Bu qan sızma İlahi təcəllidir ki, heç kim ondan qaça bilməz...
Vaxt gələcək xalqımızın qanına susamış, onun günahsız övladlarını güllə- boran edib qanına qəltan edənlər, dinc, günahsız soydaşlarımızı şərləyib həbsə atanlar, onlara ağır işgəncə və cəza verənlər təkcə ilahi ədalət qarşısında deyil, həm də qanun qarşısında da cavab verəcəklər. Buna heç kimin şübhəsi olmasın!

P. S. Aşağıdakı şəkillər bədənlərində güllə olan Şamil Abduləliyev, Cahad Babakişiyev, Bəhruz Əsgərov və bədəni iflic olan Əbülfəz Bünyatovun şəkilləridir.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bədənində güllə gəzdirən Nardaran məhbusları...
Bədənində güllə gəzdirən Nardaran məhbusları...

 

Administratorla əlaqə

077 611-55-22

[email protected]