İqtisadiyyat
Parlament 2017-ci ilin dövlət büdcəsini təsdiqlədi - hökumət güzəştə getmədi
17-12-2016, 17:56
Deputatlar Vergilər Məcəlləsinə 201 sayda dəyişikliyin lehinə səs verdilər; "Hərbi vəziyyət haqqında” qanun isə ilk oxunuşda qəbul olundu
Dekabrın 16-da spiker Oqtay Əsədovun sədrliyi ilə Milli Məclisin növbəti plenar iclası keçirildi. İclasda 2017-ci ilin büdcə zərfi ilə bağlı Nazirlər Kabinetinin üzvləri də iştirak edirdi.
Gündəlikdəki 27 məsələ təsdiq olunduqdan sonra spiker hökumətə 8 gün vaxt verildiyini xatırladaraq, sözü maliyyə naziri Samir Şərifova verdi. Nazirin çıxışından məlum oldu ki, deputatların əksər təklifləri qəbul olunmayıb. Belə ki, mədəniyyət xərclərinin artırılması ilə bağlı əlavə 3 milyon manat ayrılmasına, habelə Milli Məclisin saxlanması məqsədilə əlavə 850 min manatın ayrılmasına qərar verilib. Gənclər Fonduna ayrılan vəsaitin azalmasını hökumət ciddi problem kimi qəbul etməyib.
Bundan sonra maliyyə naziri deputatları qanun layihəsinə səs verməyə çağırdı.
Spiker komitə iclaslarında 33 deputatın, plenar iclaslarda isə 45 deputatın çıxış etdiyini qeyd edərək, qanunun müzakirəsiz səsə qoyularaq, qəbul olunmasını təklif etdi. Səsvermə ilə layihə qəbul edildi.
Daha sonra büdcə zərfindəki digər qanun layihələri, o cümlədən "2017-ci ildə ehtiyac meyarı haqqında” qanun layihəsini qəbul edib. Gələn il Azərbaycanda ehtiyac meyarı 116 manat təşkil edəcək ki, bu da cari illə müqayisədə 11 AZN artıqdır. Spiker səsvermədən sonra "hökuməti təbrik edirik və büdcəmiz xeyirli olsun” söyləyib Vergilər Məcəlləsinə nəzərdə tutulan dəyişikliklər layihəsinin müzakirəsinə başladı. Qeyd edək ki, sözügedən qanun layihəsində Vergi Məcəlləsinə 115 yeni maddə, 83 dəyişiklik, 3 maddənin ləğvi də daxil olmaqla ümumilikdə 201 dəyişiklik təklif edilir.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə qanun layihəsi barədə çıxışı zamanı dedi ki, qlobal iqtisadi sarsıntılar, neftin ucuzlaşması Azərbaycan iqtisadiyyatına təsir edib: "Buna görə də risklərin ölkə iqtisadiyyatına təsirinin azaldılması ilə bağlı ciddi işlər görülür. Azərbaycan dövləti 25 illik müstəqillik dövründə çox ciddi uğurlar əldə edib. Son illərdə neftin ucuzlaşması, qlobal sarsıntılar Azərbaycan iqtisadiyyatına təsir edib. Təqdim edilmiş qanun layihələri bu təsirlərin azaldılmasına, ölkənin davamlı inkişafına xidmət edir”. Komitə sədri çıxışında deyib ki, təqdim edilmiş qanun layihələri nağd hesablaşmaların azaldılması, elektron ticarətin vergiyə cəlb olunması, vergi yükünün azaldılması, vergi inzibatçılığının sadələşdirilməsi, vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi, vergi orqanlarının göstərdiyi xidmətlərin keyfiyyətinin daha da artırılması məqsədinə xidmət edir.
Spiker Oqtay Əsədov çıxışa yazılanlarda təkid edənlərin olub-olmadığı barədə zala müraciət edərkən iki nəfər israrla söz istədi.
Deputat Qüdrət Həsənquliyev Xəzər dənizində baş vermiş faciəyə diqqət çəkərək həyatını itirənlərə başsağlığı verdi və burada təxribatın olması ehtimalından danışdı. (Bu barədə əlavə yazıda bəhs olunur-E.P.) Daha sonra deputat ölkədəki vergi yükünün ağırlığına diqqət çəkdi: "Uzun müddətdir mətbuatda müzakirələr gedir ki, bizdə vergi yükü çoxdur. Ona görə də vergi əməkdaşları ilə cinayət əlaqəsinə girməyə çalışırlar ki, onlara rüşvət ödəməklə vergi yükünü azaltsınlar. Mən düşünürəm ki, vergi yükü azalsa, bu kimi neqativ hallar aradan qalxar. Sovet dövründə vergini əsasən döbvlət idarə və təşkilatları vergi ödədiyi üçün bizim vətəndaşlarımıza vergi ödəmək mədəniyyəti aşılanmalıdır”.
Eyni zamanda deputat vətəndaşların vergidən tam azad olunmasını da düzgün saymadı: "Biz simvolik də olsa, vergiləri tətbiq etməliyik, ancaq vergidən tam azad etməməliyik. Bizdə sənaye parkları var ki, 7 illiyinə vergidən azad olunub. Onlar da simvolik vergiyə cəlb olunmalıdır ki, sonradan təyinatları dəyişəndə vergi ödəməklə bağlı problem yaranmasın”. O deyib ki, vergilərin məbləği artdığı üçün bundan sonra ölkəyə avtomobillərin gətirilməsi faizi daha da aşağı düşəcək: "Unutmayaq ki, Azərbaycanda ucuz avtomobillər istehsal olunsa da, bahalı avtomobillər istehsal olunmur”.
Spiker təkidlə söz istəyən Fərəc Quliyevə xitabən "Fərəc Quliyev, de, görüm, nə deyirsən” deyə, söz verdi. F.Quliyev isə cavabında "Hər bir deputatın haqqıdır ki, məsələlərə münasibət bildrisin, heç kəs ona irad tuta bilməz” deyə, reaksiya verdi.
F.Quliyev xadimələrin, baxıcıların, habelə digər aztəminatlı şəxslərin vergiyə cəlb olunmasını da düzgün saymadı: "Bizim məqsədimiz sosial vəziyyəti pis olan insanların vəziyyətini yaxşılaşdırmaqdır. Bu, prezidentin də siyasətinin əsasını təşkil edir. Ancaq indi bu kateqoriyalı insanlara yardım etmək əvəzinə, onlara vergi tətbiq edirik. Normal iş tapa bilməyənlər gedib bu kimi işlərlə məşğul olurlar ki, dolana bilsinlər. Ona görə də bu bölümün qanundan çıxarılmasını təklif edirəm”.
Vergilər naziri Fazil Məmmədov isə deputatların çıxışlarına təpki verdi: "Siz qanunu düzgün şərh eləmirsiniz. Xahiş edirəm qanunu düzgün oxuyun! Düzü, işsizliyin səviyyəsinin dəqiq uçotunu və iqtisadi təhlillərini aparmaq mümkün deyil. Amma həqiqətən də ölkədə işləyənlərin sayı çoxdur. Əgər əhalinin bir hissəsi evlərdə işləyirsə, siz niyə nəzərə almırsınız ki, bu şəxsləri işə götürən də var. Əgər bağda bağban, mühafizəçi, xidmətçi varsa, Məcəlləyə edilən dəyişiklik işçinin uçotunu aparmağa imkan verəcək. Bu dəyişikliklər dövlət büdcəsinin gəlirlərinin təmin olunması məqsədinə xidmət etmir. Milyonlarla vəsaiti olanlar var ki, evinə 5 tibb işçisi gətizdirib, xəstələrinə xidmət etdirir. Nə üçün onlar vergi ödəməməlidir? Siz millət vəkilləri hansı təbəqədən danışırsınız? Sosial təbəqədəndirsə, burda söhbət sosial təbəqədən getmir axı. Məsələ işəgötürən tərəfindən verginin ödənilməsindədir”.
Spiker "iqtisadi islahatlar davam edir, aylardır gözləyirdik” deyə, qanunu müdafiə etdi və səsverməyə çıxardı.
İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə görə, bundan sonra Azərbaycanda taksilərə xüsusi ayrılmış duracaq yerlərindən kənarda sifariş qəbul etmək qadağan edilir. Dəyişikliyə əsasən, taksilərin xüsusi olaraq müəyyən edilmiş və 5.14 nişanı ilə işarələnmiş duracaq yerlərindən kənar yerlərdə sifariş qəbul etmək məqsədilə durması qadağandır. Buna əməl etməməyə görə 40 manatdan 50 manata qədər cərimə müəyyənləşdirilir.
"Yol hərəkəti haqqında” qanuna dəyişikliklər də geniş müzakirə olundu. Dəyişikliyə əsasən, nəqliyyat vasitəsi parklanma yerində 24 saatdan artıq saxlandıqda İnzibati Xətalar Məcəlləsinin nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında elektron protokol tərtib olunur, nəqliyyat vasitəsi müvafiq icra hakimiyyəti orqanının ən yaxın mühafizə olunan duracağına aparılır və nəqliyyat vasitəsinin istifadəçisinə məlumat verilir. Sürücü nəqliyyat vasitəsinin aparıldığı duracaq barədə məlumatı parkomat vasitəsi ilə də əldə edə bilər. Nəqliyyat vasitəsi parklanma yerində 24 saatdan artıq saxlandıqda sürücü 20 manat məbləğində cərimə edilir.
Deputat Fəzail Ağamalı "Binə” və digər ticarət mərkəzləri qarşısındakı parklanmadan əldə olunan vəsaitlərə toxundu. Deputat orta məktəblərin qarşısında maşınların 5-10 dəqiqə dayanmasına belə icazə verilməməsindən də danışdı. Dedi ki, uşaqlarını məktəbə gətirən valideynlərin avtomobilləri evakuatorlar vasitəsilə cərimə meydançasına aparılır: "Ona görə də təklif edirəm ki, avtomobillərin heç olmasa 15 dəqiqə məktəblərin qarşısında saxlanmasına imkan yaradılsın ki, belə xoşagəlməz hallar yaranmasın”.
Deputat Elmira Axundova bu barədə danışarkən dedi ki, Bakı şəhərinin nəqliyyat sistemində avtomobillərin parklanma məsələsi ciddi problem olaraq qalır: "Qanunsuz parklanma yerlərinin mövcudluğu, hətta namünasib yerlərdə parkomatlar quraşdıraraq park yerlərinin açılması Bakı şəhərində nəqliyyatın hərəkətini iflic vəziyyətinə salır, tıxaclara səbəb olur.
Bir də görürsən ki, müvafiq icra hakimiyyəti orqanları bir-biri ilə məsləhətləşmədən, ərazidə nəqliyyatın sıxlığını və yolun enini nəzərə almadan park yeri müəyyən edir. Bu da sonradan şəhərdə sıxlığa səbəb olmaqla həm sakinlər üçün narahatlıq yaradır, həm də müvafiq orqanların öz arasında ziddiyyət yaradır". Deputat təklifini də səsləndirdi: "Sadəcə, mən bilmək istərdim ki, çətin maliyyə dövründə bu qədər vəsaitin xərclənməsinə ehtiyac varmı? Bəlkə biz o parkomatların gətirilməsini bir neçə il sonraya təxirə salaq, bununla bağlı maddəni hələlik dayandıraq”.
Deputat Siyavuş Novruzov da bu problemdən bəhs etdi: "Son dövrlərdə dövlətimiz çoxlu sayda yeraltı parklar tikib. Bakının tək mərkəzində avtomobili saxlamaq üçün yerlər var. Amma maşınlar niyə orada saxlanılmır?
Səbəb budur: elə bir qiymət qoyulur ki, orada sadəcə siçanlar oynayır”. YAP-çı deputat bu sahəyə diqqət ayırmağı zəruri saydı: "Əgər bir nəfər həmin əraziyə yaxın olan yerdə işləyirsə, hər gün gəlib maşınını orada saxlayır. Bununla da həftəyə 40 manat pul ödəməlidir. Beləliklə, ay ərzində 200 manata qədər vəsait edir. Bir vətəndaş aldığı avtomobilinə əmək haqqının 30-40 faizini ödəməlidir ki, maşınını saxlasın. Ona görə də, vətəndaş başqa yerlərdə ucuz dayanacaqlar axtarmalı olur. Bu isə hökumətin tikdiyi yeraltı dayanacaqların boş qalmasına gətirib çıxarır”.
S.Novruzov ardınca hökumətə müraciət edib: "Tarif Şurası hər şeyə baxır, arada üzünü bu tərəfə də çevirsin. Dayanacaqlarda kim hansı qiyməti istəyirsə, onu tətbiq edir. Kim istəyirsə, qoltuğuna bir parkomat vurur, gətirib istədiyi yerə qoyur. Bu, dövlətə fayda vermir. Digər tərəfdən də dövlətin tikdiyi yerlər boş qalır. Onun saxlanması xərcləri var. Hansı ticarət mərkəzi yaxşı işləyirsə, parklanmanın saatını 2 manat edir. Başqa birində isə zəifdirsə, 1 manat təyin edirlər. Kart vasitəsi ilə qeydiyyatdan keçəndən sonra ödənilən bütün vəsaitdən dövlətə vergi verilməldir. Hərə qoltuğuna bir parkomat vurur, gətirir, hara gəldi qoyur. Dövlətə də bir xeyri yoxdur, üstəgəl tıxac yaradır”.
Spiker Oqtay Əsədov S.Novruzovun fikirlərini təqdir etdi.
"Hərbi vəziyyət haqqında” qanun layihəsi barədə isə Milli Məclis sədrinin birinci müavini Zifayət Əsgərov məlumat verdi. Birinci vitse-spiker bildirdi ki, hazırda qüvvədə olan, 1994-cü ildə qəbul edilən qanun tamamilə yenidən işlənib. Sədr müavini qanunun mahiyyətindən bəhs etdi: "Azərbaycanın bütün ərazisində hərbi vəziyyətin elan və ləğv edilməsi, təmin edilməsi, cəbhəboyu zonada, hərbi hissələrin yerləşdiyi ərazilərdə hərbi rejimin xüsusiyyətləri nəzərdə tutulub. Birinci fəsildə 20 müddəa var. Burada əsas anlayışlar, hərbi vəziyyətin elan olunması, onun uzadılması və ləğv edilməsi, məqsədləri barədə yazılıb. Həmçinin hərbi vəziyyətin elan oluması haqqında prezidentin fərmanının təsdiq edilməsi, səfərbərlik elan olunması məsələləri öz əksini tapıb. Layihənin 3-cü maddəsində isə hərbi vəziyyətin elan olunmasının səbəbləri açıqlanıb”. Z.Əsgərov layihənin birinci fəslindəki 6-cı maddənin vacibliyinə diqqət çəkdi: "Hərbi vəziyyətin elan olunması haqqında fərman iki halda Milli Məclisdə təsdiq oluna bilər. Fərmanın dərhal Milli Məclisin təsdiqinə göndərilməsi və 24 saat ərzində qərar qəbul edilməsi göstərilib. Hərbi vəziyyətin elan edilməsindən sonra onun 24 saat müddətində Milli Məclisə təqdim edilməsi və sessiyasının olub-olmamasından asılı olmayaraq, 48 saat müddətində buna baxılıb qərar qəbul edilməsi göstərilib”. 5 fəsil, 27 maddədən ibarət qanun layihəsi Konstitusiyanın 94-cü maddəsinin birinci hissəsinin 8-ci bəndinə uyğun olaraq Azərbaycanın bütün ərazisində və ya ayrı-ayrı yerlərində hərbi vəziyyətin elan və ləğv edilməsi, hərbi vəziyyətin qüvvədə olma müddətinin uzadılması, hərbi vəziyyət rejiminin təmin edilməsi qaydasını, cəbhəboyu zonada hərbi hissələrin yerləşdiyi ərazilərdə rejimin xüsusiyyətlərini, hərbi vəziyyət şəraitində fiziki və hüquqi şəxslərin hüquqlarının təminatını müəyyən edir.
Deputat Qüdrət Həsənquliyev Türkiyədə baş verən iyul hadisələrini xatırladaraq təklif etdi ki, hərbi vəziyyətlə bağlı fərmanın Milli Məclisdə baxılması müddəti qısaldılmalıdır. Deputat qərarın verilməsinin ardınca üst-üstə 72 saatlıq müddət qoyulmasını doğru saymadı. Azərbaycanın kiçik bir ölkə olduğunu deyərək qeyd etdi ki, müzakirələr üçün deputatları bir neçə saat ərzində toplamaq mümkün olduğu halda, parlamentə iki gün vaxt verməyə ehtiyac yoxdur.
Sənəd I oxunuşda qəbul edildi.
Elşad PAŞASOY