Ölkə
Bakıda erməni müğənniyə etiraz edən 10 nəfər həbs olundu - siyahı
11-12-2016, 01:34
Qarabağ Azadlıq Təşkilatının üzvləri erməni əsilli müğənni Filipp Kirkorovun Bakıya gəlməsinə etirazlarını bildiriblər. Musavat.com xəbər verir ki, QAT üzvləri müğənninin dekabrın 10-da keçirilən konsertində etiraz şüarları səsləndiriblər.
Konsert keçirilən zala daxil olan QAT üzvləri Azərbaycan və rus dillərində "Erməni Filipp, rədd ol!",- şüarları səsləndiriblər. Polislə qarşıdurma yaranıb və ondan artıq QAT üzvü həbs edilib.
QAT sədri Akif Nağı musavat.com-a bildirib ki, saxlanılanlar Səbael rayon Polis İdarəsinin 8-ci polis bölməsinə aparılıblar: "Hazırda oraya gedirəm".
Bir qədər sonra konsert zamanı saxlanılan QAT üzvlərinin adları da açıqlanıb. A.Nağı bildirib ki, onlar Nəsib Cəfərov, Cəfər Həşimov, Solmaz Alıyeva, Kəmalə Əliyeva, Elşad Əliyev, Mahir Rzayev, Bəhruz Hümbətov, Ömər Ömərov, Paşa Dadaşov və Murad Məhərrəmlidir: "Hazırda polis bölməsinin qarşısındayıq, onlara yemək, su gətirmişik, götürmürlər. Bildirirlər ki, araşdırma aparılır, gözləyin".
A.Nağı bildirib ki, erməni əsilli adamların Azərbaycana gəlməsi yolverilməzdir və xalqımıza təhqirdir: "Torpaqlarımı işğal edən ermənilər müharibə bitmədən, işğal etdikləri torpaqları geri qaytarmadan Azərbaycana gəlməməlidirlər. Bu kimi tədbirlər erməni mərkəzlərinin apardığı siyasətdir. İstəyirlər ki, münasibətlər nornallaşsın, torpaqlarımızın işğalı yaddan çıxsın. Məqsəd budur, biz də buna qarşıyıq".