Gündəm

Cəlilabad RİH-də 42 milyon müəmması

15-12-2016, 01:01
Cəlilabad RİH-də 42 milyon müəmması
Palata bu qurumda çeşidli maliyyə itkilərinə yol verildiyini aşkarlayıb

 


Hesablama Palatasının Kollegiyası dövlət büdcəsindən 2013-2015-ci illərdə Cəlilabad  Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərdən istifadəyə dair auditin nəticələri haqqında da hesabat təsdiq edib.  
Hesabatda 2013-2015-ci illərdə Cəlilabad Rayon İcra Hakimiyyəti tərəfindən  Həziabad kənd 360, Soltankənd kənd 180, Cəfərli kənd 180, Məmmədrzalı kənd 220 və İncilli kənd 180 şagird yerlik tam orta məktəblərinin tikintisi, Cəlilabad-Hamarqışlaq-Sadatlı, Qarazəncir-Qarakazımlı-Boyxanlı, Cəlilabad-Astanlı-Cəngan-Soltankənd, Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yollarının tikintisi və  rayonunun abadlıq-quruculuq işləri üçün istifadə olunan ümumilikdə 41956,8 min manat vəsaitin auditlə  əhatə olunduğu öz əksini tapıb.

Auditlə əhatə olunan dövrdə 4 kənddə tam orta məktəb üçün binalarıın tikilərək istismara verildiyi, Cəlilabad ilə 5 kəndi və 8 yaşayış məntəqəsini birləşdirən kəndlər arası avtomobil yollarının tikintisi aparılıb rayonun mərkəzində abadlıq-quruculuq işləri həyata keçirilsə də bəzi nöqsanlarada yol verilib.

Audit zamanı məlum olub ki, Rayon İcra Hakimiyyəti tərəfindən Prezidentin 2010-cu il tarixli 17 mart tarixli 239 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları”-nın tələblərinə əməl edilməyərək layihə təklifləri verilməzdən əvvəl tikinti layihələrinin əsaslandırılması, strukturu və qiymətləndirilməsini əks etdirən ilkin texniki-iqtisadi əsaslandırma və layihə sənədləri hazırlanmayıb, mövcud qaydaların tələblərinə əməl edilməyərək akt və idman zalları, fizika, kimya laboratoriyaları, kitabxananın sahəsi təsdiq olunan normalardan az layihələndirilib.

Qüvvədə olan qaydaların tələbinə əməl olunmayaraq sökülən köhnə məktəblərin yerində inşa olunsa da, yararsız hala düşmüş əsas vəsaitlərin yararsızlığını, təmirinin mümkünsüzlüyünü müəyyənləşdirmək, həmçinin onların müəyyən olunmuş qaydada balansdan silinməsi üçün müvafiq ləğvetmə komissiyası yaradılmayıb, avtomobil yollarının istismara verilməsi haqqında tərtib edilmiş Dövlət Qəbul Komissiyasının tərkibinə  aidiyyəti qurumların nümayəndələri daxil edilməyib.
Cəlilabad-Hamarqışlaq-Sadatlı avtomobil yolunun tikintisi zamanı trassanın keçdiyi yerlərə təbii-iqlim amillərinin təsiri öyrənilməyib, sürüşmə zonaları müəyyənləşdirilib geoloji müayinə işləri aparılmayıb, layihə-smeta sənədlərində avtomobillərin yol üzrə təhlükəsiz hərəkətini təmin etmək üçün xüsusi mühəndis tədbirlərinin işlənməsi nəzərdə tutulmayıb. Cəlilabad rayonunun su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması çərçivəsində Cəlilabad-Hamarqışlaq-Sadatlı avtomobil yolunun başlanğıcında su və kanalizasiya sisteminin yenidən qurulması ilə əlaqədar yolun 3 km-lik hissəsində (Məhəmməd Hadi küçəsi) asfalt beton örtüyü dağılıb, istismara qəbul edilən avtomobil yolları "Cəlilabad 56 saylı Yol İstismarı” MMC-nin balansına təhvil verilməyib.

Qarazəncir-Qarakazımlı-Boyxanlı avtomobil yolunun tikintisi üzrə yol layihələndirilərkən yol tikilən ərazilərdə yaşayan insanların təsərrüfat fəaliyyəti, yaxınlıqda yerləşən müəssisələrin fəaliyyət növü, bazalara yük daşıyan nəqliyyat vasitələrinin tərkibi və yükgötürmə qabiliyyəti nəzərə alınyıb, həmin ərazidə hərəkətin həcmi, tərkibi, yolun yük gərginliyi dördüncü texniki dərəcəyə uyğun göstəricilərdən dəfələrlə yüksək olduğu üçün istismara verilməsindən az müddət keçməsinə baxmayaraq yol örtüyünün bəzi hissələrində dağılmalar, deformasiyalar əmələ gəlib, yolda nəqliyyat işinin əsas göstəricisi olan nəqlolunma sürəti aşağı düşüb.

Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yolunun tikintisi üzrə satınalmanın yekun protokolunda tender təkliflərinin müqayisəsi və qiymətləndirilməsinin nəticələri üzrə məlumat göstərilməyib, texniki təminat müddəti nəzərə alınmadan son ödəmə həyata keçirilib, obyektin tikintisi 2014-cü ilin avqust ayında başa çatmasına baxmayaraq istismara verilməsi haqqında tərtib olunan aktın aidiyyəti təşkilatlar tərəfindən imzalanması başa çatdırılmayıb. 

Palatanın Kollegiyası nöqsan və çatışmazlıqların qısa müddətdə aradan qaldırılması, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin məsuliyyətə cəlb edilməsi və bu istiqamətdə görülmüş tədbirlər haqqında Palataya məlumat verilməsi barədə qərar qəbul edib. Qərarın surəti Cəlilabad  Rayon İcra Hakimiyyətinə göndərilib, auditin nəticəsi barədə Milli Məclisə məlumat təqdim edilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]