Gündəm

Prezidentin antiböhran sənədi kimlərin “kürkünə birə salıb”? - iqtidarda vəlvələ

19-12-2016, 12:26
İqtidar düşərgəsində çaxnaşma yaranıb

Politika.Az-a verilən məlumata görə, prezidentin imzaladığı antiböhran tədbirləri barədə tapşırıqları məmurların canına vəlvələ salıb. Azərbaycanda korrupsiyaya bulaşmış, aylıq "paket” alan məmurların "kürkünə birə salıb”.

Təşviş içində olan məmurlar bu layihənin həyata keçməsindən sonra ölkədə islahatların, şəffaf idarəçiliyin daha da güclənəcəyini yaxşı dərk edir. Ona görə də gəlir mənbələrinin kəsiləcəyi xəbəri bürokrat məmurları, korrupsioner və oliqarxa çevrilmiş bəzi nazirləri əndişələndirib. 

Hakimiyyətin içərisində korrupsiya xərçəngləri yaratmış və qol-budaq atmış güclər var. Onların təmizlənməsi və iqtidarda sağlam komanda formalaşması hesabına açıq iqtisadi siyasət yürütmək mümkündür. 

İlk növbədə Nazirlər Kabinetinə əl gəzdirmək labüddür. Bu baxımdan yeni antiböhran tədbirlərinin başlaması hakimiyyətdəki bəzi qruplarına maraqlarına soğan doğrayıb. 

Prezidentin təkbaşına böhrana qarşı çırmanıb mübarizə aparması hansısa qüvvələri narahat edir. Onlar əvəvlki kimi korrupsiya layihələrini həyata keçirə bilməyəcək. 

Politika.Az-a verilən məlumata görə, Azərbaycan prezidenti dünyada bu ilin ən islahatçı prezidenti seçilə bilər. Çünki heç bir ölkədə bu il ərzində bu qədər islahatlar həyata keçirən dövlət rəhbəri olmayıb. 

Prezidentin bürokratik əngəllərə, məmur özbaşınalığına, korrupsiyaya qarşı apardığı mübarizə, sahibkarların fəaliyyətinə geniş imkanlar yaratması, kənd təsərrüfatının inkişafına yönəlik tapşırıqları inqilabi addımlar idi. 

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, prezident İlham Əliyev tərəfindən Milli Məclisə ölkədə iqtisadi fəallığın artırılması, sahibkarlığın inkişaf etdirilməsi, bütövlükdə dövlətin davamlı inkişafını nəzərdə tutan qanun layihələri təqdim edilib.

Qlobal iqtisadi sarsıntıların , neftin ucuzlaşmasının Azərbaycan iqtisadiyyatına təsir etdiyini deyən Z.Səmədzadə bildirib ki, risklərin ölkə iqtisadiyyatına təsirinin azaldılması ilə bağlı ciddi işlər görülür.

Azərbaycanda işsizlər ordusunun sıraları genişlənir. Devalvasiya iş yerlərində ixtisarlara və müəssisələrin qapadılmasına səbəb olur. 2017-ci ilə qədər bu prosesin daha ağır xarakter alacağı proqnoz verilir. Hökumət şahiddir ki, xarici şirkətlər də ölkəni tərk edir. 

İqtisadi böhrana qarşı kompeks tədbirlərin ləngliyi və tormozlanması xalqın həyatına ciddi şəkildə təsir edir. Prezidentin dərhal müdaxiləsi prosesə ciddi müsbət təsir edəcək.

Administratorla əlaqə

077 611-55-22

[email protected]