Ölkə

Cəlilabad: başçı sərəncamları icra etməyib – Rəqəmlər

20-04-2016, 20:27
Cəlilabad: başçı sərəncamları icra etməyib – Rəqəmlər

Cəlilabadda "Regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramı yarımçıq icra olunub.

Vizual.az-ın araşdırması zamanı məlum olub ki, 9 sentyabr 2013-cü ildə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Üç sərəncam suya düşdü

Bu məqsədlə Cəlilabad rayon İcra Hakimiyyətinin balansına 2 milyon manat köçürülüb. Dövlət başçısının digər sərəncamı ilə 23 min əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yolunun tikintisi məqsədi ilə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan İH-ə ilkin 2 milyon manat ayrılıb.

Bu hadisədən 1 il keçməmiş prezident daha bir sərəncam imzalayıb. Prezidentin 8 dekabr 2014-cü il sərəncamı ilə Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun tikintisi üçün dövlət büdcəsindən nə az, nə çox, düz 6,1 milyon manat ayrılıb. Ümumilikdə iki il ərzində 10 milyon manatdan çox vəsait ayrılan rayonun yolları bu gün də bərbadlığı ilə "göz oxşayır”.

Prezidentə xəyanət

Vizual.az xəbər verir ki, icra başçısı Əziz Əzizov ayrılan vəsaitlərin xərclənməsinin üzərindən sükutla keçir. Cəlilabadda dövlət pullarını qeyri-şəffaf sərf edən icra başçısı prezidentin üç sərəncamını yarımçıq həyata keçirib.

Bu isə dövlət rəhbərliyinə və sərəncama qarşı xəyanətdir. Prezident son çıxışlarında da icra hakimlərinə xəbərdarlıq edib və bildirib ki, bu günə kimi büdcədən vəsaitlər ayrılırdı, rayonlar dotasiya ilə özünü saxlayırdı. Artıq öz daxili resursları hesabına icra hakimiyyətləri fəaliyyət göstərməlidir.

Ə.Əzizov isə geridə qalan dövrdə etimadı doğrultmayıb və milyonları havaya sovurub. Bunun nəticəsidir ki, icra başçısının biznes şəbəkəsi genişlənib.

Təbii ki, digər məmurlar kimi Cəlilabadın şefi də mal-mülkünü, kommersiya obyektlərini yaxınlarının adına rəsmiləşdirib. Buna baxmayaraq, onun hansı biznes obyektlərinə sahib olduğu sirr deyil.

Əzizovun obyektləri - Siyahı

Vizual.az-a verilən məlumata görə, başçının Cəlilabadda "Cəlilabad-broyler”, "Woodpecker”, "Kristal”, "Avanqard”, "Cəlilabad şərab-2”, "Namiq-94” şirkətləri fəaliyyətdədir. Əzizov paytaxtda da biznes zəncirini qura bilib.

Bundan başqa, Əzizov rayonun yaşıllığını məhv edərək tikinti meydançasına çevirib. Cəlilabadda bütün istirahət parklarının ərazisi satılıb. Onların yerində çayxana, ticarət obyektləri və kafelər tikilib.


İcra başçısı rayondakı bütün çörək sexlərinin fəaliyyətini iflic hala salıb. O özünə şəxsi çörək zavodu açaraq bütün sexlərdəki çörək istehsalını qadağan edib.

Torpağının münbitliyinə görə Cəlilabad SSRİ dövründə 2-ci Ukrayna adlandırılırdı. Bu gün də Cəlilabadın o münbit torpağı maşınlarla Bakıya daşınır. Torpağı belə satıb, gəlir əldə edir.

Digər bölgələri öz torpağıyla yaşıllığa çevirən Cəlilabad şəhərinin mərkəzi səhranı xatırladır. Başçı büdcə pulları ilə özünə hər cür şərait yaradıb. Məsələn, "Tut bağı” adlanan yerdə böyük şadlıq evi tikdirib. Amma bu, icra başçısının biznesinin bir hissəsidir. Digər obyektlərinin siyahısı barədə araşdırmalarımızı yaxın günlərdə təqdim edəcəyik.

Travmvay parkından başlanan karyera

Vizual.az xəbər verir ki, Əzizov Tramvay parkında usta işləyib. Başçı son 30 ildə bu vəzifələrdə çalışıb:

15.08.1985 -16.01.1986 - Tramvay parkında xətt sahəsi əmiri ustası

16.01.1986 – 21.09.1987 – Tramvay parkında vaqon bölməsində usta

21.09.1987 – 20.01.1989 – Tramvay parkında yol təhlükəsizliyi müfəttişi

31.01.1989 – 10.09.1990 – Tramvay parkında yol təhlükəsizliyi idarəsinin rəisi

10.09.1990 – 19.10.1992 – Tramvay parkında istismar idarəsinin rəisinin vəzifəsinin icra edən

19.10.1992 – 09.02.1993 – Bakı şəhər Nəqliyyat Departamentinin texniki şöbənin rəisi

09.02.1993 – 01.02.1996 – Bakı şəhər Nəqliyyat Departamentinin hərəkətin təhlükəsizliyi üzrə rəis

05.03.1996 – 08.08.2006 – Sahibkarlıq fəaliyyəti

08.08.2006 – h/h Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı.

Qarşı tərəfi dinləməyə hazırıq.



Administratorla əlaqə

077 611-55-22

[email protected]